Ombudsmanın hesabatına irad tutuldu
11:43 07-03-2015
İQTİSADİYYAT
Ombudsmanın hesabatına irad tutuldu
Səyavuş Novruzovdan Əli Kərimli açıqlaması
Milli Məclisin növbəti iclası olub.İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xanım deputatları və parlamentdən akkreditasiyadan keçən jurnalist xanımları təbrik edib.Milli Məclisin iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2014-cü il üzrə məruzə ilə çıxış edib.Elmira Süleymanova bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 114 min 690, 2014-cü ildə isə 13 min 150 müraciət daxil olub. Həmin müraciətlərin 74,2 faizi şikayətlərdən, 25,8 faizi isə ərizələrdən ibarət olub.
Ombudsman deyib ki, 2014-cü ildə aparatda və regional mərkəzlərdə ümumilikdə 2468 şəxs qəbul edilib. 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlərlə bağlı aparatda qəbul olunub, onlara müvafiq məsləhət və izahat verilib.O bildirib ki, cəzaçəkmə müəssisələrində, həbsxanalarda, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, ahıl və əlil evlərində, internatlarda baxışlar zamanı 3547 şəxs qəbul edilib. Onun sözlərinə görə, şikayətlərin müvəkkilin səlahiyyətlərinə aid olmaması halları nəzərə alınaraq onların 51 faizinə baxılmaqdan imtina edilib: "Yerdə qalan şikayətlərin 49 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 56,8 faizi təmin olunub. Bundan başqa, Ermənistan tərəfindən atəşkəsin müntəzəm pozulması nəticəsində yaralanaraq əsir düşən və ya girov götürülən vətəndaşlarımızın, o cümlədən, əsgərlərin azad olunması və onların qaytarılması ilə bağlı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilib. Müvəkkilin vəsatəti ilə fəaliyyəti dövründə 455 məhkum əfv edilib və ya barələrində amnistiya aktı tərtib edilərək azadlığa buraxılıblar".Vətəndaşların hüquq və mənafelərinin pozulmasına, o cümlədən onların müraciətlərinə qayğılı və həssas yanaşılmamasına, süründürməçiliyə yol verilməsinə və digər nöqsanlara görə 68 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib.
O qeyd edib ki, onlardan 8-i ədliyyə orqanlarından xaric edilib, eləcə də 2 nəfərin əməlinə hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanına göndərilib, 22-si tutduğu vəzifədən azad olunub, 12-nə tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilib, 14-nə şiddətli töhmət, 10-na töhmət və 2-nə irad tutulub: "Ötən il məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan 704 müraciətin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, süründürməçilik hallarına yol verilməsi, vətəndaşların incidilməsi, hüquqazidd hərəkət və nöqsanlar ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərməklə yanaşı, vətəndaşların konstitusiya ilə müəyyən edilən hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnu pozur. Ümumiyyətlə, bəzi məhkəmə icraçılarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməyib və ya uzun müddət icrasız qalıb. Bu da məhkəmə qərarına müvafiq olaraq tələbkar qismində çıxış edən vətəndaşların hüquqlarının pozulması ilə nəticələnib".
Ombudsman qeyd edib ki, alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 248 müraciət daxil olub: "Alimentin borclu tərəfindən vaxtaşırı ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud ödənişin yubadılması üzrə şikayətlər daha çox olub".
Sənəddə qeyd olunub ki, boşanmaların sayının artması, belə anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq "Aliment Fondu"nun yaradılması zəruridir. Həmçinin müvəqqəti saxlama yerlərində (MSY) intizam qaydalarını pozduğuna görə 77 polis əməkdaşı cəzalandırılıb. Onlardan 8 nəfəri daxili işlər orqanlarından çıxarılıb, 2-si isə tutduğu vəzifəsindən azad edilib. 67 nəfər barəsində digər intizam tədbirləri görülüb. 2014-cü il ərzində müvəqqəti saxlama yerlərində 237, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 1030, şəxslərin təkidi və müraciəti əsasında isə 250-dək saxlanılan şəxslərlə görüş keçirilib. MSY-də nöqsanlara yol verdiyinə görə Nizami rayon və Sumqayıt şəhər Polis İdarələrinin MYS-lərinin rəisləri, Sumqayıt şəhər Pİ-nin 1-ci və 3-cü polis bölməsinin, Sabunçu rayon 14-cü polis bölməsinin, Kürdəmir və Samux rayon polis şöbələrinin məsul şəxslərinə xəbərdarlıq edilərək töhmət verilib.
Milli Məclisdə
Ombudsmanın
hesabatına irad tutuldu
"Ombudsmanın hesabatı mükəmməl hazırlanıb. İllik məruzədən görünür ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq yüksək səviyyədə qurulub".
Milli Məclisin iclasında çıxış edən deputat Musa Qasımlı Ombudsman Elmira Süleymanovanın 2014-cü il üzrə illik məruzəsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Ombudsman Aparatı vətəndaşların etimadını qazanıb. Musa Qasımlı bir məsələnin hesabatda öz əksini tapmamasına da diqqət çəkib: "Dünyadakı bəzi təşkilatlar, QHT-lər Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulmasına dair hesabat hazırlayırlar. Yaxşı olardı ki, bu məsələlər də Ombudsmanın hesabatında öz əksini tapaydı".
Deputat Musa Quliyev isə Ombudsmanın hesabatına irad bildirib. O, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlərin getdiyini, dövlət və hökumət bu istiqamətdə lazımı tədbirlər gördüyünü qeyd edib: "Hesab edirəm ki, insan hüquq və azadlıqlarının qorunması ikitərəfli işdir. Bu məsələdə həm hüquq-mühafizə orqanları, həm də vətəndaşlar özləri xüsusi rol oynamalıdır. Təcrübə göstərir ki, öz hüquqlarını bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs edilən hüquq müdafiəçilərinin, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən vətəndaşların adları hesabatda sadalanmalıdır".
Əli Məsimli:
"İpoteka kreditlərinin məbləği artırılmalı,
faizləri azaldılmalıdır"
"İndi banklarda dollarla ödəmələrdə problemlər yaranıb. Qorxuram ki, əlaqədar təşkilatlar bu problemin həlli prosesini uzadacaqlar. Yenə sonda bu problem Milli Məclisin üstünə atılacaq".
Bunu deputat Əli Məsimli Milli Məclisin iclasında deyib. O bildirib ki, aidiyyəti təşkilatlar öz funksiyalarını vaxtında yerinə yetirməlidir. Deputatın fikrincə, Mülki Məcəllədə və Konstitusiyada hesablaşmaların manatla aparılması aydın şəkildə göstərilib: "Bunlar Mülki Məcəllənin müvafiq maddələrində də öz əksini tapıb. Əlaqədar təşkilatlar və qurumlar hüquqi mexanizmə malikdir. Bu məsələ Milli Məclisə gəlmədən həll oluna bilər".
Əli Məsimli ipoteka kreditləri ilə bağlı təkliflərini də səsləndirib. Onun sözlərinə görə, ipoteka kreditlərinin məbləği artırılmalıdır: "Heç olmasa, bu məbləğ 50 mindən 70-80 minə qədər artırılmalıdır. İpoteka faizləri isə aşağı salınmalıdır. Adi ipoteka 8 faizdən 4 faizə endirilməli, sosial ipotekanın faizləri isə 4 faizdən 3 faizə qədər azaldılmalıdır. İlkin ödənişlər də ya yumşaldılsın, ya da xüsusi bir fond yaradılsın. Bu proses inkişaf etdirilməlidir. İpoteka təkcə Bakı ilə yekunlaşmamalıdır, regionlara da tətbiq edilməlidir".
Qüdrət Həsənquliyev
sahibkarların
müdafiəsinə qalxdı
"Sahibkarları sıxışdırmaq düzgün deyil. Çünki bazar iqtisadiyyatıdır və tələb təklif əsasında bazar qiymətləri müəyyənləşir".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib.
Onun sözlərinə görə, dolların məzənnəsinin qalxmasından sonra sahibkarlar xaricdən idxal olunan malları baha qiymətə satmağa məcbur olublar: "Sahibkar xaricdən mal ala bilmək üçün pulunu dollara çevirməlidir. Ancaq indiki vəziyyət davam edərsə, Azərbaycanda qıtlıq əmələ gələcək. Xüsusilə istehlak mallarında bu qıtlıq hiss olunacaq. Artıq bəzi sahibkarlar istehlak mallarını anbarlarda saxlayırlar. Mən aidiyyəti orqanlardan bu məsələyə diqqət yetirməyi xahiş edirəm".
"Gənclərin xaricdə
dini təhsil alması
qadağan olunmalıdır"
Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır.
Bu təkliflə deputat Zahid Oruc parlamentin iclasında çıxış edib. O bildirib ki, xaricdə təhsil alan bəzi azərbaycanlılar bəzi siyasi dairələrin təsirinə düşür.
Zahir Oruc bildirib ki, bununla bağlı "Dini etiqad azadlığı haqqında" qanuna da müvafiq dəyişikliklər edilməlidir: "İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab verməyə bilərlər. Bu baxımdan da daha yüksək səviyyədə dini təhsil vermək üçün kənar yerdən müəllimlər həmin universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz.
Yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi anti-terror əməliyyatı keçirdi. Həbs olunan gənclərdən ikisi xaricdə ali dini təhsil alıb. Onlar ölkədə çevrilişə cəhd edərək şəriət dövləti yaratmağa cəhd ediblər. Bunun qarşısı alınıb. Təklifimin kökündə də bu məqamlar dayanır".
Siyavuş Novruzov
Əli Kərimlini və İsveçrə səfirliyini ittiham etdi
Milli Məclisin keçirilən iclasında çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarında dair hesabatına toxunub.
YAP rəsmisi bildirib ki, bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında şər kampaniyası aparmaqda davam edir, Bakıda keçiriləcək I Avropa Oyunların haqda şayiələr yayılır.
""Eurovision" ərəfəsində də belə kampaniya gedirdi. Onlar erməni mənşəli, qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyənlərdir. Buradan bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən qrant alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir".
S. Novruzov vurğulayıb ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər. O, bunla səfirlikdə gizlənən jurnalist və hüquq müdafiəçisi Emin Hüseynova diqqət çəkib:
"Bu adam milyonlarla qrant alıb, 240 min manatı vergidən yayındırıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53