Dünyanı şoka salan siyasi qətllə bağlı ilginc gəlişmələr
10:30 03-03-2015
İQTİSADİYYAT
Dünyanı şoka salan siyasi qətllə bağlı ilginc gəlişmələr
Nemtsovu öldürənlərin qeyri-peşəkar olduqları iddia edildi!
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovun qətli ilə bağlı yeni versiya ortaya çıxıb. Nüfuzlu "Kommersant" nəşri xəbər verib ki, istintaq siyasətçini qeyri-peşəkarlar tərəfindən öldürülməsi versiyası üzərində də işləyir.
Rusiya nəşrinə bu barədə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə bildirib. Ekspertlər müəyyən ediblər ki, Nemtsov arxadan güllələnib və altı güllədən dördü hədəfə dəyib. Onlardan biri isə ürək hissəsinə dəyib və bu, ölümcül olub.
"Kommersant" nəşrinin məlumatına görə, cinayət yerində tapılan gilizlər istintaqda müəyyən suallar doğurub. Cinayətkar 9 millimetr kalibrli patronlardan istifadə edib. Patronlar müxtəlif vaxtlarda müxtəlif zavodlar tərəfindən buraxılıb. Dörd patron 1986-cı ildə Çelyabinsk vilayətindəki Yuryuzanskim mexaniki zavodunda, digər ikisi isə 1992-ci ildə Tula patron zavodunda istehsal olunub. Ekspertlərin fikrincə, bu, onu göstərir ki, cinayətkar döyüş sursatlarının əldə edilməsi ilə bağlı problemlərlə qarşılaşıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, cinayətin qeyri-peşəkarlar tərəfindən törədildiyini ehtimal etməyə əsas verir.
Qeyd edək ki, Boris Nemtsov 27 fevralda axşam saatlarında Kremlin yaxınlığında, Böyük Moskva çayı üzərindəki körpüdən keçərkən öldürülüb.
Rusiya İstintaq Komitəsi Nemtsovun "Charlie Hebdo" jurnalının redaksiyasına edilən hücumla bağlı mövqeyi, islam-ekstremizmin izləri, Ukraynadakı vəziyyət, o cümlədən Boris Nemtsovun kommersiya fəaliyyəti və ya şəxsi düşmənçilik versiyalarını nəzərdən keçirir.
Qeyd edək ki, dünya bu qətli heyrətlə qarşılayıb. Rusiya lideri Vladimir Putinin tənqidçiləri Nemtsovun öldürülməsini "siyasi edam" adlandırıb və buna görə Kreml rəhbərinin ünvanına ağır ittihamlar səsləndiriblər. Putin özü isə qətli "alçaq və ikiüzlü cinayət" kimi xarakterizə edib, sifarişçilərin və qatillərin tapılaraq cəzalandırılacağına söz verib.
Nemtsovun öldürüldüyü ərazidəki bəzi kameralar hadisədən əvvəl söndürülübmüş
Boris Nemtsovun qətlə yetirildiyi ərazidə olan bəzi videomüşahidə kameralarının hadisədən əvvəl söndürüldüyü ortaya çıxıb.
Rusiya KİV-lərinin verdiyi məlumata görə, qətlin törədildiyi Moskvoretsk körpüsünə baxan bir sıra kameralar təmir səbəb göstərilərək söndürülüb.
Hadisədən sonra yalnız bir kameranın görüntüləri yayılıb. Lakin həmin görüntülərdə konkret atəş anı yoxdur və həmin an oradan keçən bir avtomobil olay yerinin görünməsinin qarşısını alır.
Nemtsovun qatili Şimali Osetiya nömrəli
avtomobillə qaçıb
Bu arada o da məlum olub ki, Boris Nemtsovu qətlə yetirən killer "VAZ 21102" markalı avtomobillə hadisə yerindən qaçıb. Bu barədə Kremlə yaxın "LifeNews" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Hazırda Moskvanın bütün polis bölmələri və postları bu avtomobilin axtarışına cəlb olunub. Avtomobilin Şimali Osetiya nömrəsi daşıdığı, lakin 2011-ci ildə qeydiyyatdan çıxarıldığı bildirilir. Avtomobilin keçmiş sahibi müəyyənləşdirilib. O, Vladiqafqazda yaşayır.
Poroşenko Nemtsovun qətlini "açdı"
Müxalifətçi Boris Nemtsov rus hərbçilərinin Donbasda olmasını sübut edən sənədləri yayımlamağı planlaşdırırdı. Bunu isə Ukrayna Prezidenti Pyotr Poroşenko "112 Ukraina" telekanalına verdiyi müsahibəsində deyib. Prezident bildirib ki, Nemtsovla ölümündən bir neçə gün əvvəl danışıb.
"Kimsə çox qorxurdu. Boris qorxmurdu, amma cəlladlar qorxurdu. Onlar onu öldürdü", - Poroşenko bildirib.
Poroşenko Nemtsovu Ukraynanın böyük dostu və Rusiyanın əsl vətənpərvəri adlandırıb. "Martın 1-də o çoxminlik mitinqə çıxıb Ukraynanın sevən, insan haqlarına hörmət edən başqa Rusiyanın olduğunu nümayiş etdirəcəkdi. Azadlıq və demokratiyaya görə o həyatını qurban verməyə hazır idi", - prezident deyib.
ABŞ Rusiyaya səsləndi: qatili tapın!
Rusiya müxalifət lideri Boris Nemtsovun qətli hərtərəfli və şəffaf şəkildə araşdırılmalıdır. Bu barədə ABŞ dövlət katibi Con Kerri açıqlama verib.
Kerri bildirib ki, ABŞ Kəşfiyyatı müxalifətçinin ölümünü sifariş edənlər haqqında heç bir məlumata malik deyil. "Amma biz ümid edirik ki, cinayət işi şəffaf şəkildə həyata keçiriləcək. Təkcə Nemtsovu güllələyən deyil, qətlin sifarişçisi də tapılaraq cəzalandırılacaq", - deyə Kerri bildirib.
Bundan əvvəl Kerri Rusiya hökumətini Nemtsovun qatilini tezliklə tapmağa çağırıb.
Nemtsov kim idi?
Qeyd edək kip, Boris Nemtsov 1959-cu ildə oktyabrın 9-u Soçi şəhərində anadan olub. Nemtsovun anası pediatr, atası isə tikinti komitəsinin müavini vəzifəsini daşıyıb. Borisin məktəb illəri Qorki şəhərində keçib. Məktəbi bitirdikdən sonra o, Qorki şəhərində Universitetə, radiofizika fakültəsinə daxil olub və 1981-ci ildə buranı bitirib. Daha sonra dissertasiya müdafiə etsə də, həmin vaxt elmlə deyil, siyasətlə maraqlanmağa başlayır.
1988-ci ildə Borisin anası Qorki şəhərində atom energetika stansiyasının işə salınmasına qarşı hərəkata rəhbərlik edir. Nemtsova həkim kimi radiasiya təhlükəsini bildirdi. Boris özü də bu hərəkata aktiv şəkildə qoşulub. Sonralar Boris KİV-ə verdiyi müsahibələrində onu siyasətə məhz anasının gətirdiyini bildirib.
Sonralar gənc alim o qədər şöhrət qazanır ki, 1989-cu ildə onun namizədliyi SSRİ deputatlığına irəli sürülür. 1990-cı ildə o, Rusiya Federasiyasının Qorki dairəsi üzrə deputatı olur. Bir il sonra isə o, Boris Yeltsinin Qorki dairəsi üzrə səlahiyyətli nümayəndəsi kimi prezident seçkilərində iştirak edir.
1991-ci ilin avqustunda baş verən qiyam Nemtsovun siyasi karyerasında əhəmiyyətli rol oynayıb. O, həmin vaxt Ağ Evin qarşısında olub və müdafiədə iştirak edib.
1991-ci ildə Yeltsinlə tanışlığı sayəsində Boris onun Nijeqorodsk vilayətində etibarlı nümayəndəsinə çevirilir. Bir müddət sonra isə Borisin tutduğu vəzifənin adı dəyişdirilir və o, qubernator olur. İki ol sonra isə deputat seçilir.
Siyasətçi 1995-ci ildə ikinci dəfə keçirilən qubernator seçkilərində qalib gəlib. Lakin onun karyerasında mənfi hadisələr də olub. Belə ki, canlı efirdə Vladimir Jirinovski ilə gərgin diskussiyalardan sonra bir-birinə üzərinə şirə, stəkan atıblar. Bu hadisədən sonra Nemtsovun reytinqi daha da artır. KİV siyasətçini ən sərbəst və müstəqil regional rəhbərlərdən biri adlandırır.
Nemtsov 1997-ci ildə qubernator vəzifəsini tərk edərək, federal hökumətdə birinci vitse-prezident olur. 1997-ci ilin aprel-noyabr aylarında eyni zamanda yanacaq və sənaye naziri vəzifəsini də icra edib. O, həmin vaxt ən gənc məmur olub.
1998-cilin yazında siyasətçi maliyyə-iqtisadi bloka keçirilib. Avqust defoltundan bir müddət sonra isə istefa verib. Sonralara KİV-ə müsahibəsində Nemtsov bildirirdi ki, hökumətə keçidi onun böyük səhvi idi. Çünki bundan sonra irəli getmək imkanını itirmişdi.
Hökumətdən getdikdən sonra Boris "Gənc Rusiya" hərəkatını yaradıb və rəhbərlik edib. Bu hərəkat daha sonra "Sağ Qüvvələr İttifaqı"na (SQİ) daxil olub. Nemtsov SQİ-dən Dövlət Dumasına deputat seçilib və parlamentinin aşağı palatasının sədrinin müavini vəzifəsini tutub.
2003-ci ildə Dumaya keçirilən seçkilərdə SQİ məğlub olur. Nemtsov bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürür və mövqeyini tərk edərək, bizneslə məşğul olmağa başlayır.
2004-cü ildə Nemtsov Ukraynada baş verən "Narıncı inqilab"ı açıq şəkildə dəstəkləyib. Bundan sonra o, Ukrayna prezidentinin qeyri-rəsmi müşaviri olub.
2008-ci ildə Rusiyada keçirilən prezident seçkilərində "SQİ" Boris Nemtosun namizədliyini irəli sürür, lakin həmin vaxt onun reytinqi bir faizdən də aşağı idi. Nemtsov hələ seçkiöncəsi kampaniya başlayana qədər namizədliyini geri götürür.
2008-ci ildə SQİ partiya kimi ləğv olunur və onun əvəzinə "Düzgün iş" (Pravoye delo) partiyası təşkil edilir. 2009-cu ildə Nemtsov Soçi şəhər meri vəzifəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürür. Ekspertlər onun bu addımını PR-aksiya adlandırırlar. Seçkilərdə Nemtsov ikinci yeri tutaraq, 14 faizdən aşağı səs toplayır.
2012-ci ildən etibarən Nemtsov "Rusiya Respublika partiyası - Xalq Azadlığı partiyası"nın həmsədri və hazırkı Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini tənqid edən bir sıra korrupsiya hesabatlarının müəllifi olub.
8 sentyabr 2013-cü ildə keçirilən regional seçkilərdə Yaroslav Vilayət Dumasının deputatı seçilib.
Nemtsov ailəli idi, həyat yoldaşı Raisa Axmetovna, bu nikahdan olan övladı isə qızı Jannadır.
Bundan əlavə, Nemtsovun Nijni Novqorodda tanış olduğu jurnalist Yeketerina Odinçevadan iki övladı var: Oğlu Anton (1995) və qızı Dina (2002). Daha sonra Odinçeva Moskvaya köçüb və televiziya aparıcısı işləyib.
Siyasətçinin katibəsi İrina Korolevadan da Sofiya (2004) adlı qızı var. Onun katibəsi daha əvvəl Rusiya Prezident Administrasiyasında işləyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13