Bəzi oliqarxların sirli qorxusu
08:42 19-03-2015
İQTİSADİYYAT
Bəzi oliqarxların sirli qorxusu
Bu, onların öz pullarını qanuni yollarla qazanmadığının göstəricisidir
Yüz il qabaq Azərbaycan öz xeyriyyəçi övladları, xüsusilə də Hacı Zeynalabidin Tağıyev ilə öyünə bilərdi. Müsəlman dünyasının ən varlı adamlarından biri olan Tağıyevin səxavətinin həddi-hüdudu yox idi - Bakıda və Axıskada öz vəsaiti hesabına qız məktəbləri tikdirib açmışdı, 300-dən çox yoxsul azərbaycanlı gənci öz vəsaitləri hesabına Avropanın ən prestijli ali məktəblərində oxutdurmuşdu. Allah yolunda da çox işlər görmüşdü: Sankt-Peterburqda cümə məscidinin, Bakıda sobor kilsəsinin tikintisində əsas rolu Hacının vəsaitləri oynayıb. Kasıb-kusuba əl tutması isə dillər əzbəri olmuşdu.
Əcaba, aradan cəmi yüz il keçib, Azərbaycan müstəqil dövlətə çevrilib və bir xeyli də varlanıb. Görəsən, bu gün bu ölkədə Hacı kimi xeyriyyəçilər niyə yoxdur? Axı ölkədə yetərincə sayda varlı insanların olması göz qabağındadır. Niyə onlar da Hacı kimi insanların qoyduğu bu müqəddəs yolla getmirlər?
Ekspertlər bunun səbəbini sadə şəkildə izah edirlər. Hesab olunur ki, Azərbaycanda bəzi hədsiz varlanmış məmurların xeyriyyə əməllərindən imtina etməsinin əsas səbəbi onların öz sərvətlərini qanunsuz yolla, korrupsiya sayəsində qazanmalarıdır.
Bir çoxları bunu yetərli arqument hesab etmirlər. Əvvəla ona görə ki, hər halda, Azərbaycanda varlılar təkcə gizli yollarla pul qazanan iri dövlət məmurları deyil, ölkədə yüzlərlə orta səviyyəli iş adamı var. Onların nəzarətində şirniyyat və konserv müəssisələrindən tutmuş iri metaltökmə müəssisələrinə kimi geniş gəlir mənbələri var. Bu insanların öz həyatı da gözqamaşdıracaq səviyyədə dəbdəbəlidir. Bəs, görəsən, onlar niyə xeyriyyəçilikdən vaz keçirlər? Axı Azərbaycanda da inkişaf etmiş ölkələrdəki kimi, xeyriyyəyə yönəldilən vəsaitlərdən vergi tutulmur. Bəs, onda ölkə iqtisadiyyatında yüksək paya sahib olan, mümkün olduğu qədər qanuni yollarla gəlir əldə etməyə çalışan bu orta səviyyəli holdinqlər niyə xeyriyyədən imtina edirlər?
Bu suallara da cavab var: istər qanuni yolla, istərsə də qanunsuz şəkildə varlananlar olsun, hər iki kateqoriyaya mənsub olan zənginlərin çəkinməsinin sirri eynidir. Onlar maddi sərvətlərinin diqqət cəlb etməsini, bununla da gözə gəlməyi istəmirlər. Arzulamırlar ki, özlərinin geniş kapitala sahiblənmələri hansısa çevrələrin diqqətini çəksin. Axı belədə onların büdrəməsini istəyən və buna çalışanların siyahısı da genişlənir. Bu cür zənginlərin kapitalına, biznes obyektlərinə, ümumiyyətlə, hər cür sərvətlərinə əl qoymağa yönəlik cəhdlər çoxalır.
Elə bu səbəbdən də oliqarxlar sərvətlərinin xeyriyyə əməlləri sayəsində geniş nümayiş olunmasını istəmirlər. Hətta bəzi iri məmurların gizli şəkildə mərhəmət aksiyaları keçirdiklərinə dair informasiyalar, iddialar dolaşmaqdadır. Məsələn, xeyli müddət bundan əvvəl Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev deyilənlərin doğruluğuna dəlalət edən açıqlama vermişdi: "İndiki varlıların pulları təmiz deyil ki, açıq şəkildə kiməsə kömək edə bilsinlər. Amma qeyri-leqal edirlər. Mən bilirəm kimlər edir. Bizim bu oliqarxlar var ki, altdan-altdan xeyriyyəyə vəsait buraxır. Mən bir oliqarx tanıyıram ki, iki yetimxana saxlayır. Bu oliqarxlar qazandıqlarını üzə çıxara bilmədiklərindən, xeyriyyə əməllərinin də reklamını edə bilmirlər"
Azərbaycanda bəzi oliqarxların xeyriyyəçilikdən uzaq dayanmasının daha bir maraqlı səbəbi də göstərilir: belə ki, hazırda orta səviyyəli şirkətləri xeyriyyədən uzaqlaşdıran əsas məsələ Azərbaycanda ötən yüzilliyin 90-cı illərində formalaşmış pis ənənədir. Həmin illərdə əksər maxinasiyalar xeyriyyə adı altında görülürdü və çox insanlar bu cür "xeyriyyəçi"lərin qurbanı olmuşdu. İndi də hər hansı şirkət xeyriyyəçilikdən bəhs edərsə, bu, dərhal ətrafın, xüsusilə də hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir. Bəzən xeyriyyəçilik edən şirkətlərdə əsassız yoxlamalar da başlayır. Buna görə də orta səviyyəli şirkətlər "az aşım, ağrımaz başım" prinsipi ilə xeryiyyəçilikdən uzaq dururlar.
Mövzunun maraqlı və aktual olduğunu nəzərə alıb onu "Unikal"ın növbəti saylarında davam etdirməyə çalışacağıq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05