Bakının şah damarı – Nərimanov
10:45 04-03-2015
İQTİSADİYYAT
Bakının şah damarı – Nərimanov
Azərbaycandakı sosial-iqtisadi, quruculuq siyasətinin fərqli nümunəsi
ABŞ-ın ən parlaq prezidentlərindən olan Franklin Ruzvelt hakimiyyətdə uğurlara imza atmasının sirlərini izah edərkən maraqlı bir fikir bildirirdi. Deyirdi ki, bir dövlətin uğuru seçdiyi layiqli prezidentdən, prezidentin uğuru isə layiqli, etibarlı və peşəkar kadrları işə cəlb etməyindədir.
İllər öncə deyilən bu hikmətli düstur bu gün də özünü doğrultmaqda və yeni nümunələr ortaya çıxmaqdadır. Bu baxımdan müstəqilliyinə çağdaş zamanda nail olan Azərbaycanda da dövlət quruculuğunda kadr islahatları bir çox məsələlərə nizam gətirdi. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdə maraqlı bir açıqlama verdi: "Kim siyasətlə məşğul olmaq istəyirsə, istefa verib siyasətlə məşğul olsun. Bizə isə peşəkar və etibarlı kadrlar lazımdır".Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdə dediyi bu sözləri real həyatda da tətbiq etdi.Bu gün inkişafda olan bir Azərbaycan və bu dövlətin daha da möhkəmlənməsinə dəstək olan, strateji məqamlarda səfərbər olunmağı bacaran komanda görürük. Bununla yanaşı, prezident İlham Əliyev demək olar ki, keçirdiyi əksər müşavirələrdə dövlət məmurlarına, əsasən rayon icra hakimiyyəti başçılarına əhali ilə rahat işləməyi, xalqın xidmətçisi olmağı bacarmağı izahlayır.
Bu gün xalqın xidmətçisi olmağı bacaranlardan biri də etibarlılığına və peşəkarlığına görə Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Onu da qeyd edək ki, Nərimanov rayonu hələ sovetlər dönəmində belə çox mürəkkəb, infrastrukturu dağınıq vəziyyətdə olan bir rayon idi və bu rayonda çox ciddi yenidənqurma işlərinə ehtiyac vardı. Məhz bu məqamları nəzərə alan prezident İlham Əliyev Abdin Fərzəliyevi belə mürəkkəb bir rayona başçı təyin etdi. Abdin Fərzəliyevin isə qarşısında iki mühüm məsələ dururdu. Rayonda sovetlərdən qalma infrastrukturu yox edib, yeni bir yaşam sistemi formalaşdırmalı, prezidentin səlahiyyətli nümayəndəsi kimi rayon sakinlərinin gündəlik qayğılarını aradan qaldırmalı idi. Prezidentin tapşırıqlarını yerinə yetirmək, rayonda görülən işlərin hesabatını cəmiyyətə çatdırmaq üçün rayon rəhbərliyi ilk növbədə şəffaflıq məsələsinə diqqət ayırdı. Bu isə özlüyündə rayon sakinlərinin daha aktiv olaraq quruculuq işlərinə cəlb edilməsini və əhalinin rəhbərliyə olan inamını artırmaq idi. Elə bu günlərdə rayonda "Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2014-cü ilin yekunları və qarşıda duran vəzifələr"ə həsr olunmuş iclasın keçirilməsi də şəffaflığın təmin olunması məqsədini güdürdü. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək cari ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurduğunu və 2015-ci ildə qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Çox maraqlıdır ki, verilən hesabatda aydın olur ki, Nərimanov rayonu bu gün Azərbaycanın o rayonlarındandır ki, ciddi istehsalatla da məşğul ola bilir. Görünür, bu səbəbdən Nərimanov rayonu həm də beynəlxalq əlaqələrdə də mühüm rol oynayır.Rayon icra hakimiyyəti başçısı Dağıstanda, əsasən də Dərbənddə ,həmçinin Rusiyanın Həştərxan vilayətində kifayət qədər ciddi əlaqələr qurub və bu da özlüyündə Nərimanov rayonunun inkişafına müsbət təsirini göstərir. Qeyd edək ki, Abdin Fərzəliyevin Dağıstanla, Həştərxanla qurduğu əlaqələr, dostluq münasibətlərinin nəticəsi olaraq qarşılıqlı investisiyaların cəlbi üçün mühit yaradıb. Bu əməkdaşlığın nəticəsi olaraq adı çəkilən regionda Heydər Əliyev adına park salınıb, ümummilli lider Heydər Əliyevin abidəsi qoyulub. Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Həştərxan və Dərbənd şəhərlərinə tez-tez səfərlər edir və müxtəlif xeyriyyə aksiyaları həyata keçirib ki, bu da münasibətlərin daha da dərinləşməsinə lazımi təsirini göstərib.
Onu da deyək ki, 2014-cü ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı nəticəsində 2 milyard 632,4 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 35 faiz artım əldə edilib. İstehlakçılara 2 milyard 626,8 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,8 faizi qədər sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,7 faiz təşkil edib.Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 4206 daimi iş yerləri yaradılıb.Bunu da qeyd edək ki, Nərimanov rayonu prezident İlham Əliyevin xüsusi diqqətindədir və demək olar ki, zaman-zaman prezident rayona gəlir və görülən işlərlə yerindəcə tanış olur. Bu baxımdan cənab İlham Əliyev 2014-cü il yanvarın 7-də respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak edib, 7 mart 2014-cü il tarixində Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişatı ilə tanış olub, 29 may 2014-cü il tarixdə Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimində iştirak edib, 24 iyul 2014-cü il tarixdə isə Ak.Həsən Əliyev küçəsi ilə Z.Bünyadov prospekti-Bakı Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində həyata keçirilən tikinti işlərinin, 25 noyabr 2014-cü il tarixdə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin, yol və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə tanış olub, 23 dekabr 2014-cü il tarixdə Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında, 29 dekabr 2014-cü il tarixdə isə Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkının və yeraltı avtomobil dayanacağının açılışlarında iştirak edib.
Elə bu rəqəmlər sübut edir ki, Nərimanov rayonu quruculuq işlərinə, yeni sənaye müəssisələrinin yaranmasına görə Bakının şah damarına çevrilib və bu işdə, prezidentin tapşırıqlarının həyata keçirilməsində hər bir rayon sakini, rayon rəhbərliyi ciddi şəkildə fəaliyyət göstərirlər.
Onu da nəzərə çatdıraq ki, Nərimanov rayonunda təkcə adablıq, təmir-tikinti işləri aparılmır, eləcə də əhalinin sosial-iqtisadi problemləri də həll olunur. Bu rayonda əhalinin sağlamlığı da prioritet elan olunub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə cari ilin fevral ayının 2-dən may ayının 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsinin təmin edilməsi davam etdirilir. Bu günlərdə rayon ərazisində yerləşən 1 nömrəli Dəmir Yolu Poliklinikasında əhalinin növbəti tibbi müayinə prosesi keçirilib. Rayonda fəaliyyət göstərən bütün səhiyyə müəssisələri kimi sözügedən poliklinikada həmçinin, sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub və lazımi şərait yaradılıb. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən operativ tədbirlər sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir. Müəyyən səbəblərdən xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir. Fevralın 2-dən etibarən rayon üzrə 29 min 531 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 23 min 164 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 6271 nəfərə ambulator, 96 nəfərə isə stasionar müalicə təyin olunub. Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirərək, onların hər zaman qeydinə qalan ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbərliyi üçün də əsas məqsəd həm ölkə başçısının qoyduğu tələbləri yerinə yetirmək, həm də sakinlərin təqdirini almaqdır. Əslində, ölkə başçısının da dediyi kimi, məmurlar vətəndaşlara layiqincə xidmət göstərəndə bütün tərəflər razı qalır. Ən böyük qiyməti isə xalq verir. Real vəziyyət onu göstərir ki, Nərimanov rayonunun sakinləri icra strurkturunun fəaliyyətini təqdir edir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05