Bəzi məmurların əli milyonlarla oynamağa başladı
Bəzi məmurların əli milyonlarla oynamağa başladı

Kredit şərtləri ağırlaşdığı üçün banklardan qaçanlar onların "lombard biznesi"nə sığınmağa başlayıb

Banklarda kredit şərtlərinin ağırlaşdırılması, o cümlədən devalvasiya nəticəsində dollarla kreditləşməyə üstünlük verilməsi daha yüngül tələblə, amma yüksək faizlə borc verən lombardların bazarını genişləndirib. Son iki ayda lombardların sayının artdığı müşahidə edilir. Maraqlıdır, lombardların şərtləri də dəyişibmi?
Bu haqda açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, lombard sistemində hər hansı dəyişiklik baş verməyib: "Əvvəlki qaydada kreditləşməni davam etdirirlər. Amma lombardlara müraciətlər artıb. Bu da banklar tərəfindən verilən kreditlərə qarşı tələblərin sərtləşdirilməsi ilə əlaqəlidir.Əgər xatırlayırsınızsa, ötən ildən banklar istehlak kreditinin verilməsi üçün iş yerindən arayış tələb etməyə başlayıblar. Bu addımın nəticəsi olaraq bir çox vətəndaşlar banklara deyil, məhz lombardlara üz tutmağa üstünlük verdilər".
Ekspert bildirir ki, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı 2 dəfə artaraq 1200-ə çatıb: "Lombardların təklif etdiyi xidmətlərdən istifadə edən insanların sayı 2,5 dəfə artıb. Onların kredit üzrə faiz dərəcəsi 36%-i üstələyir. Bu isə lombardların əhaliyə bahalı kreditlər təqdim etdiyinin əsas göstəricisidir. Bununla yanaşı, bəzi vətəndaşların banklara müraciət etdikləri zaman kredit ala bilməməsi nəticəsində lombardlara üz tutan insanların sayı gündən-günə artır".
İqtisadçı deyib ki, lombardlar kredit verən zaman girov qismində alınan zinət əşyaları üçün 30% daha ucuz qiymət müəyyən edirlər: "Yəni dəyəri 1000 manat olan zinət əşyası təqdim edən şəxsə 600 manat məbləğində kredit verilir".
Onu da nəzərə almaq lazımdır ki, lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımır. Bəzən elə hallar olur ki, lombardlar fəaliyyətini dayandırır və heç kimi bu barədə məlumatlandırmırlar. Bəzən isə lombard sahibləri özlərinə lazım olan zinət əşyalarını topladıqdan sonra ofisi bağlayır və başqa bir ərazidə məskunlaşırlar. Bütün bunlardan isə müştərilərin xəbəri olmur və təbii olaraq, müştərilər onları artıq tapa bilmirlər: "Bütün bu faktları nəzərə alaraq söyləyə bilərəm ki, ölkədə lombardların fəaliyyətinə nəzarət edən sistem yaradılmalı və ciddi mexanizm hazırlanmalıdır".
Bu arada onu da deyək ki, Nazirlər Kabinetinin qərarına əsasən, lombardlar onlara verilən lisenziya əsasında fəaliyyət göstərir.
"Unikal" onu da qeyd etməyi vacib bilir ki, bir çox məşhur lombardların arxasında müəyyən məmurların dayandığına dair iddialar var. Bildirilir ki, məhz bu səbəbdən bəzi belə obyektlərin nöqsanlarına görə onlara "gözün üstə qaşın var" deyən tapılmır.
Eyni zamanda görünən odur ki, bankların kredit şərtlərini ağırlaşdırması səbəbindən onlardan üz döndərən vətəndaşlar lombardlara axın etməkdədir. Bu isə lombard biznesinə malik olan bəzi məmurların gəlirlərini fantastik həddə artırmasına "yaşıl işıq" yandırıb
Ülviyyə Qasımlı