AXCP ilə Müsavat arasında yeni qarşıdurma
08:41 19-03-2015
İQTİSADİYYAT
AXCP ilə Müsavat arasında yeni qarşıdurma
15 mart mitinqi iki partiya rəhbərliyini üz-üzə gətirib
AXCP ilə Müsavat Partiyası arasında münasibətlər yenidən gərginləşib. Əzəli mehriban düşmən olan iki siyasi qurumun rəhbərliyi qarşılıqlı ittihamlara başlayıblar.
Bu dəfə isə münaqişəyə səbəb martın 15-də Milli Şuranın keçirdiyi mitinq olub. Belə ki, Milli Şura, daha doğrusu, AXCP rəhbərliyi bəyan edib ki, mitinqə gəlməyənlər hakimiyyətin maraqlarına uyğun mövqedə dayananlardır. Yəni, dolayısı ilə, Müsavatı hakimiyyətə işləməkdə suçlamışdılar. Ancaq Müsavatdan buna reaksiya gəlməsi münaqişə ocağını daha da alovlandırdı.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavatda Mitinq Komitəsi yaradıldığını, partiya strukturları ilə məsləhətləşmələrin yekununda yaxınlarda keçirəcəkləri aksiyanın günü və şüarları barədə qərar qəbul edəcəklərini söyləyib. Onun sözlərinə görə, müxalifətin kütləvi aksiyaları birlikdə keçirməsinin tərəfdarıdırlar: !Ancaq Milli Şuranın bu məsələlərdə mövqeyi fərqlidir və onlar təkbaşına kütləvi aksiyalar keçirmək barədə qərar qəbul ediblər. Bu, onların hüququdur. Müsavat Partiyasının nə Milli Şura, nə də AXCP ilə hər hansı rəqabəti yoxdur".
Müsavat başqanı Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşəndə partiyasının aksiyaya dəstək verəcəyi barədə təklif irəli sürməsinə də münasibət bildirib: "Mən Cəmil Həsənliyə Müsavat Partiyası adından öz təklifimi verdim, ancaq təklifimə bu günə kimi cavab almamışam". O deyib ki, buna baxmayaraq, yenidən Cəmil Həsənliyə müraciət etməsi istisna deyil: "Bəzi partiya üzvləri mənim Milli Şura rəhbərliyinə yenidən müraciət etməməyimi istəyirlər. Ancaq biz yenə də müzakirə edəcəyik və əgər cəmiyyətin mənafeləri tələb edərsə, yenidən müraciət etməyimiz istisna deyil". Arif Hacılı martın 15-də keçirilən aksiyada iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib: "Müsavat Partiyasının üzvlərinə bu aksiyada iştirakla bağlı sərbəstlik verilmişdi. Açıq-aydın görünür ki, AXCP rəhbərliyi bizim bu aksiyalarda iştirakımızı arzulamır və biz onların təşkil etdiyi mitinqə gedərək diqqəti özümüzə cəlb etməyi siyasi etikaya uyğun saymadığımız üçün mitinqə getmədik".
Müsavatdan "Unikal"a daxil olan məlumata görə, partiya qarşıdakı dövrdə aksiya keçirmək niyyətindədir. Bu barədə açıqlama verən A.Hacılının sözlərinə görə, Müsavat aprel ayından tez olmayaraq hər hansı siyasi partiya ilə seçki blokunun yaradılması məsələlərini müzakirə etməyəcək: "Real müxalifət partiyalarının seçkilərdə blok şəklində iştirakının tərəfdarıyıq. Seçkilərdə Müsavat Partiyası ilə hədəfləri üst-üstə düşən, bizimlə müttəfiqliyə hazır olan siyasi partiyalarla birgə iştirak imkanlarını araşdırırıq. Əgər bu alınmayacaqsa, seçkilərdə təkbaşına iştirak edəcəyik". Müsavat başqanı qeyd edib ki, bugünkü siyasi şəraitdə ciddi seçki blokunun yaradılması ehtimalı yüksək görünmür: "Ancaq seçki kampaniyası dövründə siyasi vəziyyətin dəyişməsi mümkündür".
Maraqlısı odur ki, uzun müddətdir ki, müxalifətdaxili gərginliyə ara vermək qərarına gələn AXCP artıq fərqli taktika seçib. "Unikal"ın məlumatına görə, AXCP Müsavatla açıq qarşıdurmaya getməkdən çəkinmir. Belə ki, 15 mart mitinqi ilə bağlı Arif Hacılının açıqlamasına AXCP-dən sərt yanıt gəlib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib ki, Müsavatın iddiasının əsası yoxdur: "Vaxtilə Arif Hacılı Milli Şurada təmsil olunurdu və Müsavatın Milli Şuradan getməsində müstəsna xidmətləri oldu. İndi yenidən niyə Milli Şuraya müraciət edir? Müsavat Partiyası rəhbərliyinin Milli Şuranın 15 mart mitinqində iştirakına heç kim mane olmayıb. Milli Şuranın bu mitinqi xalqın sosial sifarişi, ümumxalq mitinqi idi. Müsavat rəhbərliyinin qarşısına heç kim sədd çəkməmişdi ki, bu mitinqə qatılmasın. Müsavat Partiyasının mitinqdə iştirakla bağlı AXCP-yə heç bir müraciəti olmayıb. Əgər səmimi olsaydılar, meydana gələrdilər. Kim onları meydandan çıxaracaqdı?".
Məsələylə bağlı "Unikal"a açıqlama verən tanınmış tərcüməçi-yazar, ictimai-siyasi fəal Nadir Qocabəyli deyib ki, AXCP və Müsavatın son illərdəki fəaliyyətini ötəri izləyən və siyasi proseslərdən az-çox anlayan hər kəs bilir ki, bu qurumların potensialı tamamilə tükənməkdədir: "Ona görə də, bunların hakimiyyət uğrunda mübarizə aparması qətiyyən real və ağlabatan deyil. Odur ki, həm gündəmdə qalmaq, həm də müxalifət qala bilmək üçün ölüm-dirim savaşı aparırlar. Mən o son mitinq haqda öz fikirlərimi paylaşdım. AXCP-nin mitinqi əslində, bütün dünyaya bu hakimiyyətdən, son günlərdə baş verən devalvasiyadan, qiymət artımından narazı olanları 5-6 yüz nəfərdən ibarət olduğunu göstərməyə xidmət etdi. Belə bir xidməti bu iqtidara heç onun özü də göstərə bilməzdi. Amma bunlar Müsavatı hakimiyyətə işləməkdə ittiham edir. Bəlkə də, onlar da işləyirlər, amma AXCP-nin göstərdiyi bu son xidmətin müqabilində, ola bilsin ki, ciddi bir iş görə bilməyiblər. Ona görə də, "bizi niyə dəvət etmədiniz" deyə cığallıq edirlər. Xidmətdən kənarda qaldıqlarını özlərinə bağışlaya bilmirlər".
Martın 15-də keçirilən mitinqlə bağlı yaranan qarşıdurmaya gəlincə, Nadir bəy "Əslində dəvət olunsaydılar da, böyük dəyişiklik olmayacaqdı. Artıq faktiki olaraq ikiyə bölünmüş Müsavat, bəlkə də, əlavə olaraq 2 yüz nəfər çıxara bilərdi. Amma sizə onu da deyim ki, mitinq həvəskarı olan müsavatçılar o mitinqdə iştirak ediblər. Azərbaycanda hazırda AXCP-Müsavatın bayrağı altında mitinqə gedəcək adamların hamısı orda olub. Boş yerə mübahisə etməsinlər", - deyə münasibət bildirib.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli "Unikal"a açıqlamasında deyib ki, AXCP ilə Musavat partiyası arasında uzun illər davam edən qarşıdurma çox pis nəticələr doğurub. Onun sözlərinə görə, hətta bu münaqişənin AXCP-Musavat hakimiyyətinə son qoyduğunu da söyləmək mümkündür: "Bu cütlük hakimiyyəti təhvil verməyə məcbur olduqdan sonra da aralarında olan ixtilafı dayandırmadılar. Nəticədə müxalifət düşərgəsinin apardığı mübarizə ayrı-ayrı liderlərin ambisiyalarına qurban verilməklə uğursuzluğa düçar oldu. Özünü qəbul etdirmək məqsədilə minlərlə insanın ümidi üzərinə qara pərdə çəkdilər. Haradasa vahid düşüncəyə yaxın olan, birlik göstərən müxalifət düşərgəsi param-parça oldu. Mübariz insanlar ya ölkəni tərk etmək məcburiyyətində qaldılar, ya da usanaraq geri çəkildilər. Bir çoxları isə dünyasını dəyişdilər. Amma bütün bunlar AXCP və Musavatın rəhbərlərinin əhval-ruhiyyəsinə təsir etmədi. Hazırda bu partiyaların qarşıdurması və qrup təfriqələri siyasi həyata heç bir təsir göstərmir. Çünki onların özləri belə davranışları ilə cəmiyyətdə antipatiya doğurublar. Düşünürəm ki, bu intiriqalar daha çox həmin partiyaların özlərinə zərbə vurur".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05