Azərbaycan regionda nüfuzunu qorudu
08:42 19-03-2015
İQTİSADİYYAT
Azərbaycan regionda nüfuzunu qorudu
Uzun müzakirələrdən sonra nəhayət ki,TANAP layihəsinin təməlqoyma mərasimi keçirildi və Azərbaycan-Türkiyə-Gürcüstan prezidentləri növbəti tarixi layihəyə imza atdılar. Əslində bu Azərbaycan prezidenti İlham Əliyevin regionda növbəti və prinsipial uğuru oldu. Nəyə görə prinsipial uğur?
Regionda növbəti dalğa
Son illər prezident İlham Əliyevin tərəfsiz xarici siyasət kursunu seçməsi demək olar ki, Rusiya kimi ABŞ və Avropanı da qıcıqlandırırdı. Hətta bəzi məqamlarda bu qıcıq açıq təzyiq şəkilində həyata keçirilirdi. Məsələn, İlham Əliyev bir neçə il öncə təkliflə çıxış etdi və bildirdi ki, Bakı-Qars dəmryolunun tikintisinə hazırlıq görülür. Həmin zaman Avropa və ABŞ məsələyə çox soyuq reaksiya verdilər və bəyan edildi ki, bu layihənin reallaşdırılmasına ehtiyac yoxdur. Hətta öncələr dəmiryol layihəsini maliyyələşdirməyə razılıq verən transmilli şirkətlər belə sonradan təmsil olunduqları dövlətlərin təzyiqi ilə geri çəkildilər. Amma İlham Əliyev bu ideyanın reallaşması üçün bütün ağırlığı öz üzərinə götürdü, hətta layihənin həyata keçirilməsi üçün Gürcüstana kredit də ayırdı. Nəticədə layihənin tikintisinə start verildi və hazırda tamamlanma işləri həyata keçirilir. Amma Qərb və ABŞ bu ərəfədə Azərbaycana təzyiqləri artıraraq NABUCCO layihəsinə başlamağı istədilər. Bütün təzyiqlərə baxmayaraq İlham Əliyev bunun hazırkı məqamda səmərəli olmadığını bildirdi və TANAP-la TAP layihələrini gündəmə gətirdi. Bütün bunlar isə onu sübut edirdi ki, Azərbaycan regionda müstəqil siyasət həyata keçirir və nəticələr Azərbaycanın maraqlarına cavab verməlidir.Bu baxımdan TANAP layihəsinin reallaşması Azərbaycanın regionda söz sahibliyini təsdiqləyən faktor oldu.
Çevik siyasi gediş
TANAP layihəsinin digər önəmliliyi isə budur ki, Türkiyə ilə Rusiya yeni razılaşma ərəfəsində idilər və Rusiya, həmçinin Orta Asiya qazının Avropaya çıxarılması üçün türk axını layihəsinin reallaşdırılması nəzərdə tutulmuşdu. Bu isə Azərbaycanın regiondakı nüfuzuna zərbə kimi dəyərləndirilə biliərdi. Amma İlham Əliyev daha çevik siyasət yürüdərək TANAP-a yaşıl işıq yandırdı və türk axını layihəsi öz mənasını itirdi. Bunu da unutmayaq ki, hələ bir neçə həftə öncə İlham Əliyev Almaniyaya səfər edəndə, daha sonra Bolqarıstanda Qərbin enerji təhlükəsizliyi ilə bağlı danışıqlar aparanda TANAP layihəsi üçün siyasi dəstək də əldə edə bilmişdi. Elə buna görə istər Avropa, istərsə də, ABŞ bu layihənin reallaşmasında maraqlı tərəf oldular. Məsələn, layihənin açılışı zamanı verilən bəyanatlara diqqət ayıraq. "Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con Kerrini təmsil etmək mənim üçün şərəfdir", - deyən Amos Hoxstayn bildirdi ki, ABŞ "Cənub" qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn "Cənub" qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini ifadə etdi.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç 2014-cü ildə Bakıda "Cənub" qaz dəhlizinin, 6 ay sonra isə TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirdi. "Cənub" qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Şevçoviç dedi ki, layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək.Bu arada aydın oldu ki, siyasi qərarlarında sürüşkənliyə yol verən, amma neft və qaz kəmərlərinin istismarında, Qərbə qazın çatdırılmasında mühüm rol oynayan Yunanıstan da Azərbaycanın mövqeyini dəstəkləyərək TAP və TANAP-a dəstəyini verdi.
Yunanıstan hökuməti Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihəsini dəstəkləyir.Bunu Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis deyib."Yunanıstan hökuməti TAP layihəsini dəstəkləyir. Çünki bu layihə ölkəmizə səmərə gətirəcək", - deyə P. Lafazanis qeyd edib.Nazir əlavə edib ki, onun rəhbərlik etdiyi qurum Yunanıstanın bu layihədən əldə etdiyi mənfəətin həcmini araşdırmaq üçün TAP konsorsiumu ilə birgə komitənin yaradılmasına razılıq verib.P. Lafazanis onu da bildirib ki, "yerli ictimaiyyətin sərt reaksiyası ilə qarşılaşdıqda TAP-ın marşrutunun dəyişdirilməsi məsələsinə yenidən baxıla bilər".Qeyd edək ki, TAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Rusiya oyundan çıxdı
Beləliklə İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti həmçinin regiondakı dəngələrə ciddi təsirini göstərdi. Belə ki, Rusiya son zamanlar Gömrük İttifaqını təsis etməklə possovet ölkələri üçün real təhlükə yaratmışdı. Bu təhlükəni artıran məqamlardan biri isə Çin və Türkiyə idi. Rusiya hesab edirdi ki, possovet ölkələrini Gömrük İttifaqına cəlb etməklə, həmçinin Çin və Türkiyə kimi ölkələrlə sıx tərəfdaşlıq formalaşdırmaqla Avropanın qarşısına yeni güc çıxartmaq istəyirdi. Bunun üçün isə ən vacib məsələ Türkiyə ilə razılığa gələrək türk axını layihəsini gerçəkləşdirmək idi. Amma görünən budur ki, bu ittifaq baş tutmayacaq. Belə ki, Rusiyanın "Qazprom" və Türkiyənin "Botaş" neft-qaz şirkətləri arasındakı "Türk axını" qaz kəməri çərçivəsində boru kəməri ilə nəql olunacaq təbii qaza görə Türkiyə tərəfinə güzəştlərin verilməsi barədə aparılan danışıqlar dalana dirənib və bu danışıqlar dayandırıla bilər.Bu barədə Rusiyanın "Kommersant" qəzeti öz mənbələrinə istinadən məlumat verib.Qəzetin məlumatına görə, "Qazprom" və "Botaş" 10,25%-lik endirimin danışıqların hansı komponentinə tətbiq olunmasına dair razılığa gələ bilmir. "Qazprom" bu güzəştləri müqavilədə göstərilən qiymətə tətbiq etmək istəyir, "Botaş" isə Türkiyə tərəfi üçün sərfəli olan baza hissəsinə tətbiq etmək niyyətindədir.Bununla yanaşı, Türkiyə tərəfi "Türk axını"nın tikintisinə icazənin verilməsini gecikdirir.Danışıqların dalana dirənməsinə baxmayaraq, Türkiyə tərəfi əvvəlki kimi, hələ də Rusiyadan qaz alınmasında güzəştlərin əldə ediləcəyinə ümidlidir. Buna səbəb isə türk lirəsinin məzənnəsinin dollara nisbətən aşağı düşməsidir.Başqa tərəfdən ekspertlər hesab edir ki, Rusiya-Türkiyə münasibətləri erməni "soyqırım"ının yüz illik yubileyinə görə daha da pisləşəcək. Belə ki, bir müddət öncəyə qədər Rusiya prezidentinin Yerevana yox, Çanaqqala yürüşünə gedəcəyi bəyan edilirdi. Amma məlum oldu ki, son anda Vladimir Putin qərarını dəyişdi və məlum oldu ki, Rusiya prezidenti erməni "soyqırım"ını ziyarət edənlər arasında olacaq. Bu isə Türkiyə-Rusiya münasibətlərinə ciddi təsir edəcək.
Azərbaycanın
növbəti gedişi
Beləliklə baş verənləri təhlil edərək nəticə çıxartmaq olar ki, Azərbaycan regionda istədiyinə nail olub və bundan sonrakı addımlar milli təhlükəsizlik baxımından diqqət mərkəzində olacaq. Ekspertlər hesab edir ki, Azərbaycan Avropa ilə münasibətlərin bu şəkildə qalmasına üstünlük verəcək və növbəti mərhələdə Rusiya ilə iqtisadi əlaqələri daha da dərinləşdirəcək. Çünki bu gün Azərbaycan neftdən aslılığı azaltmaq üçün ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafına çalışacaq və bu baxımdan Rusiya səmərəli ölkə kimi dəyərləndirilə bilər. Bunu da unutmayaq ki, Rusiya qarşıdakı aylarda aqressiyasını daha da artıracaq ki, bunun artıq ilk işartıları görünür. Belə ki, hazırda Rusiya bütün gücünü səfərbər edərək Avrasiya İttifaqının vahid valyutasını və ordusunu yaratmaq istəyir. Belə bir birliyin yaranması üçün isə Ukrayna və Azərbaycanın prosesə cəlbi vacibdir. Ukrayna ilə bağlı məsələ aydındır və Rusiya bütün imkanlarını səfərbər edərək Azərbaycana təzyiqləri artıracaq. Belə olan halda Azərbaycanın manevr imkanları məhdudlaşacaq və ümumi durum bununla dəyişə bilər.Hətta bir sıra rusiyalı analitiklər hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana bilər. Bu isə ümumilikdə region üçün yeni başağrısından başqa bir şey olmayacaq. Ən azından ona görə ki, Dağlıq Qarabağ münaqişəsi aktivləşərsə Rusiya və Türkiyə münaqişədə yer almalı olacaq. Amma hesab etmək olar ki, Avropa Ukrayna məsələsindən dərs çıxaracaq və Azərbaycana gərəkli dəstəyini verəcək. Digər tərəfdən çox böyük ehtimal ki, Azərbaycan possovet ölkələri ilə münasibətlərə yenidən baxacaq və bu baxımdan Qazağıstan prezidentinin Azərbaycana səfəri mühüm rol oynayacaq.
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05