Bəzi oliqarxların milyonlarla manatlıq borcunun ilginc sirri
09:50 05-03-2015
İQTİSADİYYAT
Bəzi oliqarxların milyonlarla manatlıq borcunun ilginc sirri
Niyə adi vətəndaşların kommunal borcları yarandığı halda müvafiq qurumlar dərhal hərəkətə keçir, büdcə təşkilatlarının isə borcu yaranır?
Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar hökumətin vergi mənbələrini "sıxmaq" məcburiyyəti qarşısında qalması fonunda büdcə təşkilatlarının enerji resurslarından istifadəyə görə yenə borclu qalmaları diqqəti cəlb edir. İqtisadçı Pərviz Heydərovun fikrincə, Dövlət Neft Şirkəti (ARDNŞ) istisna olmaqla, digər büdcə öhdəlikçiləri üzrə nə dəqiq məlumat, nə də əvvəlki illərdəkindən fərqli olaraq irəliləyiş yoxdur.
Bəlli olan budur ki, büdcə təşkilatları kommunal xidmətlər üzrə borclarını yerinə yetirmirlər. 2014-cü ilin nəticəsinə görə, büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlar 1867,9 milyon kilovat saat elektroenerji, 239,6 min q.kal istilik enerjisi, 131,5 milyon kubmetr qaz, 27,0 milyon kubmetr su və 125 milyon manatlıq rabitə xərclərindən istifadə ediblər ki, bütün bu rəqəmlər əvvəlki ildəkindən - 2013-cü ildəkindən çoxdur.
Dəyər nöqteyi-nəzərdən də 2013-cü ildəki ilə müqayisədə 18,7 faiz artıq qaz, 4,2 faiz elektrik, 19,1 faiz istilik enerjisi, 3,1 su, 25 faiz isə çox rabitə xidmətindən istifadə olunmuşdur ki, bunun müqabilində büdcə təşkilatları öhdəliklərini 98,5 faiz yerinə yetiriblər. İstifadə edilən resurslara görə ümumi borc 2,6 milyon manat təşkil edib.
Sual yaranır: necə olur ki, növbəti ilin dövlət büdcəsi hələ təsdiq olunmamış əgər, enerji tarifləri artırılasıdırsa büdcə təşkilatlarının xərclərində bu qabaqcadan nəzərə alınır, amma istehlak olunan resurslara görə ödəniş yerinə yetirilməmiş qalır? Niyə?
Xatırladaq ki, büdcə təşkilatları özlərinin istifadə etdikləri adi enerji və kommunal xidmətlərə görə büdcəyə 2014-cü ilin birinci yarısında 8 milyon manat borclu qalıblar. Belə ki, 2014-cü ilin ilk rübü ərzində də dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 347,8 milyon kVt/saat elektrik enerjisi, 63,5 min q.kal istilik enerjisi, 46,4 milyon kubmetr təbii qaz, 5,1 milyon kubmetr su, 1,9 milyon manatlıq rabitə xidmətləri istehlak edildiyi məlum olsa da, elektrik enerjisinin 5,4 milyon manatı, təbii qazın 1,4 milyon manatı, istilik enerjisinin isə 522,0 min manatı, suyun 390,7 min, rabitə xidmətlərinin isə 149,1 min manatı ödənilməmiş qalırdı.
Sual yaranırdı ki, vətəndaşların bir qismi sosial vəziyyətlərini bəhanə gətirdikləri halda, büdcədən maliyyələşən qurumlar görəsən, niyə və yaxud hansı səbəbdən kommunal xərcləri ödəmirlər? Bunun müqabilində həmin xidmətə cavabdeh qurumların - büdcəyə iri tədiyyəçilərinin öhdəliklərinin icrasını gözləməyə dəyərmi? Necə olur ki, adi vətəndaşlar üzrə borclar yarandığı halda dərhal bəyan edilir və müvafiq qurumlar hərəkətə keçir, büdcə təşkilatlarının isə borcu yaranır?
Məsələ burasındadır ki, büdcəyə borclu qalanlar arasında kifayət qədər nüfuzlu məmurlar var. Bunların arasında Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji", Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz", Cahangir Əsgərovun rəhbəri olduğu "AZAL" kimi qurumların adları var.
Bu isə milyonlarla manatlıq borcun yaranmasının əsas səbəbidir. Yəni bir çox iri məmurlar öz nüfuz və təsir imkanlarından istifadə edərək kommunal xərclərin ödənilməsinə dırnaq arası münasibət sərgiləyirlər. Ekspertlər isə hesab edir ki, neft hasilatının azalması və neftin qiymətinin ucuzlaşması fonunda dövlətin gəlirlərinin aşağı düşdüyü bir şəraitdə belə borcların yaranmasını önləmək üçün təsirli addımlar atılmalıdır. İmkan verilməməlidir ki, bəzi yüksək vəzifəli şəxslər gəlirlərini artırdıqları halda itirən dövlətin xəzinəsi olmasın.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53