Əbülfəs Qarayevlə Cahangir Əsgərov arasında "soyuq küləklər"
10:02 31-03-2015
İQTİSADİYYAT
Əbülfəs Qarayevlə Cahangir Əsgərov arasında "soyuq küləklər"
AZAL-ın "qiymət siyasəti" nazirin narazılığına səbəb olub
Novruz bayramı günlərində "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC), qısa yazsaq, AZAL-ın uçuş qiymətlərini kəskin şəkildə bahalaşdırması kəskin narazılıq yaradıb. Bir neçə gündür sosial şəbəkələrdə bununla bağlı tənqidi müzakirələrə rast gəlmək olar.
Bayram tətilinin ardından KİV-də AZAL-ın başqa ölkələrlə müqayisədə kifayət qədər yüksək olan qiymətləri ilə bağlı tənqidlərə yer verirlər. Məsələ burasındadır ki, AZAL ölkədə fəaliyyət göstərən digər hava yolları şirkətlərinə qiymətləri diktə edir. Bilet qiymətləri olduqca baha olan şirkət, digər şirkətlərə də qiymətləri ucuzlaşdırmağa imkan vermir. Məqalədə iddia olunur ki, ucuz uçuşlar həyata keçirən şirkətlər Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin qəzəbinə gələrək, ölkəni tərk etməli olur.
Ölkəni tərk etməyənlər isə sözügedən şirkətlə qeyri-rəsmi qiymət müqaviləsi bağlamalıdır. Həmçinin, qeyd olunur ki, Azərbaycandan uçuşları reallaşdıran başqa hava yolları firmaları üçün əlavə "ödənişlər" də tələb olunur. Bu da onların qiymətləri yüksək saxlamasına səbəb olur.
Hətta iş o yerə çatıb ki, ölkəmizdə uçuş qiymətlərinin bahalığı səbəbindən bəzi sərnişinlər yay aylarında səfərlərə Bakıdan deyil, qonşu Gürcüstandan, Tiflisdən getməyə məcbur olurlar. Bunu AZAL-ın sabiq prezidenti Ədalət Əliyev də təsdiqləyib. O dünənki açıqlamasında bildirib ki, adıçəkilən QSC-nin müəyyənləşdirdiyi qiymətlərin yüksək olması səbəbindən vətəndaşlarımızın Gürcüstana gedib, oradan səfərə yollanması danılmaz faktdır: "Bunu bütün respublika bilir. Əlbəttə, Gürcüstan hava yolları ilə səfər edəndə vətəndaşlarımız xeyli qabağa düşürlər".
Sabiq sədr onu da bəyan edib ki, Gürcüstanın hava yolları şirkətlərinin xidmətləri Azərbaycanla müqayisədə heç də zəif deyil: "Açığını deyim ki, bizdə bu sahədə rəqabət mühiti yoxdur. Rəqabət olmayan yerdə özbaşınalıq olur. Monopoliya olan yerdə inkişaf və mübadilədən söhbət belə gedə bilməz. Problemin başqa səbəbləri var. Onu araşdırmaq lazımdır".
Baxmayaraq ki, elə dünən AZAL sözçüsü Məhərrəm Səfərli bu tənqidləri qəbul etməyib. O deyib ki, "AZAL-da qiymətlər bahadır" fikirləri kökündən yanlışdır: "Təyyarələr Avropa istehsalıdır. Keyfiyyətlər yüksəkdir. Təhlükəsizdir. Sərnişinlərə çox səviyyəli xidmət göstərilir".
Ekspertlər QSC rəsmisinin belə əsaslandırmasını qəbul etmirlər. Onların fıikrincə, məsələn, Türk Hava Yollarının (THY) təyyarələrindəki komfort və xidmətin səviyyəsi də xeyli yüksəkdir, halbuki THY-nin bilet qiymətləri AZAL-ınkından hardasa iki dəfə ucuzdur.
"Unikal"ın bu istiqamətdə əldə etdiyi məlumata görə, AZAL-ın baha qiymət siyasətinə hökumət daxilində də münasibət birmənalı deyil. Belə ki, xüsusilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda uçuş biletlərinin kəskin baha satılmasından narazıdır. O, hesab edir ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin bu cür qiymət siyasəti Azərbaycanın turizm ölkəsi kimi cəlbediciliyini daha da azaldır. Belə ki, Türkiyə və Gürcüstanda hava yolları şirkətlərinin təklif etdiyi qiymətlər əcnəbilər üçün xeyli münasibdir, belədə isə onlar məhz həmin ölkələrdə dincəlməyə üstünlük verirlər. Məsələ burasındadır ki, Azərbaycana gəlmək üçün təyyarə biletlərinə xeyli artıq ödəniş etməkdənsə həmin pula digər ölkələrdə istirahət müddətini uzatmaq mümkündür.
Qeyd edək ki, bu ayın əvvəlində mədəniyyət və turizmi naziri Əbülfəs Qarayevin dolların məzənnəsinin qalxmasının Bakıda keçiriləcək I Avropa Oyunları zamanı otel və təyyarə biletlərinin qiymətlərinə necə təsir edəcəyi barədə danışaraq bildirmişdi ki, ödəniş xərclərini manatla həyata keçirən otellərin qiymətlərində heç bir dəyişiklik olmayıb. "Həmçinin ödəniş xərcləri dollarla keçirilən otellərin qiyməti də olduğu kimi qalır. Bu, beynəlxalq təcrübədir və buna təəssüflənməyə ehtiyac yoxdur" deyən nazir təyyarə biletlərinin qiymətlərinin üzərində dayanmamışdı.
Görünür, Qarayev bununla bağlı optimist olmadığı üçün dərinə getmək istəməmiş, narazılığını açıq ifadə edərək poleimka mövzusu yaratmaqdan çəkinmişdi.
Bununla belə, müstəqil ekspertlər də hesab edirlər ki, Cahangir Əsgərovun belə qiymət siyasəti Azərbaycan iqtisadiyyatı üçün müəyyən itkilərə yol açır. Xüsusilə neftin kəskin ucuzlaşdığı və ölkənin gəlirlərinin azaldığı bir şəraitdə turizm aqrar sektorla bərabər Azərbaycan iqtisadiyyatını gücləndirmək üçün iki əsas perspektivli sahədən biri hesab olunur. Amma AZAL-ın kifayət qədər yüksək uçuş qiymətləri çətin ki, ölkəmizin xaricilərin nöqteyi-nəzərində turizm ölkəsi olaraq cəlbediciliyinin yüksəlməsinə imkan versin.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53