"Azadlıq-2015" Seçki Blokunda ikitirəlik yaranıb
09:52 11-03-2015
İQTİSADİYYAT
"Azadlıq-2015" Seçki Blokunda ikitirəlik yaranıb
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Demokratiya və İnsan Hüquqları Mərkəzinin bazası əsasında "Azadlıq-2015" Seçki Bloku yaradılıb. Hətta bu birliyin təsisçiləri şüar kimi onu irəli sürdülər ki, parlament seçkilərində monolit şəkildə iştirak edəcək yeganə qurumdur. Amma deyəsən, bu qurum hələ seçki başlamamış daxili qarşıdurmaya gedir.
Belə ki, ötən həftə maraqlı hadisə baş verib. Belə ki, martın 4-də səkkiz partiyanın birgə toplantısı keçirilib. Toplantıda məhbuslar problemi, iqtidarla siyasi partiyalar arasında keçirilən görüşün nəticələri və bu ilin iyununda Bakıda keçiriləcək I Avropa idman oyunları ətrafında yaranmış vəziyyət müzakirə edilib. Partiyalar dialoqun aparılmasını müsbət dəyərləndirsə də, bunun nəticəli olmasının vacibliyini ifadə ediblər. Qəribə hal odur ki, sözügedən toplantı haqqında mətbuata KXCP məlumat verib. Məlumatda seçki blokunun deyil, Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantısının keçirildiyi ifadə olunub.
Ancaq KXCP-nin mətbuata təqdim etdiyi rəsmi informasiya ilə bərabər Azadlıq Partiyasının sədri Əhməd Oruc sosial şəbəkələrdə bildirib ki, martın dördündə "Azadlıq-2015" Seçki Blokunun toplantısı keçirilib. Əhməd Oruc toplantıda hansı məsələlərin müzakirə edildiyini qeyd etməyib. Baş verənlər göstərir ki, burada təmsil olunan siyasi partiyalar seçki blokunun, yoxsa Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantısını keçirdiyini dəqiq müəyyən edə bilməyib. Sadəcə, bir araya gələrək müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. Burada iştirak edən bəzi partiya nümayəndələrinin sözlərindən belə çıxır ki, artıq blokda fikir ayrılıqları yaranıb. Ona görə də, vəziyyəti yoluna qoymaq məqsədilə toplantının adını qoymadan müzakirələr təşkil edilir. Əldə etdiyimiz məlumata görə, həm də bir çox partiya sədrləri toplantıya qatılmır, formal olaraq müavinlərini ora göndərirlər.
"Unikal"a açıqlama verən VİP sədrinin müavini Billur Hümbətov təəssüflə qeyd edib ki, parlament seckiləri yaxınlaşdıqca, bir sıra siyasi təşkilatların gerçək simaları üzə çıxmağa başlayır. Onun sözlərinə görə, müxalifətin bir araya gəlməsində maraqlı olmayanlar müxtəlif bəhanələrlə buna mane olmağa çalışırlar: "Müxalifətin parlament seçkilərində müəyyən uğur qazanmasının vahid yolu bütün seçki dairələrində vahid namizədin razılaşdırılaraq irəli sürülməsidir. Buna görə də müxalifət partiyaları irəli sürəcəkləri namizədləri razılaşdırmalı və onların arasından daha şanslılarını səmimi şəkildə dəstəkləməlidirlər. Yalnız bu halda uğur qazanmaq olar. Çox təəssüflər olsun ki, bəzi qüvvələr 2010-cu ildə tutduqları mövqeyi bu gün də təkrarlamağa cəhd göstərərək, bununla müxalifətçi namizədlərin şanslarını çətinə salırlar. Ümumiyyətlə isə ayrı-ayrılıqda vəziyyətləri qətiyyən ürəkaçan olmayan müxalifət partiyalarının bir araya gəlmələri, mümkün qədər az sayda seçki blokunda birləşərək seçkidə iştirak etmələrinin tərəfdarıyıq".
VİP sədrinin müavini onu da nəzərə çatdırıb ki, "Azadlıq-2015" seçki blokunun əvəzinə Məşvərət Məclisi yaradılmasının zəruriliyi haqda fikirlərə rast gəlməyib. "Həm də artıq nəzərə almaq lazımdır ki, "Azadlıq-2015" seçki bloku təsis edilib və seçkilərə hazırlıq istiqamətində blok daxilində müzakirələrə start verilib. Ona görə də Məşvərət Məclisinin yaradılması məsələsinin aktual olduğunu düşünmürük və belə bir zərurətin olduğunu da görmürük. Əlavə edim ki, seçki ilində hər hansı məşvərətçi qurumun deyil, seçki ittifaqlarının yaradılması daha məqsədəuyğundur", - deyə B.Hümbətov fikrini tamamlayıb.
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı "Unikal"a açıqlamasında deyib ki, ötən seçkilərin ağrılı və aclı nəticələri müxalifət düşərgəsində hər hansı birlik formatı yarada bilməyibsə, bu "seçki"də də blok, ya Məşvərət Məclisi alınmayacaq. Onun sözlərinə görə, bu siyasi oyunları quranlar özlərini dahi bilsələr də, kifayət qədər ağıllanmayıblar: "Əlbəttə Məşvərət Məclisi bir az inandırıcı görsənir. Amma görünən odur ki kim bu formatları təşkil edirsə, qalib də özlərini biləcəklər və daha iştahlı olacaqlar. İnam, etimad və ümüd bu düşərgədə artıq qalmayıb deyə yenə də uşaqlar kimi evcik-evcik oynayırlar. Bir daha təkrar edirəm bu dartışmalarda xalqın milli və dövlət maraqlarından çox, fərdi və siyasi partiya maraqları daha aktualdır və önə çəkilib. Hər kəs sanki ömürlük təqaüdünü (pensiya) təmin etməkdən ötəri siyasi müxalifətdə son akordlarını vururlar. Halbuki millətə və dövlətə sahib durmaq təfəkkürü meydanda olmalıdı. Necə ki, ötən əsrin sonunda yaranmış situasiyalarda Elmlər Akedemyası kimi nəhəng Dövlət Elm ocağı millətə və dövlətə sahib durdu və nəticə əldə etdilər.Ağsaqqalsız öz başına qalan düşərgə nədən başlayıb, nədən qurtaracaqlarını bilmirlər".
T.Abbaslı onu da nəzərə çatdırıb ki, situasiyalarda dəyişilməyənlər, eyni təfəkkürdə yorucu və bezdirici manevrləri ilə xalqda inam, etimad və ümüdi qırıblar: "Bu adamlar başa düşmürlər ki, artıq əvvəlki oyunlarla gündəmdə qalıb və "qalib lider" olmaq, həvayi nəfsdən başqa bir şey deyil. Müxalifət indiyə kimi alternativ yollar axtarmalı və yeni ideyalarla yeni siyasi manevr etməyin yollarını sıralamalı idilər. Təəssüflər olsun ki, bu "seçki"də də Müxalifət düşərgəsində komanda şəkilində bir ailə kimi siyasi hərakat yaratmağa və iqtidara siyasi opanent olmağa səriştələrini biruzə vermədilər. Hesab edirəm ki, indi də müxalifət düşərgəsi Məşvərət Məclisi formatında seçkilərə getməyə tələsməlidilər. Amma Ağsaqqal (Milli Elmlər Akademyası) qapısına getməklə siyasi uğur qazana bilərlər".
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə "Unikal"a açıqlamasında deyib ki, bu partiyaların işlərinə qarışmağı etik saymır. Onun sözlərinə görə, özləri bilərlər hansı formatı seçəcəklərsə, seçsinlər: "Sağlam rəqabət həmişə inkişaf və uğur deməkdir. Siyasi qüvvələrin də əsas güc və potensiallarını ortya qoyma şansları seçkilər zamanı yaranır. Amma sizin də bildiyiniz kimi Azərbaycanda fərqli yanaşmalar və reallıqlar mövcuddur.Təbii ki, siyasi qüvvələrin hər hansı formatda birləşməsi şansları bir qədər də artmış olur. Lakin Azərbaycanda heç bir soisla bazası və dayaqları, eloktoratı, strukturları olmayan partiyaların birləşməsi heç nəyi dəyişmir. Bu partiyaların deyil, şəxslərin bloku olur".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53