Nazirlərin şirkətlərinə müdhiş "2016 təhlükəsi"
11:06 03-04-2015
İQTİSADİYYAT
Nazirlərin şirkətlərinə müdhiş "2016 təhlükəsi"
Hansı iri məmurların pulları kəsiləcək və holdinqlərinin qapısından "qıfıl asılacaq"?
"Unikal"ın dünənki sayında da xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov srağagün maraqlı açıqlamalarla çıxış edib. O bildirib ki, Azərbaycanda kəskin devalvasiya gözlənilmir.
"Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır", - deyə AMB rəhbəri əlavə edib. E.Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti "50 dollara hesablanacaq".
Neftin baza qiymətinin 50 dollardan hesablanması o deməkdir ki, hökumət gələn il investisiya layihələrini də əhəmiyyətli şəkildə azaldacaq. Bu isə bəzi oliqarxların sahib olduqları və ya himayə etdikləri "biznes imperiyalarının" ciddi problemlərlə üzləşəcək. Məsələ burasındadır ki, büdcədən həyata keçirilən, Dövlət Neft Fondunun hesabına reallaşdırılan əksər investisiya layihələri məhz, bəzi oliqarxların nəzarətindəki şirkətlər vasitəsi ilə aparılır. Bir sözlə, müəyyən iri məmurlar neft pulları hesabına investisiya layihələrini həyata keçirməklə özləri üçün ciddi gəlir qaynaqları formalaşdırıblar.
Məlumdur ki, dövlət investisiya layihələri tenderlə həyata keçirilməli olsa da, bu, Azərbaycan reallığında formal prosesdir. Dövlət Satınalmaları Agentliyi Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələrlə bağlı tender elanlarını öz internet səhifəsində yerləşdirmir. Bu da tenderlərin əslində, formal xarakter daşıdığını göstərir. Bəzi oliqarxlar öz təsir imkanlarını işə salaraq nəzarətlərindəki şirkətlər üçün iri layihələri asanlıqla ələ keçirə bilirlər.
Ümumiyyətlə, hər il Azərbaycanın dövlət büdcəsi təsdiq ediləndə müzakirə olunan əsas məsələ investisiya layihələrinin nəzərəçarpan dərəcədə böyük payı olur. Bu da məhz milyardlarla manatın hər il böyük bir hissəsinin oliqarx şirkətlərinə yönəldilməsi ilə izah edilir. Layihələrin icrası zamanı korrupsiya baş alıb gedir, hər hansı investisiya layihəsi rahatlıqla şişirdilir və bu, müəyyən iri məmurlara fantastik gəlirlər əldə etmək imkanı qazandırır.
Amma gələn ilin büdcəsində neftin baza qiymətinin 50 dollar civarında müəyyənləşməsi fərqli mənzərə yarada bilər. Yəni büdcədən və Dövlət Neft Fondunun ehtiyatlarından maliyyələşən iri investisiya layihələrinin də azaldılması qaçılmaza çevriləcək ki, bu da bir çox oliqarxların həmin layihələr vasitəsilə kifayət qədər böyük məbləğlərdə pullara sahib olması imkanını məhdudlaşdıracaq.
Belədə istisna edilmir ki, bəzi iri məmurların nəzarətində, birbaşa, yaxud dolayısı yolla himayəsində olan şirkətlərin bir çoxları 2016-cı il boyunca bağlanmaq təhlükəsi ilə üz-üzə qalsın. Yəni öz fəaliyyətini sadəcə olaraq, büdcədən və ya Dövlət Neft Fondundan maliyyələşdirilən investisiya layihələrini həyata keçirməklə davam etdirən müəyyən oliqarx şirkətlərinin gələn il sonu ola bilər.
Hələ qəzetimizin ötən saylarında qeyd etmişdik ki, ölkənin bəzi iri məmurlarına məxsus şirkətlərdə maaş problemi yaranıb. Hətta bir çox oliqarxlara məxsus müəssisələrdə az qala iki aya yaxındır əmək haqların ödənilməməsi və ya gecikdirilməsi müşahidə olunur.
Verilən məlumatlara görə, yaranmış vəziyyət iki səbəblə izah edilir. Bunlardan biri neftin qiymətinin kəskin ucuzlaşması və nəticədə ölkəyə maliyyə axınının azalması, bunun da sonucunda bir çox iri məmurların şirkətlərinin həyata keçirməyə hazırlaşdıqları və yaxud başladıqları dövlət investisiya layihələrin təxirə salınması, ya da həmin layihələrin büdcəsinə yenidən baxılaraq azalmalara gedilməsidir. Başqa bir səbəb isə manatın dollara nisbətən ucuzlaşması göstərilir, bildirilir ki, manatın devalvasiyası ölkədə qiymət artımı ilə yanaşı, bir sıra başqa problemlər də yaradıb. Belə ki, manatın devalvasiyasından öncə udulan tender layihələri ilə bağlı ciddi problem yaranıb. Buna səbəb manatın devalvasiyasından sonra bir sıra tender layihələrinin dəyərinin dəyişməsinə baxmayaraq, əvvəlki öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsidir. Bu isə oliqarxlar arasında ciddi narazılığa səbəb olub. Onlar tenderlərin öhdəlikləri ilə bağlı məsələlərə yenidən baxılmasını tələb edirlər.
Hazırda maaş problemi ilə üzləşən, bu problemi işçiləri ixtisara salmaqla, onların əmək haqlarını azaldaraq və ya yubadaraq aradan qaldırmağa çalışan bəzi məmur şirkətlərinin 2016-cı ildə ümumiyyətlə, çıxış yolu qalmayacaq, onlar iflas olmaq, bağlanmaq təhlükəsi ilə qarşılaşacaqlar. Bu ehtimalın reallaşması AMB sədrinin srağagünki açıqlamalarından sonra daha dəqiq görünür. Hətta artıq bir çox iri məmurların indidən ciddi əndişə içində olduqlarına dair xəbərlər gəlir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05