Azərbaycançılıq ideyasının təbliği
10:29 03-03-2015
İQTİSADİYYAT
Azərbaycançılıq ideyasının təbliği
1919-cu ildə, Birinci Dünya müharibəsi qurtardıqdan sonra "demokratiyanı daha heç nə hədələmir" deyən ABŞ prezidenti Vudro Vilson yəqin ki, kifayət qədər tələskənliyə yol vermişdi. Çünki başlanan müharibələrin ilk görüntüsü dövlətlərin daha çox ərazi əldə etməsi ilə bağlıydısa, içqatda əsas məsələ zəkanın və ruhun təkamülü prosesinin natamamlığı idi.
Bu natamamlıq sübut edəcəkdi və edir ki, dünyada inteqrasiyaya necə maraq varsa, bir o qədər də sivilizasiyaların toqquşmasından qaçmaq mümkünsüz olur. Buna görə aydın olur ki, qlobal müstəvidə qütblərin, sivilizasiyaların toqquşması gündəmdədirsə, yeni formalaşan, müstəqillik əldə edən dövlətlərin daxilində də milli prinsiplərin, ideoloji baxışların toqquşması aktiv olur və bəzi zamanlarda bu toplumun, topluma məxsus dövlətlərin parçalanması ilə tamamlanır. Azərbaycan məhz 1992-93-cü illərdə bu mürəkkəbliyi yaşamağa məhkum olmuşdu. Yeni müstəqillik əldə edən Azərbaycanda
- Milli separatizmə yönəlik prinsiplər
- Millətçilik
- Türkiyəçilik, Rusiyaçılıq
- Qərbçilik
- Anarxizm
kimi prinsiplər köklü şəkildə yayılmaqda və Azərbaycan dövlətçiliyi əslində, təfəkkür etibarı ilə xanlıqlar ənənəsi ilə əvəzlənməyə başlanmışdı. Demək olar ki, həmin dövrdə dövləti idarə etməli olanlar Volterin aristokratiya anlayışını süni şəkildə icra etməklə hansısa ideal cəmiyyət haqqında danışır, kütlə isə təpədən dırnağa Fridrix Nitşenin anarxizminə yuvarlanmışdı. Düşüncələrdə baş verən bu kataklizm, mövcudluqda Dağlıq Qarabağın işğalı, ölkədaxili gərginliyin artması və Azərbaycanın bir dövlət kimi iflası prosesi ilə müşayiət olunurdu.
Məhz, bu ərəfədə hakimiyyətə gələn ümumilli lider Heydər Əliyev çox sərrast və konkret tədbirlər həyata keçirməyə başladı. Heydər Əliyev ilk andaca praktik addımlar atmaqla yanaşı, düşüncələrdə baş verən sonu məlum olmayan çaxnaşmaları, təfəkkür uyğunsuzluğunu aradan qaldırmaq və insanların bir prinsip və ideologiya ətrafında cəmləşməsi reallığını ortaya qoydu. Dahi filosof Spenserin "zəkanın və ruhun təkamülü"- prinsipini xatırladan bir davranışla Heydər Əliyev Azərbaycan dövlətinin və bu dövlətdə yaşayan onlarla toplumların, milli azlıqların, millətlərin baxışlarını ümumiləşdirən və faydalı iş əmsalı olan bir ideologiyanı cəmiyyətə təqdim etdi. Söhbət bu gün daha da formalaşan və qloballaşma sistemində öz yerini tutan azərbaycançılıq ideologiyasından gedir. 1993-cü ildən formalaşmağa və tətbiq edilməyə başlayan azərbaycançılıq ideologiyası 1998-ci ildə demək olar ki, Azərbaycan xalqının tamlıqla qəbul etdiyi, 2003-cü ildən isə dünya xalqlarının inteqrasiyasına müsbət təsir göstərən bir ideologiyaya çevrildi.
Nəhayət, İlham Əliyevin prezident seçilməsindən sonra azərbaycançılıq ideologiyasının dünyaca təbliğinin praktik nümunəsini görə bildik. Gəlin, bu gün azərbaycançılıq ideologiyasının hazırda ümumilikdə təbliği və hərəkət trayektoriyasına diqqət ayıraq. Bu gün Azərbaycan hakimiyyətinin həyata keçirtdiyi sosial-siyasi-iqtisadi layihələrə diqqət ayıranda, xarici siyasət kursunu təhlil edəndə azərbaycançılıq ideologiyasının hazırda yeni bir mərhələdə təbliği və tətbiqinin şahidi oluruq. Heydər Əliyevin uzun illər formalaşdırdığı azərbaycançılıq ideologiyası ilkin mərhələdə yaranmış daxili münaqişələrin həllinə yönəli idisə, daha çox milli barışıq əldə etməyə istiqamətlənmişdisə, hazırda azərbaycançılıq daha çox bəşəri məqamlarla zənginləşib. Yəni, 1993-2000-ci illərdə azərbaycançılıq ideologiyasının təbliği zəkanın və ruhun təkamülü prosesinə çağırış üzərində idisə, bu gün daha konkret məqamları görürük və ən maraqlısı budur ki, hazırda Avropa, ABŞ kimi güclər filosof Robert Dahlın baxışlarından qaynaqlansalar da, yenə də inteqrasiya prosesində nə qədər psixoloji tarazlığı itirirlərsə, azərbaycançılıq ideologiyası bir o qədər bu tarazlığı tənzimləyir və bu ideologiyanın təbliğində artıq aşağıdakı məqamlar üstünlük təşkil edir:
1. Şəxsi toxunulmazlıq hüququnun qorunması
2. Öz müqəddəratını təyin etmə
3. Mənəvi və əxlaqi muxtariyyət
4. Şəxsiyyətin inkişaf etmə imkanlarını təmin etmə, beyin bankının formalaşması
5. Şəxsiyyətin təməl mənafelərinin qorunması
6. Siyasi bərabərlik
7. Tolerantlığın milli və dini zəmində qorunması.
Bu isə o deməkdir ki, azərbaycançılıq ideologiyası tək Azərbaycanda azərbaycanlıların yaşam əxlaqını formalaşdıran bir ideologiya yox, həm də dünya sivilizasiyasına, toplumların, dinlərin, dövlətlərin bərabərhüquqlu yaşamına müsbət təsir göstərən bir faktora çevilib. Məhz, buna görə azərbaycançılıq ideologiyasının təbliği əslində, ümumbəşəri dəyərlərin təbliği anlamına gəlib. Gəlin, hazırda tək dövlət səviyyəsində yox, vətəndaş cəmiyyətləri səviyyəsində azərbaycançılıq ideologiyasının təbliğinə və real nəticələrə diqqət ayıraq. Amma bunun üçün prinsipial bir məqama xüsusi yanaşma lazımdır. Söhbət Azərbaycançılıq ideologiyasının həm də dövlət ideologiyası olaraq hansı sistemə daha çox üstünlük verməsindən gedir. Aparılan araşdırmalar, bu günə qədər həyata keçirilən siyasi kurs və nəhayətdə son on il ərzində İlham Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanaraq həyata keçirdiyi islahatlar sübut edir ki, azərbaycançılıq ümumilikdə dövlət rejiminin mahiyyətinə də köklü təsir göstərib.Tanınmış sosioloq Herbert Spenser cəmiyyətlərin sosial keyfiyyətlərini analiz edərək sübut etmişdi ki, toplumun aid olduğu ideologiya, prinsiplər topluma məxsus dövlətin rejimini formalaşdırır və təssüflər ki, əksər dövlət rejimləri hərbi, bir hissəsi isə sənaye rejimləridir. Bu baxımdan, müasir azərbaycançılıq ideologiyasını təhlil edəndə görürük ki, Azərbaycanda əslində, ictimai yüklü bir rejim mövcuddur və bu mövcud ideologiyanın humanizmə, tolerantlığa daha çox söykənəkli olmasıdır. Elementar bir fakta diqqət yetirək. 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanda keçirildi. Bakı isə İslamın paytaxtı elan edildi. Statistik göstərici kimi oxduğunuz bir informasiya əslində, illər ərzində görülən, planlaşdırılan işlərdir. Və bu işlər sübut edir ki, azərbaycançılıq ideologiyasının təbliğatında tolerantlıq, bəşərilik olduğu kimi, azərbaycançılıq ideologiyasının etdiyi təbliğ də dünyəviləşmə, sosiallaşmadır.
İndi isə bu gün dünyada azərbaycançılıq ideologiyasını olduğu kimi təbliğ etməyi bacaran və bunu əməli fəalliyyətlə daha geniş miqyasda tərənnüm edən Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət ayıraq. Mehriban Əliyevanın azərbaycançılıq ideologiyasının təbliğinə alman filosofu Artur Şopenhauerin "Dünya-mənim ideyamdır" fikri ilə qiymət vermək olar. Çünki Heydər Əliyev Fondunun fəaliyyətində əsasən aşağıdakı prinsipləri sistemli şəkildə görürük.Bu prinsiplər elə dünyaya ideal baxış və ya dünyanın ona məxsus bir ideya olması təsəvvürünü yaradır. Bunlar nədir?
- Azərbaycan mədəniyyətini, milli dəyərlərini dünyaya tanıtma
- Dünya inciləri ilə Azərbaycan arasında bir ruhi ünsiyyət formalaşdırma
- Mövcud dinlərə eyni həddə yanaşma və insanlığa xidmət.
Nəticədə, Azərbaycan musiqisi, mədəniyyəti dünyaya tanıdılır, bir il ərzində ondan çox Azərbaycan rəssamlarının Avropada sərgiləri keçirilir, muğam festivalları təşkil edilir və Azərbaycan irsi, genetik kodları sanki qorunur və inkişaf etdirilir. Bununla paralel olaraq, Vatikanda çox zəngin olan ən qədimi xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının,xristian dünyasının əfsanəsi Orfeyi əks etdirən şəkili Mehriban Əliyeva tərəfindən bərpa edilir.Vatikanda "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərgi olur, Vatikanın Məxfi Arxivində saxlanılan Azərbaycana aid sənədlərin surəti ölkəmizə təqdim olunur. Ortaya çıxan bu rəngarənglik isə sadəcə olaraq, azərbaycançılıq ideologiyasının mahiyyətini ortaya qoyur. Yəni, kənar mədəniyyətləri qəbul etməklə yanaşı, öz mədəniyyətini qorumaq və təqdim etməkdir. Yəhudi filosof Spinoza ideal xarakterlə bağlı konsepsiyaları üç sistemə bölərək ən mükəmməli haqqında belə deyirdi: "bütün insanlar bərabər dəyərli hesab edilir, şərə qarşı yalnız yaxşılıq vasitəsilə müqavimət göstərilir, fəziləti məhəbbətlə eyniləşdirilir və siyasətdə demokratiyaya hədsiz meyil olur".
Bu gün Heydər Əliyev Fondunun əməli fəaliyyətlə təbliğ etdiyi azərbaycançılıq ideologiyası məhz, Spinozanın dediyi prinsiplərlə pərçimlənib. Tək elə bunu demək kifayətdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyası da tamam fərqli və yenə də insansevərlik elementlərini özündə qoruyan aksiyalardan oldu. Dünyanın müxtəlif yerlərində "Xocalıya ədalət" kampaniyası çərçivəsində tamaşalar, klassik musiqi gecələri, bədii nümunələr sayılacaq əsərlər nümayiş etdirildi. Bununla bir tərəfdən Xocalı soyqırımında şəhid edilmiş insanlarımız dünyaya tanıdıldı, digər tərəfdən isə insanlara göstərildi ki, Xocalı soyqırımında məhz, bu cür mədəniyyətə, mənəviyyata malik xalqın övladları şəhid edilib. Beləliklə, bu gün azərbaycançılıq ideologiyasının artıq xalqçılıq çərçivəsindən çıxaraq ümumbəşəri bir nəzəriyyəyə çevrildiyinin şahidi oluruq və son zamanlar bu dəyərlər dünyaya lazımi şəkildə təbliğ edilə bilinir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan diplomatiyası bu gün müdafiə diplomatiyasından hücum diplomatiyasına keçid edib. Buna müvafiq olaraq ümumilli lider Heydər Əliyev tərəfindən formalaşan müasir azərbaycançılıq ideologiyası da Azərbaycanın tanıtımından, haqq səsini eşitdirməkdən tutmuş, bəşəri hissləri belə aşılayan gücə çevrilib. Əməli fəaliyyətlə təbliğ olunan azərbaycançılıq ideologiyasının özü indi, dünyaya insansevərliyi təbliğ etmək iqtidarındadır.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05