Elman

Mərkəzi Bankın rəhbəri postuna kimin gətiriləcəyi məlumdur?


Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun əvəzlənəcəyinə dair iddialar yayılıb. İddialara görə, manatın devalvasiyasından sonra ictimaiyyətin kəskin tənqidlərinə tuş gələn AMB sədrini kimin əvəzləyəcəyi də bildirilir.
Belə söz-söhbət yayılıb ki, bu, martın 18-də gözlənilmədən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri (prezidenti) vəzifəsindən istefa verən Cahangir Hacıyev ola bilər. Xatırladaq ki, bankın yaydığı məlumata görə, Hacıyevin istefası səhhətilə bağlıdır.
Amma buna baxmayaraq belə iddialar dolaşmaqdadır ki, Cahangir Hacıyev AMB rəhbərliyinə gətiriləcəyi üçün öz postunu tərk edib.
Onun istefası ilə bağlı rəsmi məlumatda deyilir ki, bankın Müşahidə Şurasının 18 mart tarixli iclasında İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar vəzifədən azad edilməsi haqda ərizəsinə baxılıb və ərizə təmin olunub. Müşahidə Şurası İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icrası etməyi onun birinci müavini Emil Mustafayevə həvalə edib.
Qeyd edək ki, onsuz da Hacıyevin istefasının məhz səhhəti ilə bağlı olduğuna inananlar azdır. Bu qəfil qərarı müxtəlif cür izah iedənlər var. Məsələn, iqtisadçı Samir Əliyev ölkənin ən iri bankirinin vəzifədən getməsinə belə münasibət bildirib: "Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankının çoxlu problemləri var. Problemli kreditlərin həcmi həddindən artıq şişib. Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. Görünür, Cahangir Hacıyevin istefaya göndərilməsində əsas səbəb bankın düşdüyü indiki ağır durumdur".
Cahangir Hacıyevin gözlənilməz istefası ilə bağlı birmənalı fikirlərin olmadığı vaxtda onun AMB İdarə Heyətinin sədri təyin ediləcəyinə inam da yüksəkdir. Qeyd edək ki, əvvəlki illərdə Beynəlxalq Bankın sabiq sədrinin onsuz da Elman Rüstəmovun posçtuna ən etibarlı namizəd kimi hallanırdı.
Digər tərəfdən, «Unikal»ın araşdırmalarına görə, AMB sədrinin səlahiyyət müddəti başa çatır. Belə ki, Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Manatın məzənnəsindəki son və kəskin dəyişiklik nəticəsində ölkə ictimaiyyətinin və medianın əsas qınaq obyektinə çevrilmiş Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərlik edir. Amma onun Mərkəzi Bankın sədri kimi səlahiyyət müddəti artıq başa çatmaq üzrədir.
Belə ki, bu ilin aprelində Elman Rüstəmovun səlahiyyət müddəti başa çatacaq.
Qeyd edək ki, 63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.
Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.
İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Beləliklə, hazırda fəaliyyəti müzakirə olunan ölkənin baş bankiri təxminən bir aydan sonra salahiyyətini bitirəcək.
Düzdür, ehtimallar var ki, 20 ildir Mərkəzi Banka rəhbərlik edən Elman Rüstəmova daha 5 il səlahiyyət verilə bilər. Amma Cahangir Hacıyevin qəfil istefasından sonra belə bir versiyanın da yaşamaq hüququ var ki, Beynəlxalq Bankın keçmiş rəhbəri apreldə Elman Rüstəmovun səlahiyyət müddətinin başa çatmasından sonra onun görəvinə gətiriləcək.
Hər halda ictimaiyyət arasında, xüsusilə sosial şəbəkələrdə bu cür düşünənlər kifayət qədərdir. Onlar ehtimalının doğrulub-doğrulmayacağını demək çətindir. Amma bu öz-söhbətləri eşitdikdə istər-istəməz belə bir atalar məsəlini xatırlayırsan: «Od olmayan yerdən tüstü çıxmaz».
Hər halda apreli gözləyək…

Ülviyyə Qasımlı