Pulu azalan, partiyaları "qırılan" ölkə
10:34 12-03-2015
İQTİSADİYYAT
Pulu azalan, partiyaları "qırılan" ölkə
Ermənistanda 2015-ci ilin əvvəlindən ölkəyə daxil olan fərdi transfertlərin həcmi kəskin şəkildə azalıb. Bu barədə Ermənistan Mərkəzi Bankının hesabatında deyilir.
Yanvar ayına olan hesabata əsasən, ötən ilin eyni müddətilə müqayisədə 2015-ci ilin yanvar ayında Ermənistana xaricdən göndərilən fərdi transfertlərin ümumi həcmi 41,08 faiz azalıb və 72 milyon 169 min ABŞ dolları təşkil edir.
Bu rəqəm 2014-cü ilin yanvar ayında 122 milyon 506 min dollar olub.
Xaricdən Ermənistana daxil olan fərdi transfertlərin böyük hissəsi Rusiyada mövsüm işlərində olan Ermənistan vətəndaşları tərəfindən göndərilir. Rusiyadan alınan fərdi transfertlərin həcmi son bir il ərzində 56,01% azalıb: 2014-cü ilin yanvarında tək bank sistemi vasitəsilə 87 milyon 243 min, düz bir ildən sonra isə 38 milyon 371 min dollar məbləğində pul göndərilib.
Fərdi transfertlər kimi ölkəyə daxil olan xarici valyutanın həcmi Ermənistan dövlət büdcəsi ilə müqayisə edilə bilər. Bəzi mütəxəssislər bildirirlər ki, əvvəlki illər Ermənistana xaricdən ildə 3 milyard dollara yaxın pul göndərilirdi.
Məsələn, 2013-cü ildə fərdi pul köçürmələri xəttilə Ermənistana təxminən 2,1 milyard dollar göndərilib, bir ildən sonra isə bu göstərici 7,7 faiz azalıb.
Ukrayna hadisələri ilə bağlı Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi durumun pisləşməsi, rublun məzənnəsinin düşməsi Rusiyada işləyən əmək mühacirlərinin gəlirini azaldıb. Mövsüm işlərindən qayıdanların bir hissəsi bu il Rusiyaya qayıtmayıblar.
"Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin pisləşməsinə gətirir", - Ermənistan Milli Bankının sabiq rəisi Baqrat Asatryan deyib (BBC).
İqtisadçılar Ermənistanda hər halda cari ildə iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırırlar.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması, "Rusiya istiqamətinə" üstünlük verməsi gözlənilən müsbət effekti verməyib, əksinə, mənfi təsir edib.
Gömrük İttifaqına üzv olması Ermənistanın başqa ölkələrlə ticari əlaqələrini əngəlləyir, Rusiyada rublun məzənnəsinin Ermənistan dramından daha çox düşməsi səbəbindən Ermənistanın bu ölkəyə ixracatı mənfi effekt verir.
Məsələn, Ermənistan şərabları və konyak Rusiya bazarında xeyli bahalaşıb, çətin satılır və Ermənistan istehsalatçıları ixracatı "sərfəli vaxtlara qədər" dayandırıblar.
İqtisadçının sözlərinə görə, Ermənistanda tənəzzül davam edəcək və cari ildə inflyasiyanın 8-10 faiz artması fonunda 10-12 faiz təşkil edəcək.
Asatryanın proqnozuna görə, böhran ən azı daha üç il davam edəcək, lakin Rusiyada vəziyyət yaxşılaşsa, 2017-ci ilədək sabitləşə bilər.
Ermənistan Milli Bankının ötən ay dərc etdiyi məruzəsinə əsasən, bu il Ermənistanda hökumət tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırılan iqtisadi artım 10 qat aşağı - 0,4-2% - ola bilər.
Mərkəzi Bank həmçinin fərdi transfertlərin də təxminən 30 faizədək azalacağını gözləyir.
Ermənistanın siyasi məkanında da durum keyfiyyətsiz şərab təkidir.
Ölkənin sayca ikinci siyasi qüvvəsi olan Çiçəklənən Ermənistan Partiyasının sıraları seyrəlməkdə davam edir. Partiyanın lideri istefa verdikdən sonra onun üzvləri partiya biletlərini qaytarırlar.
Dörd gün əvvəl Qagik Sarukyan partiyanın lideri vəzifəsindən istefa verərək, siyasətdən çıxdığını bəyan etdikdən sonra 9 millət vəkili ÇEP parlament fraksiyasını tərk edib, vəzifəli şəxslər, kənd və səhər icma başçıları partiya biletlərini təhvil verirlər.
Bu proses prezident Serj Sarkisyanın Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Sarukyanın ünvanına tənqidi çıxışından başlayıb və ötən həftə onun partiya sədri vəzifəsindən istefasından sonra sürət alır.
Sabiq Ermənistan xarici işlər naziri Vardan Oskanyan deyib ki, onun ÇEP sıralarını tərk etməsinə partiyanın "radikal dəyişikliklər vasitəsilə erməni cəmiyyətinin ölkəni düzgün, sağlam inkişaf yoluna yönəltmək arzusunu gerçəkləşdirə bilməməsi" səbəb olub.
Çiçəklənən Ermənistan Partiyasını hətta son parlament seçkilərində hakim Respublikaçılar Partiyasından iki dəfə artıq seçici dəstəyi qazandığı Gümrüdə də tərk edirlər.
Gümrünün meri Samvel Balasanyan yaydığı bəyanatda öz qərarını partiyanın lideri Sarukyanın partiya sədri vəzifəsindən istefa verməsi və siyasətdən tamam uzaqlaşması ilə izah edir. "Bundan sonra mənim ÇEP qarşısında heç bir öhdəliyim yoxdur", - merin bəyanatında deyilir.
Gümrünü Ermənistan parlamentində təmsil edən yeganə millət vəkili Martun Qriqoryan da partiya biletini qaytarıb.
Qagik Sarukyanın kürəkəni, Abovyan şəhərinin meri Karapet Quloyan da ÇEP üzvlüyündən çıxdığını bəyan edib.
"Ermənistanın ən varlı sahibkarlarından biri Qagik Sarukyanın təxminən 10 il bundan əvvəl təsis etdiyi partiya sədri vəzifəsini tərk etməsi ümumiyyətlə Çiçəklənən Ermənistanın iflasına gətirə bilər", - politoloq, Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskandaryan deyib.
Onun sözlərinə görə, müxalif qüvvə statusunda siyasi proseslərə təsirə malik olmaq üçün ciddi maliyyə, kadr, media, ekspert resursları olmalıdır.
"Lideri bir zərbə ilə kənar edilən partiya fəaliyyətdə olan hakimiyyətə ciddi opponentlik edə bilməz. Düşünürəm ki, bütün proseslər hakim Respublikaçılar Partiyasının iradəsinə tabe olacaq. ÇEP-in müxalifət olması da hakimiyyətin istəyindən asılıdır: hakimiyyət istəsə, ÇEP müxalifət olar, istəməsə - heç nə edə bilməz", - İskandaryan bildirib.
Politoloqun sözlərinə görə, Qaqik Sarukyan ÇEP-ə pul verməsə, partiyanın ömrü qısa olacaq.
Politoloq Qagik Hambaryan isə bildirib ki, Ermənistanda ötən 20 il ərzində partiyaların şəxsiyyət ətrafında deyil, ideya naminə yaradılması mədəniyyəti formalaşmayıb.
Orxan Hun
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05