Ukraynada siyasətçilərin və  məmurların səs-küylü intiharları
Ukraynada siyasətçilərin və
məmurların səs-küylü intiharları

2014-cü ildə Ukraynada davam edən uzunmüddətli etirazlardan sonra prezident Viktor Yanukoviçin ölkədən qaçması onunla birgə hakimiyyətdə təmsil olunan tərəfdarlarını da oyundankənar vəziyyətdə qoydu. Yanukoviçlə bərabər bir çox yüksək vəzifəli məmurlar da ölkədən qaçmağa macal tapdılar, eks-prezidentin rəhbərlik etdiyi Regionlar Partiyasında ciddi böhran baş verdi və hazırda bu partiyanın üzvü olan hər bir kəs ən azı bir il əvvəl baş verənlərə görə mənəvi məsuliyyət daşıyır.

Ukraynada yeni qüvvələrin hakimiyyətə gəlməsi ilə bu ölkədə yeni bir mərhələ də başlayıb. Ölkənin Şərqində Rusiyanın dəstəklədiyi separatçı qüvvələrə qarşı savaşmaqla yanaşı, prezident Pyotr Poroşenkonun komandası həm də korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparır. Bu isə o deməkdir ki, keçmiş hakimiyyətdə yüksək vəzifə sahibi olan məmurların hər birinin adı nə zamansa korrupsiya ilə bağlı olaylarda keçəcək və təqib olunacaqlar. Bu təqibdən, həm də yeni qayda qanunlarla yaşamağa adət etməyən ukraynalı keçmiş məmurlar özlərini müxtəlif yollarla həyatdan məhrum edirlər.
modern.az saytının Ukrayna KİV-lərinin materailları əsasında apardığı araşdırması nəticəsində məlum olub ki, bu ölkədə indi demək olar ən çox intihar edənlər məhz keçmiş məmurlardır. Bu il yanvarın 26-dan fevralın 28-dək Ukraynada 5 keçmiş yüksək vəzifəli məmur özünü öldürüb.
Yanvarın 26-da "Ukrzaliznitsa"nın rəisinin keçmiş birinci müavini, keçmiş baş nazir Nikolay Azarovun bu vəzifəyə təyinatında xeyir-dua verdiyi 57 yaşlı Nikolay Sergienko ov tüfəngi ilə özünü güllələyib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, faciə baş verən zaman mənzildə ondan başqa heç kim olmayıb, qapı və pəncərələr bağlı olub, qapının qıfılı isə zədələnməyib.
Yanvarın 29-da Xarkov vilayət şurasının keçmiş sədri, Ukraynanın xalq deputatı Aleksey Kolesnik evində özünü asıb. O, ölümündən əvvəl heç bir məktub yazmayıb.
Fevralın 25-də Melitopolun meri, 57 yaşlı Sergey Valter özünü asıb. Bu hadisə onun işi ilə bağlı məhkəmə prosesi başlamazdan bir neçə saat əvvəl baş verib. Regionlar Partiyasının üzvü olan Sergey Valter Melitopol şəhərinin rəhbərliyinə 2010-cu ildə seçilmişdi. 2013-cü ildə şəhər hakimiyyət orqanlarında mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda təqsirkar bilinərək vəzifəsindən uzaqlaşdırılıb. Prokurorluq onun 14 il azadlıqdan məhrum olunmasını tələb edirdi.
Fevralın 26-da Melitopol şəhər milisinin rəisinin müavini Aleksandr Bordyuqanın qarajda asılmış meyiti tapılıb. Maraqlıdır ki, KİV-də verilən xəbərə görə, Bordyuqa keçmiş rəisi, mer Valterin işində vəkil kimi iştirak edib.
Fevralın 28-də Dövlət Mülkiyyəti Fondunun rəhbəri və keçmiş xalq deputatı Mixail Çeçetov özünü yaşadığı binanın 17-ci mərtəbəsindəki mənzilinin pəncərəsindən atıb. O, vəzifə saxtakarlığı və hakimiyyətdən sui-istifadə haqqında cinayət işinin iştirakçılarından biri kimi aparılan cinayətdə ittiham olunurdu. Bundan əlavə, Çeçetov 2014-cü il yanvarın 16-da qəbul olunan "diktator qanunlarının" qəbul olunmasında da əsas təşəbbüskarlardan biri olmuşdu.
Martın 10-da Kiyev vilayətində Regionlar Partiyasından V və VI çağırış Ukrayna Ali Radasının deputatı Stanislav Melnik həyatına qəsd edib. 53 yaşlı keçmiş deputat ölümündən əvvəl yazdığı məktubunda hamıdan bağışlanmasını istəyib. Stanislav Melnik 6 il müddətində Donetsk Pivə Zavodunun rəhbəri işləyib, 2005-ci ildən deputata seçilənə kimi Donetskdəki "Lüks" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. O, 2002-2006-cı illərdə Donetsk şəhər sovetinin də deputatı olub.
Martın 12-də Zaporojye vilayətinin keçmiş qubernatoru Aleksey Pekluşenko ölü tapılıb. Boynundan güllə yarası alan qubernatorun cəsədi Solneçnıy qəsəbəsində yaşadığı evində aşkar olunub. Əsas versiya kimi onun intihar etməsi irəli sürülüb.
2014-cü il avqust ayının axırlarında 2005-ci ildən 2008-ci ilədək Dövlət Əmlak Fonduna rəhbərlik edən Valentina Semenyuk-Samsonenkonun meyiti tapılıb. Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Semenyuk Kiyev yaxınlığındakı Çayka kəndindəki evində özünü güllələyib.
2004-cü ildə baş verən "narıncı inqilab"dan sonra keçmiş nəqliyyat naziri Georgi Kirpanın da meyit tapılmışdı. Kirpanın meyiti 2004-cü il dekabrın 27-də, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda səsvermənin səhəri günü aşkarlanmışdı. İstintaqın əsas versiyası intihar idi. Onun həyatına qəsd etməsinin səbəbi kimi mərhumun rəhbərlik etdiyi "Ukrzaliznıtso"dan milyardlar oğurlaması və prezident seçkilərində saxtakarlığa yol verməsi göstərilirdi.
Elə o zaman, 2004-cü ildə baş verən "narıncı inqilab"dan sonra Ukraynanın keçmiş daxili işlər naziri Yuri Kravçenko da intihar etmişdi.
2005-ci il martın 5-də isə o vaxtkı baş prokuror Svyatoslav Pikun keçmiş daxili işlər nazirini Georgi Qonqadzenin işi üzrə aparılan cinayət işi ilə bağlı şahid kimi sorğu-suala dəvət edib. Martın 4-də onun meyiti aşkarlanıb və rəsmi versiya kimi intihar etdiyi irəli sürülüb.

"Ukrayna Krımı asanlıqla Rusiyaya güzəştə getdi"

Bu arada Minsk danışıqlarından sonra Rusiya-Ukrayna münasibətlərində nisbi sakitlik yaransa da, lakin ekspertlər bu prosesin heç də uzun sürməyəcəyi qənaətindədirlər. Xüsusilə, bu günlərdə Almaniya kansleri Algela Merkelin ÜmumAvropa Ordusunun yaradılması ideyasının Rusiya tərəfindən ciddi etirazla qarşılanması və rəsmi Moskvanın Minsk anlaşmasına əməl etməməsi barədə söylənən fikirlər Moskva-Kiyev gərginliyinin yenidən artacağı qənaəti yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi Faiq Qəzənfəroglu "olaylar"-a verdiyi müsahibədə qeyd edilən məsələlər barədə danışıb: "Əslində Rusiya-Ukrayna münasibətlərinin kəskinləşməsi və arzuolunmaz duruma gəlib çıxması bütün xristian dünyası üçün mənfi hal hesab olunur. Çünki burada ümumilikdə uduzan Qərb-Xristian dünyasıdır. Onlar bunu çox yaxşı anlayırlar. Bir fakta diqqət yetirək ki, Ukrayna Krımı asanlıqla Rusiyaya güzəştə getdi. Ona görə ki, türk torpağı olan və müsəlmanların yaşadığı Krım ugrunda savaşmağı Ukrayna mənasız saydı. Bu məsələdə Qərb, o cümlədən Birləşmiş Ştatlar da çox israr etmədi. Amma Ukraynanın digər ərazilərində baş verənlərə isə nə rəsmi Kiyev, nə də Qərb etinasız yanaşa bilmədi. Bu onu göstərir ki, burada daha çox nüfuz dairəsi arasında mübarizə önəmlidir. Qərb Rusiyanın daha da içərilərinə girmək üçün ən yaxın yolu Ukraynada görür. Bu anlamda Krımın Rusiyanın tabeçiliyinə keçməsi Qərbi çox narahat etməsə də, amma bütövlükdə onlar Ukraynanın itirilməsiylə razılaşa bilmirlər. Burada əsas məsələ odur ki, Qərb Rusiyaya çox da etibar edə bilmir. Özəlliklə, ABŞ narahatdır ki, Rusiya Federasiyası hər hansı bir formada yeni bir birlik yaradaraq Avropaya və ABŞ-a qarşı güclü alternativə çevrilə bilər. Ən maraqlısı isə odur ki, Rusiya Qərbə qarşı yeni ittifaqı vaxtilə düşmən oldugu İran və Türkiyə kimi dövlətlərlə yarada bilər. Əlbəttə, bu baş tutarsa Orta Asiya və Azərbaycan da bu birlikdən kənarda qalmayacaq. Üstəlik, digər müsəlman dövlətlərinin də burada iştirakı mümkündür. Hər halda ABŞ Rusiyanin bir xristian dövləti olmasına baxmayaraq türk-müsəlman dövlətləriylə yaxınlaşmasından rahatsızdır. Bu mənada Qərb Ukraynanı əldə saxlamaqla Rusiyanın yeni birlik axtarışlarını əngəlləmək niyyəti güdür. Ona görə də Rusiya-Ukrayna münasibətlərindəki nisbi sakitlik, sadəcə tərəflərin öz startegiyalarını yenidən dəyərləndirməsi baxımından önəmlidir. Əgər hər hansı bir tərəf vaxt dəyərləndirməsini bitirmək həddinə gələrsə, nisbi sakitliyə də son veriləcək. Əslində bunun çox uzun və ya da qısa sürməsi strateqlerin müəyyənləşdirdiyi hədəflərlə baglıdır. Məncə, Rusiya Qərbə qarşı yeni birlik yaratmadan Ukraynada nisbi sakitliyin pozulması onun üçün əlverişsiz olacaq. Bu anlamda rəsmi Moskva bu vaxtdan istifadə edərək gizlin və aşkarda yeni birlik ideyasını reallaşdırmağa çalışacaq".

Ümumavropa ordusu ideyası reallaşacaqmı?

Ekspert daha sonra deyib ki, əgər bu gün ümumAvropa ordusunun yaranması ideyasından bəhs olunursa, deməli burada alternativ var: "Yəni alternativ olmadan ümumAvropa ordusunun yaranmasının nə əhəmiyyəti olsun ki? Məncə, belə bir ideyanı ortaya atanlar hiss edirlər ki, Rusiya da onlara qarşı bir ordu yaradır. Bu təxminən 2-ci Dünya müharibəsindən öncəki durumu xatırladır. Yəni ayrı-ayrı müharibə ocaqları yaranır və daha sonra həmin müharibə ocaqları arasında ikiləşmə gedir. Bu gün də mövcud olan müharibə ocaqlarına münasibətdə əsasən ikili baxış var: 1) Qərb-Avropaya meyil edənlər; 2) Rusiya və ona yaxın sayılan ölkələrə meyil edənlər. Bu o deməkdir ki, son 1 əsrdir gizlində və aşkarda müharibə ocaqlarını yaradanlar və dəstəkləyənlər məhz bu iki qüvvədir. Bunu Azərbaycan və Ermənistan arasında gedən müharibəyə də aid etmək olar. Burada əsas məsələ odur ki, hər iki qüvvə ilk baxışda müharibə ocağının kənarında görünüb, hətta sülh danışıqlarında birbaşa iştirakçı rolunu oynasalar da, əslində bu savaş həm də onların arasında gedir. Hər iki qüvvə, hər iki müharibə iştirakçısına söz verir ki, bu məsələdə obyektiv mövqe tutur və tutacaq. Əlbəttə, bu zaman onların nəzərdə tutduqları obyektivlik onların öz maraqlarıdır. Bu anlamda ümumAvropa ordusunun yaranması Ukraynanın xilası deyil, Qərbin özünü müdafiəsi ola bilər. Eyni sözü Rusiyaya da aid etmək olar. Rusiya da yeni bir birlik yaradaraq ümumAvropa ordusuna qarşı alternativ orduyla çıxış edə bilər. Əlbəttə, artıq Qərbin və Rusiyanın III Dünya müharibəsi qədər də olmasa, ancaq hansısa bir səviyyədə üz-üzə gəlməsi qaçılmazdır. Mən yenə o fikirdəyəm ki, Qərb-Rusiya qarşıdurmasında Türk-müsəlman dünyası mümkün qədər kənarda durmalıdır. Əgər bu mümkün olmayacaqsa, yenə də Türk-müsəlman dünyasının iki qüvvədən birini semək kimi məcburiyyti olamamlıdır. Yəni Türk-müsəlman dünyası üçüncü bir qüvvə kimi onun maraqlarına cavab verənlə müəyyən mənada əməkdaşlıq etmək gücündə olmalıdır..."
Kənan Rzaquliyev