Oqtay Şirəliyevdən özəl klinikalara yeni yoxlama dalğası
09:49 05-03-2015
İQTİSADİYYAT
Oqtay Şirəliyevdən özəl klinikalara yeni yoxlama dalğası
Səhiyyə Nazirliyi hansı 4 tanınmış tibb klinikasını "vurdu"?
Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində yoxlamaların yeni dalğasına start verib. Belə ki, nazirliyin bir sıra tanınmış klinikalarda keçirdiyi yoxlamalar zamanı bəzi ciddi qanun pozuntuları aşkar edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, pozuntulara yol verdiklərinə görə "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "İdeal Tibb Şirkəti" MMC və "Diaqnoz Tibb Şirkəti" MMC şirkətləri barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafıq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.
Qeyd edək ki, Azərbaycanda özəl klinikaların fəaliyyəti ciddi nöqsanlarla müşaiyət olunur. Bu klinikalarda istər müalicə və müayinə, istərsə də qiymət baxımından vətəndaşları narazı salan, narahat edən çoxsaylı məqamlar var.
Bundan başqa, Səhiyyə Nazirliyi də ictimai rəydə, KİV-də bu qeyri-dövlət tibb müəssisələrindəki özbaşınalıqlara göz yumduğuna görə tez-tez tənqid hədəfinə çevrilir. Odur ki, indi nazirliyin özəl klinikalarda yoxlamalara start verməsi təqdirəlayiqdir.
Eyni zamanda həmin yoxlamaların formal xarakter daşımaması, obyektiv və şəffaf həyata keçirilməsi arzuolunandır. Əks halda belə yoxlamaların ölkə səhiyyəsinin acınacaqlı mənzərəsini dəyişmək baxımından hansısa müsbət nəticələr doğuracağına inanmaq çətindir.
Onu da deyək ki, hələ ötən ilin sonlarında "Unikal" olaraq yazmışdıq ki, Azərbaycanda fəaliyyət göstərən özəl klinikaları çətin günlər gözləyir. Buna səbəb Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin yeni həmləsidir.
Yeni əldə etdiyimiz məlumatlara görə, adıçəkilən nazirliyin özəl tibb müəssisələrinə qarşı yoxlama dalğası qarşıdakı dövrdə də davam edəcək. Yoxlamalar zamanı kliniklarda qanunsuzluqlar akşar edilərsə, nazirlik tərəfindən müxtəlif tədbirlərin görüləcəyi bildirilir. Bura administrativ və lisenziyanın saxlanması tədbirləri daxildir.
Yuxarıda adıçəkilən dörd tanınmış klinikanın ardından hansı özəl tibb müəssisələrinin Səhiyyə Nazirliyinin yoxlama hədəfinə çevrildiyini isə yəqin ki, zaman göstərəcək. Odur ki, tələsməyək və gözləyək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05