Bumeranq effektli siyasət
12:46 13-03-2015
İQTİSADİYYAT
Bumeranq effektli siyasət
Antiazərbaycançı şəbəkənin "qara piar" kampaniyası bu dəfə də alınmadı
Ölkəmizdə keçirilən hər hansı beynəlxalq toplantı, mötəbər idman yarışları öncəsi "narahat" olan bəzi beynəlxalq təşkilatlar "canfəşanlıq" etməyə başlayırlar. Məqsədləri, niyyətləri hər kəsə bəlli olan bu qurumlar indi də I Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışırlar.
Ancaq özləri də yaxşı bilirlər ki, bu cür beynəlxalq idman yarışları ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan və idmana yüksək qayğı göstərən ölkələrdə keçirilir. Bu gün Azərbaycan yüksək iqtisadi inkişafa malik olan sabit məkandır. Bu keyfiyyətlər Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirəcəyinə zəmanət verir.
Antiazərbaycançı şəbəkənin qarayaxma kampaniyasını davam etdirməsi, bəzi təşkilatların erməni lobbisinin sifarişlərini yerinə yetirdiyini bir daha təsdiqləyir. Ancaq "Amnesty İnternational", "Human Rights Watch", "Azadlıq" radiosunun bu istiqamətdəki "fəaliyyətləri" yenə də bir nəticə verməyəcək. Məsələyə münasibət bildirən siyasi xadimlər də bu fikirdədirlər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bəzi beynəlxalq qeyri-hökumət təşkilatları ölkəmizlə bağlı ədalətli, ikili standartlardan uzaq bəyanat, hesabat yaymayıb və ya çağırış səsləndirməyib: "Amnesty İnternational" təşkilatının I Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması ölkəmizə qarşı qərəzdən və ədalətsiz yanaşmadan başqa bir şey deyil. Bu qurum Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz mövqe sərgiləyən beynəlxalq qeyri-hökumət təşkilatlarından biridir və bəlkə də birincisidir. Bu təşkilatlar sanki əvvəlcədən sözləşiblərmiş, eyni dirijor çubuğu ilə idarə olunurlarmış kimi hər zaman ölkəmizə qarşı eyni və olduqca haqsız, əsassız, ədalətsiz mövqe nümayiş etdiriblər. Onların sanki Azərbaycandan savayı işləri yoxdur. Elə çalışırlar ki, Azərbaycanla bağlı məkirli niyyətlərini ortaya qoysunlar".
Komitə sədrinin sözlərinə görə, bu təşkilatlar erməni havadarlarının, erməni lobbi qruplarının təsiri və himayəsi altında "fəaliyyət" göstərir. Bu qurumlar ermənipərəstlikləri ilə çoxdan "tanınıb" və "məşhurlaşıb"lar: "Əslində, onlardan nə isə gözləməyə və onların ölkəmiz əleyhinə yönəlmiş çağırışlarına ciddi əhəmiyyət verməyinə dəyməz. Onların addımlarına, çağırışlarına cavab, reaksiya verdikcə özlərini "dəyərli" hesab edirlər. Ona görə də belələrinə o qədər əhəmiyyət vermək lazım deyil. Ancaq onu deyə bilərəm ki, Azərbaycan indiyə kimi bir çox nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Nə qədər çalışsalar da, bu tədbirlərin keçirilməsinə, gedişinə mane ola bilməyiblər və bundan sonra da mane ola bilməyəcəklər. Azərbaycan Avropa Oyunlarına da uğurla və yüksək səviyyədə ev sahibliyi edəcək. Qoy hamı, eləcə də həmin antiazərbaycançı şəbəkə, ermənipərəst təşkilatlar və dairələr də buna tam əmin olsunlar".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də həmkarı ilə eyni fikirdədir. Komitə sədri deyir ki, bəzi dairələr tərəfindən Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının boykot edilməsi çağırışının heç bir əsası yoxdur. Çünki iyun ayında keçiriləcək bu beynəlxalq idman bayramı Azərbaycanın həm bir dövlət kimi özünü təsdiq etməsi, həm də xalqımızın böyük uğurudur. Ə.Hüseynlinin fikrincə, belə mötəbər tədbirlər ancaq o ölkələrdə keçirilə bilər ki, həmin ölkə həm hüquqi, siyasi-iqtisadi, həm də insan haqlarının müdafiəsi baxımından tam inkişaf etmiş olsun. Azərbaycan isə Avropada inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır. Məhz bu amillərin əsasında da I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi haqda qərar qəbul olunub.
Komitə sədri bildirdi ki, "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq qeyri-hökumət təşkilatları Qərbin müxtəlif dairələri tərəfindən idarə olunur. Ancaq bu gün Azərbaycanın inkişafı o səviyyədədir ki, bu cür əsassız iddialarla ölkəmizə təzyiq etmək mümkün deyil: "İndi Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü yox, bizim onlar haqqında düşündüklərimiz vacibdir. Heç kimdə şübhə yoxdur ki, Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Çünki Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkilati işlər ən yüksək səviyyədə icra olunur. Avropa Oyunları ilə əlaqəli olan Avropa nümayəndələri də dəfələrlə təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıblar. Ona görə də hesab edirəm ki, Avropa Oyunlarının uğurla keçiriləcəyi artıq dünya ictimaiyyətinə məlumdur. Əlbəttə ki, bu fakt Azərbaycanın beynəlxalq imicinə də çox müsbət təsir göstərəcək".
Ə.Hüseynlinin sözlərinə görə, bəzi qüvvələrin bu mötəbər idman bayramı ilə bağlı "ajiotaj" yaratmaq istəkləri heç bir effekt verməyəcək. Çünki 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi öncəsi də eyni ssenari hazırlanmışdı. Ancaq dünya Azərbycanın bu yarışmanı necə möhtəşəm təşkil etdiyini gördü və xalqımızın qonaqpərvərliyinin şahidi oldu. Həmin vaxt ictimai sabitliyi pozmaq üçün ölkəmizdəki dağıdıcı müxalifətə, bəzi QHT-lərə verilən tapşırıqların heç bir effekti olmadı. Avropa bir daha Azərbaycan həqiqətlərinin şahidi oldu. Ona görə də I Avropa Oyunlarına ev sahibliyi etmək üçün ölkəmizə etimad göstərdilər. Bu isə Azərbaycanın nüfuzunu daha da artırdı və antiazərbaycançı şəbəkəyə, erməni lobbisinə ağır bir zərbə oldu.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05