Məmurların milyonlar uğrunda yeni savaşı
10:08 01-04-2015
İQTİSADİYYAT
Məmurların milyonlar uğrunda yeni savaşı
"Ət bazarı"nı ələ keçirmək naminə mübarizədən kimlər qalib çıxacaq?
Azərbaycanda bir çox sahələrin konkret bir şəxsin əlində toplanması heç kəsə sirr deyil. Hazırda iqtisadiyyatımızın inkişafının qarşısındakı əsas iki maneədən biri inhisarçılıq hesab olunur. Ayrı-ayrı məmurlar müxtəlif məhsulların ölkəyə gətirilməsini və satışını özlərinə yaxın şirkətlər və iş adamları vasitəsi ilə nəzarətdə saxlayırlar.
Qeyd edildiyi kimi , hansısa ərzaq məhsullarının satışının konkret bir şəxsin əlində olması, o məhsulun qiymətinin bir şəxs tərəfindən tənzimlənməsinə gətirib, çıxarır. Bir malı istehsal etmək və ya satmaq, yaxud ondan istifadə etmək hüququnun bir şəxsə, bir müəssisəyə məxsus olması, rəqabətin aradan qaldırılaraq, monopoliyanın yaradılması qiymətlərin bahalaşmasına və bir şəxsin qazanmasına yol açır.
Son vaxtlar yayılan məlumatlar isə belə düşünmək üçün əsas yaradır ki, Azərbaycanda, özəlliklə paytaxt Bakıda "ət biznesi" də vahid əldə cəmləşəcək. Belə ki, rəsmi məlumatlara görə, Bakıda ət kombinatları tikiləcək. Həmin ət kombinatlar istifadəyə veriləndən sonra diri heyvanların şəhərə gətirilməsi qadağan olunacaq. Bundan sonra isə qaydalara cavab verməyən sallaqxanalar bağlanacaq. Diri heyvanların şəhərə gətirilməsinin qadağan edilməsi bundan sonra sallaqxanaların qarşısında bağlanmış iribuynuzlu heyvanların görünməyəcəyi anlamına gəlir. Qəssablar hazır kəsilmiş ət alıb-satacaqlar.
Bir müddət əvvəl bu barədə danışarkən Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib: "İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin kombinatlarda bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq. Beləliklə də tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq".
Qeyd edək ki,bu əslində ət istehsalının da məmurlardan birinin əlində cəmlənməsi və həmin sahənin inhisara alınması deməkdir. Bundan başqa, ət kombinatlarının yaradılması ilə alıcını seçim imkanı məhdudlaşacaq. Məsələn, alıcını ən çox ətini aldığı heyvanın yaşı, çəkisi, təmizliyi, qiyməti maraqlandırır.
Bildirək ki, ət kombinatı yaradıldıqdan sonra alıcılar bunlarla tanış olmaq imkanından məhrum olacaqlar. Ət məhsulları hazır vəziyyətdə kombinatlardan mağazalara paylanılacaq. Alıcının ətin haradan gəlməsindən, necə kəsilməsindən xəbəri olmayacaq. Qiymətləri də kombinat və marketlər təyin edəcək. "Nəzərə alaq ki, uzun illərdir, insanlar evlərinə ən yaxın sallaqxanadan, tanıdıqları, güvəndikləri qəssablardan ət almağa üstünlük verirlər. Həm də heyvan göz qabağında kəsilmədən ətin təmizliyinə etibar etmirlər. Hətta qəssablar öz dükanlarının önündə iribuynuzlu heyvanları bağlayırlar ki, alıcılar ətin təzəliyinə inansınlar.İndi isə insanlar məcburiyyət qarşısında qalıb, ona təklif edilən ət məhsullarını almalı olacaqlar ki, bu da haqlı etirazlara yol açacaq.
Sallaqxanaların ləğv edilməsinə digər səbəb kimi, natəmiz şəraitdə ət satışının qarşısının alınmasını göstərirlər. Amma bunun ən asan yolu birbaşa sallaqxanalara nəzarətdir. Bunu isə aidiyyatı qurumlar bacarmırlar. Çünki ət dükanlarına təftiş üçün göndərdikləri şəxslər qəssablarla anlaşırlar və qanunsuzluqlara göz yumurlar" - təxminən iki həftə öncə musavat.com belə yazmışdı və bu qənaəti bölüşməmək mümkün deyil.
"Unikal"ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə isə, Azərbaycanda hazırda "ət bazarı"nda bir sıra iri məmurların xüsusi payı var. Amma ət istehsalının vahid əldə cəmləşdirilməsi ilə həmin məmurlardan bəzilərinin bazardan faktiki olaraq kənarda saxlanılması istisna edilmir.
Elə buna görə də bəzi məmurlar arasında "ət bazarı" uğrunda şiddətli savaş başlayıb. Hələlik bu mübarizə xeyli dərəcədə gizli gedir, ona görə də ət istehsalını hansı məmurların öz əlində cəmləşdirmək istədiyini demək çətindir.
Mənbələrimiz istisna etmirlər ki, qarşıdakı aylarda bu "savaş" tamamilə açıq müstəviyə keçsin. Belədə isə milyonlarla manatın dövr etdiyi ət bazarını kimlərin öz inhisarında saxlamaq istədiyini açıq şəkildə söyləmək mümkün olacaq.
Hələliksə onu deyək ki, bu mübarizədən kimin qalib çıxmasından asılı olmayaraq, bazarın bir əldə cəmləşdirilməsi faktiki olaraq rəqabət mühitini zədələyəcək, bazarda istənilən qiymətin diqtə edilməsi asanlaşacaq. Böyük ehtimalla bunun da xeyrini hansısa məmur, zərərini isə sadə vətəndaşlar yaşamalı olacaqlar. Çünki inhisarçılığın olduğu yerdə bunun əksini iddia etmək qeyri-mümkün olur.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05