Milli Şuranın mitinq biabırçılığına siyasilərin reaksiyası
10:44 17-03-2015
İQTİSADİYYAT
Milli Şuranın mitinq biabırçılığına siyasilərin reaksiyası
Xəbər verdiyimiz kimi, Milli Şura martın 15də Məhsul stadionunda növbəti mitinqini keçirdi. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, mitinqdə kütləvilik təmin olunmadı.
Eyni zamanda, Milli Şuraya daxil olan ənənəvi partiyalar, ənənəvi siyasilər, ənənəvi çıxışlar etdilər. Belə demək mümkündürsə, yenə də özləri deyib, özləri eşitdilər. Yəni, cəmiyyətdən hər hansı reaksiya olmadı. Mitinqlə bağlı münasibət öyrəndiyimiz siyasilər də analoji mövqeyi ifadə etdilər.
ADP sədrinin müavini Taliyət Əliyev "Unikal"a açıqlamasında deyib ki, mitinq gözlənildiyi kimi zəif alınıb: "Mitinqlə bağlı fikirlərimi mtinqdən öncə demişdim. Təəssüf hissi ilə qeyd etməliyəm ki, gözləntilərim doğruldu. Əhalinin 1 faizi belə mitinqə qatılmadı. Halbuki, bu mitinq siyasi tələblərlə deyil, sosial-iqtisadi tələblərlə keçirilirdi. Bu mitinqdə qaldırılan problemlər demək olar ki, əhalinin 90 faizini narahat edir. Bu da bir daha onu göstərir ki, əhali özünün problemlərinə belə biganədir. Amma mövcud şərtlər daxilində keçirilən mitinqi baş tutmuş hesab edirəm".
"Unikal"ın məlumatına görə, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın bazar günü keçirilən icazəli mitinqini şərh edərkən deyib ki, bu mitinq deyildi, bir şou idi: "Əli Kərimli konsert verirdi. Çıxışdan daha çox musiqi idi. Özünün səsi olmadığından elə Əbülfəz Qurbanlını orada uladırdı". S.Novruzov bildirib ki, mitinqdə səslənən fikirlərin heç biri, ümümiyyətlə, nə məntiqə, nə iqtisadiyyata, nə siyasətə aidiyyatı olmayan məsələlərdir: "Avropadan ayrı-ayrı qurumlardan maliyyələşən və onların sifarişi ilə Azərbaycanda bu cür şeyləri təşkil edən insanlar digər insanların ünvanına ittiham səsləndirirlər". YAP rəsmisi hesab edir ki, bu cür mitinqlərin heç bir effekti yoxdur və gələcəkdə də effektsiz olacağı göz qabağındadır, çünki müxalifətin heç bir sosial bazası yoxdur. Mitinqdə iştirak edən insanların sayı məsələsinə toxunan S.Novruzov bildirib ki, orada 800-dən çox insan içtirak edərdi "bunların da əksəriyyəti özlərinin qohum-əqrabası və pulla tutulmuş adamlarıdır".
"Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Milli Şuranın 15 mart mitinqini Azərbaycana qarşı iş aparan xarici qüvvələrin və onların burdakı nümayəndələrinin revanşı kimi qəbul edir: "Bizim müşahidə qrupumuz var idi. Aparılan müşahidələrə görə müəllimlər də həmin mimtinqə qatılmışdır. Hadi Rəcəblinin sonuncu provakasiyasından sonra bir daha əmin oldum ki, ölkədə pis ənənənin təməlini qoydular. Mən hələ yanvar ayında demişdim ki, müəyyən qüvvələr ölkədə prosesləri məcradan çıxarmaq üçün müəyyən fəaliyyətə başlayacaqlar. Kimin nə deməsindən asılı olmayaraq, kimin mitinqi aşağılamasından asılı olmayaraq, bir fakt var ki, Azərbaycanın maraqlarına ziddi olan prosesə start verildi. Demək olar ki, Qərb dairələrinin Azərbaycana qarşı təzyiq maşını işə düşdü. 5-10 nəfər də olsa, meydana adam çıxardılar".
Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli isə deyib ki, Milli Şuranın mitinqi gözləniləndən zəif keçdi: Mitinq daha kütləvi ola bilərdi. Təəssüf ki, Milli Şura bu mitinqin kütləvi olması üçün vacib olan bir addımı atmadı. Bu da Müsavat Partiyası rəhbərliyi tərəfindən onlara dəstək məqsədilə edilən müraciətə cavab verilməməsi idi". M.Hacıbəyli mitinq məsələsində Milli Şuranın Müsavat Partiyasını qabaqlamasına münasibət bildirərək bunun prinsipial məsələ olmadığını söyləyib: "Müsavat Partiyası öz partiya maraqlarından yox, demokratik düşərgənin və dövlətin maraqlarından çıxış edir. Kimlərsə Müsavat Partiyası ilə yarışda önə keçmək xəttini seçiblərsə, onlara uğurlar arzu edirik. Bunlar bizim üçün prinsipial məsələlər deyil. Müsavat Partiyası Milli Şuranın istər ötən ilin son aylarında, istərsə də sonuncu mitinqinə dəstək verib. Biz bundan sonrakı mərhələdə də mübarizənin genişlənməsinin tərəfdarıyıq və demokratik düşərgədə olan hər bir qüvvə ilə əməkdaşlığa hazırıq".
M.Hacıbəyli qeyd edib ki, Milli Şuranın əvvəlki mitinqi ilə müqayisədə, martın 15-də keçirilən aksiya daha kütləvi olsa da, gözləntilər özünü doğrultmadı: "Manatın devalvasiyası və bundan doğan iqtisadi böhran əhali tərəfindən mənfi qarşılanıb. Ona görə də mən gözləyirdim ki, bu aksiya daha kütləvi olacaq. Amma gözləntilərimiz özünü doğrultmadı. Yəni hazırda ictimai rəydə olan tələbatın fonunda bu mitinq gözlədiyimizdən zəif keçdi".
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "Unikal"a açıqlamasında deyib ki, mitinqlə bağlı verdiyi proqnoz özünü doğrultdu. Onun sözlərinə görə, bir daha sübut olundu ki, Azərbaycan xalqı hətta Əli Kərimlinin "sosial aksiya" adı ilə təyin etdiyi mitinqə dəstək vermir: "Bu adam bu mitinqi siyasi deyil, sosial aksiya kimi təqdim edirdi. Və bütün təbliğatını da buna yönəltmişdi. Mitinqin keçirilməsinin səbəbini keçən ayda ABŞ dollarının Azərbaycan manatı ilə müqayisədə bahalaşmasına görə elan etmişdi. Mitinqdən əvvəl də mən yerli mətbuata demişdim ki, Əli Kərimli heç bir ciddi dəstək qazanmayacaq. Bu adam istəyirdi ki, görsün əhali bu vəziyyətdə onun çağrışına dəstək verəcək, ya yox. Ancaq unudur ki, xalq Əli Kərimlini son 22 ildə çox yaxşı tanıya bilib. Xalq yaxşı bilir ki, Əli Kərimlinin Əbülfəz Elçibəyə etdiyi xəyanət hansı formada olub. Bu adam kimlərə xəyanət etməyib ki? Hər kəsi öz maraqlarına qurban verən biridir. Özünə hörmət edən siyasətçi Əli Kərimli ilə müttəfiqlik etmir. Hətta xanım siyasətçilər də. Vaxtilə Lalə Şövkət Hacıyeva Əli Kərimlinin etdiyi xəyanətə görə demişdi ki, "əyninə şalvar geyinən hər kişiyə, kişi demirlər". Lalə xanımın bu fikirlərini mətbuatdan tapıb oxuya bilərsiniz. Digər tərəfdən, bu adam 2013- cü ildə Rusiyanın dəstəyi ilə "Milli Şura" adı ilə hakmiyyətə gəlmək istəyirdi və buna görə Rusiya prezidenti Vladimir Putini "böyük demokrat" adlandırdı. İndi isə utanmadan mitinqə Avropa Birliyinin bayrağı ilə çıxır. Bu riyakar siyasətçiyə kim dəstək verər? Baxın, araşdırın görün vətəndaşlardan neçə nəfər Əli Kərimlinin çağırışı ilə mitinqə qatılmışdı? Heç kim. Mitinqə gələnlər öz ailə üzvüləri və hakimiyyətdən qovulan Gültəkin Hacıbəylilər, polis və jurnalistlərdir. Dünən mən facebook.com sosial şəbəkəsində mitinqin yüksəklikdən çəkilən şəkilini yaymışam. Baxın, görün buna mitinq demək olar , ya, yox".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05