Məmurların milyonlarla manatlıq gizli qazancı
10:46 04-03-2015
İQTİSADİYYAT
Məmurların milyonlarla manatlıq gizli qazancı
"Çay mafiyası" istehlak edilən çayın üçdə bir hissəsini maliyyə hesabatından gizlədirmiş!
Azərbaycanda istehlak edilən çayla bağlı ilginc məqamlar ortaya çıxıb. Belə məlum olur ki, kimlərsə ölkə əhalisinin bu vazkeçilməz içkisinin istehlakından külli miqdarda gizli qazanc əldə edir.
Məsələ burasındadır ki, idxal və ixrac həcmi barədə informasiyanın, həmçinin sənaye və kənd təsərrüfatı göstəricilərinin analizi göstərir ki, Azərbaycanda istehlak edilən çayın 3/4-ü maliyyə hesabatlarında əksini tapmır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 8244,4 ton çay və çay ekstraktı idxal edilib. Bu, əvvəlki ildəkindən 731,5 ton və ya 8,2% azdır. İdxal həcmi pul ifadəsində 2% azalaraq 20 mln. 64,9 min dollar olub. Çay BƏƏ-dən - 130,2 ton, Çindən - 127,4 ton, Hindistandan - 875 ton, İrandan - 602,3 ton, Şri-Lankadan - 6147,6 ton, türkiyədən - 76,8 ton, Keniyadan - 65 ton, Tailanddan - 43,5 ton, Vyetnamdan - 65,1 ton və s idxal edilir.
Dövlət Statistika Komitəsinin ilkin məlumatına görə isə 2014-cü ildə fermetləşdirilmiş çay istehsalı 8039,2 ton olub. Bu, 2013-cü ildəkindən 8% çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatları göstərir ki, idxal edilən çayın üçdə ikisi ixrac edilir. Ötən il ixrac həcmi 5 min 440,6 ton olub. İdxal həcmi 2 145,2 ton və ya 28% azalıb. İxracdan gəlir 31 mln. 245 min dollar təşkil edib. Bu, 2013-cü ildəkindən 13,1 mln azdır. "Azərbaycan çayı" İraq (3640 ton) və Gürcüstana (402,3 ton) ixrac edilir .
2014-cü ildə çay plantasiyalarından 474,2 ton məhsul yığılıb. Bu, 2013-cü ildəkindən 16,5% azdır. Sənaye emalından sonra bu, 200 ton quru çay deməkdir.
Beləliklə, illik hesablamada yerli istehlakçılara 3 min ton çay düşüb. Azərbaycan Çayçılar Assosiasiyasının hesablamasına görə, bir nəfərə düşən çay həcmi ildə 3,2 kq-dır. ERA Marketinq Mərkəzinin araşdırmalarına görə, əhalinin 97,7%-nin menyüsündə çay əvəzedilməzdir. Əhalinin üçdə biri gündə 2-3 stəkan, 28%-i gündə 5 stəkan çay içir.
Ərzaq balansına əsasən, bir ildə Azərbaycanda 11 min ton çay içilir. Dövlət Gömrük Komitəsi onu da bildirib ki, 5,5 min ton çay ölkəyə gömrük rəsmiləşdirməsindən kənar gətirilir. Pərakəndə satışda bir kq çay orta hesabla 4,64 manatdır. Bu, 2013-cü ilin dekabrındakından 5% bahadır.
Dövlət Gömrük Komitəsinin məlumatından belə məlum olur ki, Azərbaycana gömrük rəsmiləşdirməsindən kənar külli miqdarda çay gətirilir ki, bu da kimlərinsə yetərincə iri məbləğlərlə ifadə olunan qanunsuz gəlir əldə etməsi deməkdir. Bir sözlə, biz ölkədə "dərman mafiyası", "siqaret mafiyası" və buna bənzər qanunsuz biznes fəaliyyətləri ilə yanaşı "çay mafiyası"nın mövcudluğundan da danışa bilərik.
Ekspertlər belə hesab edir ki, Azərbaycana gömrük rəsmiləşdirməsindən kənar çay gətirənlər buna hansısa məmurların himayəsindən kənarda çətin nail ola bilsinlər. Ona görə də maliyyə hesabatından gizlədilən çayın daha çox müəyyən məmurların maraqlarına uyğun olduğunu söyləmək mümkündür.
Artıq bu ilginc məqamların ortaya çıxması isə o deməkdir ki, biz gələcəkdə ölkədə istehlak edilən çayın dörddə üç kimi kifayət qədər ciddi bir hissəsinin maliyyə hesabatından gizlədilməsi hallarının aradan qaldırılması istiqamətində təsirli tədbirlərin görülməsinin şahidi ola bilərik. Düzdür, bu müəyyən məmurların, onlarla əlbir olan işbazların ziyanına işləyəcək, amma eyni zamanda qazanan da dövlət büdcəsi olacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05