Tağı Əhmədov yenidən yüksəlişə keçir
Tağı Əhmədov yenidən yüksəlişə keçir

Keçmiş "metro şefi" ilə bağlı ilginc iddia!

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının vəfat etmiş sədrini sabiq metro rəisi əvəz edəcək.
Keçmiş deputat Fikrət İsmayılovun dünyasını dəyişməsindən sonra təşkilat sədrinin vəzifəsini aparat rəhbəri Tağı Əhmədov yerinə yetirəcək. T.Əhmədovun müvəqqəti bu postu tutacağı bildirilir. "Bakı Metropoliteni"nin keçmiş rəisinin təşkilat sədri olacağı da istisna deyil.
Qeyd edək ki, 81 yaşlı F.İsmayılov martın 31-i, səhər saatlarında vəfat edib. O, 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edib.
Xatırladaq ki, bir müddətdir mətbuatda belə xəbərlər yayılır ki, Tağı Əhmədov payızda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmək fikrindədir. Daha doğrusu, sabiq "metro şefi" adının hakim partiyanın deputatlığa namizədlər siyahısında olmağa çalışır.
KİV-lərin verdiyi məlumata görə, ölkə başçısının sərəncamı ilə vəzifədən kənarlaşdırıldıqdan sonra heç bir dövlət qurumuna təyinat almayan T. Əhmədovun əslində hökumətdə postsuz qalmasının səbəbi məhz 2015-ci ilin payızında Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməsi ilə bağlıdır. Onun məhz Yasamal rayonundan deputatlığa namizəd olacağı gözlənilir.
Ölümündən az əvvəl Fikrət İsmayılov da mətbuata müsahibə verərək Tağı Əhmədovun Yasamal rayonundan deputatlığa namizədliyinin irəli sürülməsini mümkün adlandırmış, amma bu istiqamətdə son qərarı partiya rəhbərliyinin verəcəyinə işarə vurmuşdu.
F. İsmayılovun vəfatından sonra Tağı Əhmədovun hakim partiyanın mühüm rayon təşkilatlarından birinin başına gətirilməsi isə onun deputat olub-olmayacağı barədə sualları da artıracaq. Mümkündür ki, bu il fevralın 1-də 67 yaşı tamam olan keçmiş "metro şefi"nin Milli Məclisə düşməsi məqbul sayılması və onun elə YAP-ın rayon təşkilatına sədrlik etməsi ilə kifayətlənilsin.
Amma o da mümkündür ki, belə bir görəvə gətiriləcəyi halda bu, Əhmədovun həm də parlamentə vəsiqə qazanması üçün "yaşıl işıq" yandırılması kimi yozulsun.
Hər halda görünən odur ki, son vaxtlar "vurulan" bir sıra yüksək çinli məmurlardan fərqli olaraq, Tağı Əhmədovun öz karyerasını davam etdirmək imkanları qalır. Halbuki digər sabiq iri məmurlar daha çox "ofsayd" vəziyyətindədirlər, onların bir hissəsi ya tamamilə kənara çəkiliblər və şəxsi biznesləri ilə məşğul olurlar, ya da oturub həsrətlə yenidən özlərinə qarşı "yuxarılar"dan etimad göstərilməsini gözləyirlər. Halbuki ortadakı iddialar sabiq "metro şefi" ilə bağlı vəziyyətin fərqli olduğunu və onların yenidən yüksəlişə keçməsinin mümkünlüyünü deməyə əsas yaradır.
Günel Əkbər