Bakıda amansız məmur savaşı
15:45 06-03-2015
İQTİSADİYYAT
Bakıda amansız məmur savaşı
MİS-lərlə bələdiyyələr arasında böyük qarşıdurma: sakinlər əlacsız qalıb!
Bu gün bizim evə bildiriş gəlib. Artıq neçə vaxtdır Biləcəri bələdiyyəsindən belə bildirişlər verilir. Bələdiyyədən bildirilir ki, biz ildə 15 manat vergi verməliyik". Bu barədə Biləcəri qəsəbə sakini Ofeliya Abdullayeva şikayətində bildirib.
Onun sözlərinə görə, həmişə 113 saylı Mənzil Kommunal İstismar Sahəsinə pul verirlər. Mənzillərə xidməti də həmin qurum həyata keçirir. Bələdiyyə isə indiyə qədər onların heç bir problemi ilə maraqlanmayıb.
"Əslində bizim binalar problemlidir. Zirzəmi su ilə doludur. Binanın damı dağılır. Bir çox problemlər var. Bələdiyyədən deyirlər ki, sizin binalara biz baxmırıq. 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən isə problemlə maraqlanmırlar. Yalnız lazım olanda, sənəd verirlər. Lakin bələdiyyənin ümumiyyətlə bizim binalara heç bir dəxli yoxdur", - deyə O.Abdullayeva vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin binalar üzrə əmlak vergisinin hesablanması qaydalarının təsdiq edilməsi barədə qərarın 46-cı bəndində bildirilir ki, vəsaitlər Bələdiyyələr tərəfindən yığılır.
Məsələ ilə bağlı Biləcəri bələdiyyəsilə əlaqə saxladıq. Bələdiyyə sədrinin müavini Sahib Nağdəliyevin verdiyi məlumata görə, vətəndaşlar 1 kv.metrə görə Bələdiyyələrə ildə 40 qəpikdən ödəniş etməlidirlər.
Bəs bələdiyyələr əhalinin ödədiyi verginin müqabilində nə xidmət göstərir? Sualın cavabı olaraq Sahib Nağdəliyev bildirdi ki, hələlik qurum əhaliyə istənilən xidməti göstərə bilmir. Bunun səbəbi isə bələdiyyənin büdcəsinin kasad olmasıdır. "Əhali fikirləşir ki, ildə 10 manat verməklə bütün problemlər həll olunacaq. Bu mümkün olan şey deyil. Gərək bələdiyyənin büdcəsi dolsun ki, lazımi xidmət göstərilsin. Çox təəssüf ki, tələb olunan vəsait ödənilmir. Bizim də təsir mexanizmimiz yoxdur. Vətəndaşdan pulu almaq üçün onu yalnız məhkəməyə verməliyik. İndi durub bütün əhalini 10 manata görə məhkəməyə verək?", - deyə Sahib Nağdəliyev vurğulayıb.
Maraqlıdır ki, vətəndaş bələdiyyələrlə yanaşı Mənzil Kommunal İstismar Sahəsinə niyə ödənişlər edir? Suala cavab verərkən 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nazim Rüstəmov əhalidən xidmət haqları yığdıqlarını bildirib. "Bizim əməkdaşlarımız əhaliyə xidmət göstərirlər. Hələlik "jek"lərin ləğv edilməsilə bağlı qərar qəbul edilməyib. Zibilin atılması, ərazilərin süpürülməsi, təmizlənməsi bizim əməkdaşlarımız tərəfindən həyata keçirilir. "Qonşu yaxşı olsa, kor qız ərə gedər". Onlar da əhalidən pul yığmaqdan ötrü deyirlər ki, "jek"lərə pul verməyin. Biz qanuni yolla ödəniş alırıq, qəbzi də veririk. Ayda 30 qəpikdən zibil atmaq haqqı, yaşayış ərazisi üzrə 1 kv.metri 2 qəpikdən isə digər komunal xidmət haqqıdır. Azərbaycanda hərə öz maraqlarını qorumaq üçün nağıl danışır", - deyə Nazim Rüstəmov bildirib.
Qeyd edək ki, bu problemdən təkcə Biləcəri sakinləri deyil, bütün paytaxt sakinləri şikayətlənir. Əhali yaşadıqları mənzilə görə, 2 dəfə ödəniş etmək istəmir. Ya Sovet dövründəki kimi ev pulu ödəyib problemlərin həllini MİS-lərdən tələb etməli, ya da bələdiyyəyə vergi ödəyib onların problemələrinin həllində fəallaşmasını istəyir.
Ekspertlər də əmlak vergisi ilə paralel ev pulu yığılmasını düzgün saymır. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, əslində bələdiyyələrin binada yaşayan vətəndaşlardan pul tələb etməyə ixtiyarı yoxdur. "Bələdiyyələr ancaq şəxsi evlərdən vergi ala bilərlər. Baxmayaraq ki, binadakı mənzillər özəlləşdirilib, lakin bu torpağın üzərində deyil. Vətəndaş həm bələdiyyəyə, həm də kommunal idarələrinə pul ödəməməlidir. Bu vətəndaşların hüquqlarını pozur. Əhali yalnız onlara xidmət göstərən quruma pul verməlidir", - deyə Vahid Əhmədov burğulayıb.
Məsələ ilə bağlı hüquqşunaslar deyir ki, əslində sakinlərin bələdiyyəyə vergi verməsi barədə hüquqi qanun var. Mövcud qanunvericiliyə görə, fiziki şəxslərin əmlak vergisinə cəlb edilməsi məqsədləri üçün binaları dedikdə, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış evləri, mənzilləri, bağ evləri, qarajları, digər tikililəri və onların hissələri başa düşülür.
İqtisadçı ekspert Oqtay Haqverdiyev isə problemi bələdiyyələrin vəzifə və səlahiyyətlərinə əməl etməməsi ilə izah edir. Onun sözlərinə görə, əslində MİS-lər yox, bələdiyyələr kommunal xidmətləri həyata keçirməlidir. "Bizim evə də bələdiyyədən gəlib pul istəyirdilər. Mən onları yola salıram. Çünki biz pulu MİS-lərə veririk. Amma əslində bələdiyyələr yığmalıdır. MİS-lər də ləğv olunmalıdır. Əhaliyə xidməti də bələdiyyələr həyata keçirtməlidir. Lakin indi sənədləri də MİS-lər verir. Gərək MİS-lər ləğv olunsun, bütün səlahiyyətlər və xidmətlər bələdiyyələrə verilsin. Bu zaman bələdiyyə xidməthaqqı yığa bilər", - deyə Oqtay Haqverdiyev vurğuladı.
İqtisadçı-ekspert Qubad İbadoğlu da hesab edir ki, özəlləşdirilmiş mənzil sahiblərinin "kvartplata" ödəməsi özü də düzgün deyil: "Çünki bu mənim özəl mülkiyyətimdirsə, buna görə əmlak vergisi ödəyirəmsə, nəyə görə əlavə olaraq hər hansı ödəniş etməliyəm? Bələdiyyələr də qanuna müvafiq olaraq əmlak vergisinin onlara ödənməli olduğunu deyir, lakin əhali arasında olan çaşqınlıq onların da işinə mane olur".
Ekspert bu sahədə xarici ölkələrin təcrübəsindən bəhrələnməyi məsləhət bilir. Qubad İbadoğlunun fikrincə, artıq Mənzil İstismar Sahələri ləğv edilməli və yerini bələdiyyələrə verməlidir: "Bir orqana getmək, arayış götürmək və arayış almaq üçün müəyyən ödənişlər həyata keçirmək və son nəticədə də bu, vətəndaşların həm xərclərini artırır, həm əlavə vaxt itkisidir və əlavə bürokratik əngəllərdir. Bu baxımdan bu gün MİS-in bir arayış verməkdən başqa funksiyası qalmayıb".
Praktiki cəhətdən həqiqətən də, MİS-lərin arayış verməkdən savayı heç bir funksiyası yoxdur. Təkcə arayış verdiklərinə görə həmin qurumlarda onlarla işçi qeydiyyatdadır. Onların çoxu da məvaciblərini vaxtında ala bilmirlər. Belə olduğu təqdirdə, ya həmin qurum ləğv olunmalıdır, ya da başqa xidmətə keçməlidir. Məsələn, MİS-lər evlərin təmir olunması, kommunal problemlərin həll edilməsi üçün usta xidmətləri təklif edə bilər. Bu zaman vətəndaş ev təmir etdirən zaman yaxşı usta tapmaq üçün axtarışa başlamaz. Birbaşa ərazidə xidmət göstərən MİS-ə müraciət edər. Müvafiq iş müqabilində qurumun hesabına ödəniş edib usta xidmətindən istifadə edə bilər. Bu zaman həm əhalinin problemləri həll edilər, həm də MİS-in bağlanmasının qarşısı alınar.
Bu zaman Bələdiyyələrlə MİS-lər arasında "soyuq müharibə" tez yekunlaşar. Əks halda sakinlər mənzil üçün xidmət haqqını hansı quruma verəcəklərini və problemləri olacağı təqdirdə kimin üstünə qaçacaqlarını uzun müddət müəyyənləşdirə bilməyəcəklər.
Ziya Babayev
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20