Erməni "soyqırım"ının vida gecəsi
10:56 17-03-2015
İQTİSADİYYAT
Erməni "soyqırım"ının vida gecəsi
Dünya artıq erməni kartından imtina edir
Türkiyə və Ermənistan ciddi şəkildə 24 aprel aksiyasına hazırlıq görür. Türkiyə məlum tarixdə Çanaqqala savaşının 100 illiyini, Ermənistan isə qondarma erməni "soyqırım"ının yüz illiyini yad etməyə hazırlaşır. İlk baxışda adi aksiya kimi qəbul edilən hər iki tədbir özlüyündə mühüm bir siyasi sınaq kimi dəyərləndirilməli və bu aksiyaya qatılan dövlətlərin bununla bir seçim etdikləri də öz həllini tapacaq.
Xristian
mayalanmasının iflası
Uzun illər erməni "soyqırım"ı xristian dövlətləri tərəfindən Türkiyəyə qarşı bir təzyiq forması kimi seçildi və Türkiyə özlüyündə buna görə ciddi problemlər yaşamalı oldu. On illər ərzində Türkiyənin Avropa Birliyinə daxil ola bilməməsinin başlıca səbəblərindən biri də məhz qondarma "soyqırım" bəhanəsi oldu. Ermənistan və erməni lobbisi də xristian həmrəyliyindən beş əlli yapışaraq istər Türkiyəyə, istər Azərbaycana ciddi problemlər yarada bildilər. Bu gün isə durum dəyişib. Və süni xristian mayalanmasının artıq yenə sonsuzluqla tamamlanacağı ortaya çıxmaqdadır.
Türk birliyi həyacanı
Nəhayət Türkiyə "soyqırım" tələsinin qarşısına Türk birliyi modelini çıxartdı. Türkdilli dövlətlərlə sıx əlaqələr quran və bunu əməli işə çevirən Türkiyə elə Azərbaycanın dəstəyi ilə türk birliyi yaratmağa çox yaxın oldu. Bu isə dünya güclərini sözsüz ki, narahat etməyə başladı. Digər tərəfdən Azərbaycanın Qərbin enerji təhlükəsizliyi siyasətində mühüm rol oynaması da Türkiyəni tranzit ölkəyə çevirdi və hələ ki, Ankara bundan məharətlə istifadə edə bilir. Belə məqamda Çanaqqala yürüşünün təşkil edilməsi də Türkiyə tərəfindən dünya güclərinə bir mesaj oldu. Mesaj isə qısa olaraq bundan ibarətdir. Kim Türkiyənin yanındadırsa Çanaqqalaya, kimlər Ermənistanın yanındadırsa Yerevana üz tuta bilər.
Kimlər hara üz tutacaq?
Hazırda bütün diqqət aparıcı dövlətlərin hansı ünvana gedəcəyindədir. Amma gəlin öncəliklə prinsipial bir aksiya haqqında da qeydlərə baxaq. Belə ki, ikinci dünya müharibəsində qələbənin növbəti ildönümü Moskvada qeyd edilməlidir və bununla bağlı Rusiya prezidenti dünya liderlərinə dəvət göndərib.Unutmayaq ki, hazırda Rusiya Ukrayna məsələsinə görə ciddi sanksiyalarla üz-üzə qalıb və bunun nəticəsi 9 may günündə də özünü göstərəcək. Artıq ABŞ, Böyük Britaniya, Almaniya, Fransa kimi ölkələr Moskvaya getməkdən imtina ediblər.Buna görə Rusiya possovet ölkələrini yenidən yada salmaq zorunda qalıb. Bu məsələdə xüsusi diqqəti cəld edən məqam isə budur ki, dünənə qədər erməni "soyqırım"ının yüz illiyinə görə Yerevana səfər etməyi planlaşdırmayan Rusiya prezidenti Vladimir Putinin Yerevana gedəcəyi bəyan edildi. Sözsüz ki, bunun qarşılığında Serj Sarksyan Moskvaya səfə edəcək. Amma məsələnin prinsipial məqamı bundan sonra Türkiyə-Rusiya münasibətləri ilə bağlı olacaq. Çünki son zamanlar iki ölkə münasibətləri kifayət qədər ciddiləşmişdi və yeni qaz kəmərinin çəkilməsi ilə bağlı iki dövlət razılığa gəlmişdilər. İndi isə durum dəyişəcək.
Fransa həmrəyliyi
Artıq Fransa höküməti bəyan edib ki, erməni "soyqırım"ı ilə bağlı Fransa prezidenti Yerevana səfər edəcək. Əslində bu gözlənilən idi və Türkiyə-Fransa münasibətlərinin yaxın illərdə qaydaya düşəcəyi də gözlənilən deyil.
İngiltərə jesti
Bu arada gözlənilməz addım Böyük Britaniyadan gəldi. Böyük Britaniyanın baş naziri Devid Kemeron bu il aprelin 24-də İrəvanda nəzərdə tutulan "erməni soyqırımı"nın 100 illiyi mərasiminə gəlməyəcək.Bu barədə Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç bildirib.
Onun sözlərinə görə, Böyük Britaniyanın baş nazirinə dəvətnamə hələ keçən ildən təqdim edilib. Ketrin Liç eyni gündə Türkiyədə Çanaqqala savaşının 100 illiyi ilə bağlı keçirilən mərasimə Böyük Britaniyadan yüksək səviyyədə dövlət rəsmilərinin iştirak edəcəyini vurğulayıb, çünki Çanaqqalada çox sayda Britaniya əsgəri həlak olub.
Göründüyü kimi, Britanya Çanaqqala savaşında Osmanlının əsas düşməni olmasına baxmayaraq, türklərin qazandığı qələbəni bayram etdiyi tədbirlərə qatılacaq. Amma İrəvana isə Londondan dövlət səviyyəsində qonaq getməyəcək. Bütün bunlar Böyük Britaniyanın ermənilərin uydurduğu soyqırım yalanına inanmadığını ortaya çıxarır. Bunu da yada salaq ki, Böyük Britaniyanı Türkiyədə kral ailəsi də təmsil edəcək.
Almaniya susqunluğu
Avropada əsas söz sahibi olan Almaniya isə hələ ki, rəsmi heç bir açıqlama verməyib. Amma ekspertlər hesab edir ki, Almaniya höküməti rəsmi şəkildə Yerevana nümayəndə göndərməyəcək və bu səbəbdən də rəsmi heç bir açıqlama verilmir. Çanaqqala yürüşünə gəldikdə isə çox böyük ehtimal ki, Almaniya müttəfiq hesab etdiyi Türkiyəyə nümayəndə göndərəcək.
Norveç konkretliyi
Norveçin baş naziri Erna Solberq uydurma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Ermənistanda təşkil olunacaq mərasimə qatılmayacağını açıqlayıb. E.Solberq Türkiyə ilə münasibətlərin daha önəmli olduğunu deyib. O,Norveç xarici işlər nazirinin də tədbirdə iştirak etməyəcəyini və ölkəni Ermənistandakı səfirin təmsil edə biləcəyini söyləyib.Norveç hökumət aparatının rəhbəri Baard Qlad Petersen isə bildirib ki, tarixi mövzular tarixçilərin öhdəsinə buraxılmalıdır.
ABŞ və İsrail seçimi
Hazırda isə bütün diqqət ABŞ və İsrailə yönəlib. Dünya gücləri sırasında özünəməxsus yeri olan bu iki dövlətin tutacağı mövqe bir çox proseslərə təsir edəcək. İlkin olaraq bunu yada salaq ki, Türkiyənin bu gün istər ABŞ-la, istərsə də İsraillə münasibətləri yaxşı deyil və bundan istifadə edən qüvvələr tapıla bilər. Unutmayaq ki, erməni lobbisinin ABŞ-da böyük gücü var və bu güc artıq hərəkətə keçirilib. Amma müşahidəçilər bu məsələdə də nikbindirlər.Hesab edilir ki, İsrail dövlət səviyyəsində Yerevana nümayəndə göndərməyəck. Ən azından ona görə ki, İsrail və yəhüdi lobbisi Azərbaycanla sıx əlaqədədir və Xocalı soyqırımının dünyaya tanıdılmasında yəhüdi lobbisi kifayət qədər işlər görüb. ABŞ-a gəldikdə isə çox böyük ehtimal ki, ABŞ prezidenti yenə ənənəvi çıxışında erməni "soyqırım"ı ilə bağlı bəyanatla çıxış edəcək. Amma Barak Obamanın bu olayı soyqırım kimi tanıması mümkünsüz görünür. Çünki gələn il Barak Obamanın prezidentlik müddəti başa çatacaq və belə məqamda onun "soyqırım" sözünü səsləndirməsi mümkünsüz görünür.
Erməni lobbisi
ümidsizlikdə
Beləliklə hadisələrin təhlili sübut edir ki, dünənə qədər xristian həmrəyliyindən maksimum yararlanan erməni lobbisi bu şansı artıq əldən verib. Çünki bu tip məsələlərə artıq dini konteksdən yanaşmalar yoxdur və xristianlığın beşiyindən olan Böyük Britaniya kimi bir dövlət açıq şəkildə Yerevan səfərindən imtina edir. Bu isə özlüyündə həm də Ermənistanın dünya siyasətində yerini tam itirməsi kimi xarakterizə oluna bilər. Düzdür, "soyqırım" günü Ermənsitan çalışacaq ki, Latın Amerikasından olan bir sıra dövlətləri Yerevana dəvət etməklə yaranan uğursuzluğu ört-basdır etsin. Amma fakt budur ki, erməni "soyqırım"ı yüz iliyində tarixin arxivinə göndərilir. Çünki artıq bu gün erməni kartı ilə oynamağın mənasızlığı ortaya çıxıb və yedəkçi bir dövlət olan Ermənistanın süfrənin başında otuzdurulmasının heç bir mənası qalmayıb.
Ermənilərdə "soyqırım"a biganəlik
Bu arada diqqəti cəlb edən maraqlı başqa nüans erməni ziyalılarının və siyasilərinin də böyük hissəsinin erməni "soyqırım"ı mövzusuna ciddi yanaşmadığı, hətta bundan artıq imtina etməyin vacibliyi kimi bəynatlar səslənir. Belə açıqlamalardan birinin müəllifi isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosiyan oldu. Eks-prezident son zamanlar Serj sarksyan hakimiyyətinin ortaya atdığı "ümumerməni bəyannamə"sini sərt tənqid edib. Müxalifət lideri hesab edir ki, bu sənədin Ermənistan üçün acı nəticələri olacaq. Onun fikrincə, bəyannamə bütün məlum elementlər üzrə tələblərin irəli sürülməsini nəzərdə tutan xarici siyasətin əsasını qoyur. Söhbət Türkiyənin "erməni soyqırımı"nı tanıması və pisləməsindən, 1915-ci ildə Osmanlı İmperiyasında yaşamış ermənilərin varislərinə maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsindən, şəxsi və icma (kilsə) mülkiyyəti hüququnun bərpasından, həmçinin Sver müqaviləsi və ABŞ prezidenti Vudro Vilson tərəfindən cızılmış sərhədlər çərçivəsində Ermənistan ərazisinin genişləndirilməsindən gedir. Ter-Petrosyan deyib: "Fikrimcə, bu sərt dönüşün hansı fəsadlara yol aça biləcəyini proqnozlaşdırmaq çətin deyil. Bəyannamə bizi faciəvi olmasa da, ən azı ciddi problemlərlə qarşılaşdıracaq. Söhbət xarici dünya ilə münasibətlərdə yaranacaq problemlərdən gedir. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə müəyyən maneələr yaradacaq. Düzgün hesablanmamış bu sənəd nəticəsində nəinki beynəlxalq birliyin Ermənistana rəğbətini artırmayacaq, hətta Ermənistan dost ölkələrin köməyindən məhrum olmaq riski ilə də üz-üzə qalacaq".
Sonda isə başqa bir faktoru da yada salmaq istəyərdim. Bu gün dünyada erməni soyqırımına ən böyük zərbə həm də Heydər Əliyev Fondu tərəfindən vuruldu. Çünki ermənilərin qondarma "soyqırım" şousunun qarşısına "Xocalıya ədalət" kampaniyası çıxarıldı və dünya erməni vəhşiliyini əyani şəkildə gördü. ABŞ kimi bir dövlətdə kök salan erməni lobbisi belə bu kampaniyanın qarşısında aciz qaldı və bir çox ştatlar Xocalı soyqırımına ən yüksək səviyyədə dəstək oldular.
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05