AXCP ilə Müsavatın dialoq qorxsu
15:46 06-03-2015
İQTİSADİYYAT
AXCP ilə Müsavatın dialoq qorxsu
Taliyət Əliyev: "AXCP və Müsavat Partiyasının qabaqcadan hər hansı bir şərt irəli sürülməsi başadüşülən deyil"
Artıq bir neçə aydır ki, ölkədə demokratik cəmiyyətin inkişafı üçün siyasi dialoq mühitinin yaranması xətti götürülüb. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirməsi buna əyani sübutdur.
Ancaq radikal müxalifət partiyaları olan AXCP ilə Müsavat bu prosesə pəl vurmaq üçün əks mövqedən çıxış edirlər. Onlar bu mövqedə dayanmaqla ölkədə gedən demokratikləşmə prosesinin qarışısını almağa çalışırlar. Hplbuki uzun illərdir bu iki partiya demokratiya naminə hakimiyyətlə dialoqun vacibliyini irəli sürürdülər. İndi isə hakimiyyət özü dialoqa gəlir, amma bunlar min-bir bəhanə ilə prosesdən kənarda durmağa çalışırlar.
Bu barədə "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, dialoq ölkədəki ictimai-siyasi proseslərin inkişafı üçün zəruri prosesdir. Onun sözlərinə görə, bütün siyasi qüvvələrin bu prosesə qoşulması müsbət nəticə verə bilər:
"Bildiyiniz kimi, uzun müddətdir ki, iqtidar-müxalifət dialoqunun vacibliyi barədə çoxlu mövqelər olub. ADP olaraq biz hələ 2007-ci ildə iqtidarla müxalifət arasında siyasi dialoqun vacibliyi barədə mövqe ortaya qoymuşduq və bununla bağlı partiya olaraq siyasi dialoqa hazır olduğumuzu bildirmişdik, eyni zamanda hakimiyyətə rəsmi qaydada müraciət yollamışdıq. O zaman bizim bu mövqeyimiz cəmiyyət və hətta müttəfiqlərimiz tərəfindən birmənalı qarşılanmadı. Hətta bizi satqınçılıqda da ittiham edirdilər. Zaman keçdi, dünən siyasi dialoqa görə bizi satqınçılıqda ittiham edənlər, bu gün dialoqun vacibliyi barədə danışmağa başladılar. Görünən odur ki, biz zamanında doğru mövqedə olmuşuq. İndi artıq iqtidarla müxalifətin böyük əksəriyyəti arasında iki dəfə təmas baş tutub. Bu təmaslarda iştirak edən liderlərin əksəriyyətinin verdiyi açıqlamalardan da sezilir ki, onlar bu təmaslardan məmnundurlar və cəmiyyət üçün bunu vacib hesab edirlər. Lakin, AXCP və Müsavat Partiyası bu prosesdə iştirak etmirlər və əlavə şərtlər irəli sürürlər. Hesab edirəm ki, dialoq üçün qabaqcadan hər hansı bir şərtin irəli sürülməsi başadüşülən deyil. Çünki, dialoq demokratik bir prosedurdur. Bunun əleyhinə olmaq və ya hər hansı bir formada bundan yayınmaq demokratiyanın əleyhinə olmaq anlamını verir. Hesab edirəm ki, indiki situasiyada müxalifət bütün imkanlardan istifadə etməlidir. İqtidar-müxalifət münasibətlərinin düşmənçilik müstəvisində olması, nə müxalifətin, nə iqtidarın, nə də bütövlükdə xalqın xeyrinə deyil. İqtidar-müxalifət arasında siyasi dialoqun olması siyasi mədəniyyət nümunəsidir. Siyasi mədəniyyət olmayan cəmiyyətlərdə heç bir siyasi inkişafdan söhbət gedə bilməz. Bunun acı nəticəsidir ki, biz cəmiyyət olaraq siyasi inkişafdan geri qalırıq. Bunu sıravi vətəndaşlar anlamaya bilər, amma siyasi institutların bunu anlamaması faciəlidir".
Əgər eyni düşərgənin nümayəndələri də AXCP ilə Müsavatın tutduğu mövqeyinin başadüşülmədiyini iddia edirsə, deməli, bu qüvvələrin başqa məqsədləri olduğu ortadadır. Amma bir məsələ dəqiqdir ki, ölkədə dialoq mühitinə qarşı çıxmaq ümummilli maraqlarımıza ziddir. Bu da hər iki partiyanın anti-milli mövqedə olduğunu göstərir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05