Oliqarx şirkətlərində "maaş üsyanı" təhlükəsi
12:21 18-03-2015
İQTİSADİYYAT
Oliqarx şirkətlərində "maaş üsyanı" təhlükəsi
Bəzi iri məmurlar əmək haqlarını verə bilmirlər
Xatırlatmaq artıq olardı ki, bəzi yüksək çinli məmurların - komitə sədrlərinin, nazirlərin, həmçinin deputatların bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları zaman-zaman müzakirə mövzu olub. Qanunvericiliyin sözügedən fəaliyyəti onları qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar.
Araşdırmalar göstərir ki, hər bir məmurun biznesi onun iqtidar daxilində tutduğu iyerarxik pilləyə və şəxsi nüfuzuna adekvatdır. Yəni oliqarxa çevrilmiş nazirin nüfuzu nə qədər böyük, sözü nə qədər keçərlidirsə, onun biznesi bir o qədər çoxşaxəli, qüdrətlidir. Hazırda nazirlər arasında şirkətlər qrupuna sahib olanlar da var, nisbətən orta biznes fəaliyyəti ilə məşğul olanlar da. Ekspertlər bunu ölkə iqtisadiyyatının inkişafını əngəlləyən əsas problemlərdən biri kimi görürlər.
İndi isə belə məlumatlar gəlməkdədir ki, ölkənin bəzi iri məmurlarına məxsus şirkətlərdə maaş problemi yaranıb. Hətta bir çox oliqarxlara məxsus müəssisələrdə az qala iki aya yaxındır əmək haqların ödənilməməsi və ya gecikdirilməsi müşahidə olunur.
Verilən məlumatlara görə, yaranmış vəziyyət iki səbəblə izah edilir. Bunlardan biri neftin qiymətinin kəskin ucuzlaşması və nəticədə ölkəyə maliyyə axınının azalması, bunun da sonucunda bir çox iri məmurların şirkətlərinin həyata keçirməyə hazırlaşdıqları və yaxud başladıqları dövlət investisiya layihələrin təxirə salınması, ya da həmin layihələrin büdcəsinə yenidən baxılaraq azalmalara gedilməsidir.
Başqa bir səbəb isə manatın dollara nisbətən ucuzlaşması göstərilir, bildirilir ki, manatın devalvasiyası ölkədə qiymət artımı ilə yanaşı bir sıra başqa problemlər də yaradıb. Belə ki, manatın devalvasiyasından öncə udulan tender layihələri ilə bağlı ciddi problem yaranıb. Buna səbəb manatın devalvasiyasından sonra bir sıra tender layihələrinin dəyərinin dəyişməsinə baxmayaraq əvvəlki öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsidir. Bu isə oliqarxlar arasında ciddi narazılığa səbəb olub. Onlar tenderlərin öhdəlikləri ilə bağlı məsələlərə yenidən baxılmasını tələb edirlər.
Ərzaq təminatı, investisiya layihələrinin reallaşması ilə bağlı tenderlərin reallaşması ciddi sual altında qalıb. Ekspertlər hesab edir ki, büdcə vəsaitlərinin xərcləndiyi iri istiqamətlərdən biri də məhz tender layihələridir. Bu tenderlərin isə ilk növbədə oliqarxların nəzarətindəki şirkətlər tərəfindən "udulduğunu" bilməyən yoxdur.Manatın devalvasiyası ilə əldə olunmuş tender layihəsinin ilkin qiyməti ilə hazırki qiyməti arasında kəskin fərq mövcuddur.Bu isə oliqarxları olduqca çətin situasiyada qoyub. Onlar həmin itkinin yerini ixtisarlar aparmaqla bərabər, maaşların həcmini azaltmaqla doldurmağa çalışırlar, amma bu da bir çox hallarda məmur şirkətlərinə kömək etmir. Belədə, maaşların ya ümumiyyətlə ödənilməməsi, ya da əmək haqlarının gecikdirilməsi müşahidə olunmağa başlayır.
Bu barədə yayılan məlumatlarda həmçinin bildirilir ki, artıq iri məmurlara aid elə müəssisələr var ki, orada işçilərin dözüm limiti tükənib və onlar rəhbərlikdən narazılıqlarını açıq şəkildə bildirməyə hazırlaşırlar. Ümumiyyətlə, ekspertlər də hesab edirlər ki, biz qarşıdakı dövrdə müxtəlif oliqarxlara məxsus şirkətlərdə, məhdud məsuliyyətli cəmiyyətlərdə, ASC-lərdə, digər müxtəlif istehsal müəssisələrində maaşların azaldılması yaxud gecikdirilməsi ilə bağlı işçi narazılıqlarının baş qaldırmasının şahidi ola bilərik.
"Açığı, hələ ki, bəzi iri məmurlar öz şirkətlərində bu cür etirazların baş verməsini mümkün olduğu qədər önləməyə çalışırlar. Bütün mümkün variantlardan istifadə edirlər ki, nə özlərinin, nə də biznes strukturlarının adları I Avropa Oyunları ərəfəsində hansısa neqativ məzmunlu xəbərdə keçməsin. Bunu həm öz vəzifə karyeralarına, həm də bizneslərinə təhlükə kimi gördükləri üçün bütün imkanlarını səfərbər edirlər. Amma vəziyyətin uzun müddət belə davam etməsi imkansız görünür. Əvvəl-axır məmur şirkətlərində ixtisarlar və maaşların ödənilməməsindən, yaxud yubadılmasından narazılıqlar aşkar şəkildə hiss ediləcək" - deyə bu mövzuda "Unikal"a açıqlama verən adının çəkilməsini istəməyən ekspert bildirib.
Onun sözlərinə görə, bir neçə aparıcı oliqarxın bizneslərinin yaxın aylardakı periodda hər hansı ciddi təhlükə gözlənilməsə də, xüsusilə ikinci dərəcəli məmurların nəzarət və himayəsindəki müəssisələrdə çalışanların kəskin maaş problemi ilə üzləşməsi istisna edilmir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05