Hacıbala Abutalıbov böyük fiaskoya uğradı
13:07 04-04-2015
İQTİSADİYYAT
Hacıbala Abutalıbov böyük fiaskoya uğradı
Bakı merindən gözləntilər özünü doğrultmadı
Son vaxtlar paytaxtdakı uşaq baxçalarının fəaliyyəti ilə bağlı dəhşətli özbaşınalıq halları ilə bağlı xəbərlər intensivləşib. Halbuki bir müddət əvvəl uşaq baxçaları Təhsil Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinin nəzarətinə verilərkən bu müəssisələrin fəaliyyətində ciddi dönüş yaradılacağına dair vədlər verilirdi.
Amma axır vaxtlar mətbuatda, sosial şəbəkələrdə uşaq baxçalarındakı qanunsuzluqlar və özbaşınalıqlar barədə yer alan məlumatlar, şikayət xarakterli müraciətlər vəziyyətin tam əksinə cərəyan etdiyini, yəni görünməmiş dərəcədə pisləşdiyini deməyə əsas verir.
Elə dünən internet resurslarında uşaq baxçalarında durumun nə qədər acınacaqlı olduğunu bütün çılpaqlığı ilə göz önünə sərən yeni fakt açıqlanıb. Məlum olub ki, 115 saylı baxçada uşaqlara vaxtı keçmiş ərzaqlar verilir. Bu barədə "Facebook" sosial şəbəkəsində jurnalist Ləman Ələşrəfqızı yazıb: "Baxçada dünən uşaqlara iylənmiş ət veriblər. Bu gün təsadüfən valideynlərlə müəllimlərin mübahisəsinin şahidi oldum.Uşağı bağçadan götürəndə gördüm valideynlər müəllim və texniçkaları küncə qısıblar. Məni görəndə dərdləri təzələndi. Valideynin biri deyir ki, dünən uşağı gətirəndə görüb ətrafı iylənmiş ət iyi basıb. Deyib bu nədir bişirirsiz, bu iy nədir? Cavab çox qəribə olub. Gah deyiblər bayramdan sonradır, ət qalıb iylənib! ( Hərçənd, sovetin vaxtında dondurulmuş ətləri bir əsr boyu yeyirdin iylənmirdi), gah deyiblər narahat olmayın ətə dəfnə yarpağı vurmuşuq, iy gedəcək və s. Maraqlıdır ki, bu hadisələr bağça müdirinin məzuniyyətdə olduğu bir vaxtda baş verir.Müdiri isə anbardar əvəz edir ki, o da müdirin yaxın qohumudur. Faktı aşkarlayan valideyn həm də deyir ki, ötən il bu bağçadan gecə ərzaq oğurluğunu telefona çəkib, sadəcə o vaxtkı müdir çox yalvar-yapış etdiyi üçün məsələni şişirtməyiblər . Əgər valideynin dediyi həqiqətdirsə, onda təzə əti gecəynən satıb yerinə keyfiyyətsiz ət gətirmələri də istisna olunmur. Əlbəttə, bu mənim ehtimalımdır... İndi səbirsizliklə səhərin açılmasını gözləyirəm.Görək anbardarın cavabı nə olacaq?!"
Dünən baxçaya yollanan Ləman Ələşrəfqızı deyilənlrin əyani şahidi olub: "115 saylı baxçada uşaqlara verilən xamanın, martın 20-də istifadə müddəti bitib. Bu gün aşbaz onu xörəyə istifadə etməkdən imtina edib. Anbara girib ətə də baxdım. Bir soyuducuda təzə ətdir, bir soyuducuda köhnə. Rəngi qapqaradır. Anbardara deyirəm bunu niyə verirsiz uşaqlara? Deyir qalığımdır daa. Deyirəm qalıqları məhz uşaqlara verməlisiz? Təzəni ver də! Nə isə… Deməli, baxçaları Təhsil Nazirliyindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə vermək heç nəyi dəyişmədi! Gərək özümüzü dəyişək. Oğru əlimizi, oğru nəfsimizi , vicdanımızı dəyişək!"
Qeyd edək ki, paytaxtın uşaq baxçaları meriyanın tabeliyinə verildikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu müəssisələrdəki neqativ halların aradan qaldırılacağını vəd etmişdi. Bununla belə hələ də uşaq baxçaları ilə bağlı xoşagəlməz məlumatların arası kəsilmir. Bu isə Abutalıbovun həmin müəssisələrin fəaliyyətində ciddi dönüş yaradacağına dair gözləntilərin faktiki olaraq fiaskoya uğraması deməkdir. Aydın görünür ki, uşaq baxçalarının meriyanın nəzarətinə verilməsi gözlənilən nəticəni doğurmayıb.
Belədə isə Azərbaycanda fəaliyyət göstərən uşaq baxçalarının yenidən Təhsil Nazirliyinin balansına verilməsini istəyən ekspertlərin mövqeyini təqdir etməkdən başqa çıxış yolu qalmır. Hətta xeyli əvvəl belə məlumatlar yayılırdı ki, Təhsil Nazirliyi də uşaq baxçalarının bu qurumun balansına qaytarılması üçün müraciət etməyə hazırlaşır. Buna səbəb kimi, nazirliyin uşaq baxçalarının idarə edilməsində, eləcə də baxçalar və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyyə işinin təşkil edilməsində kifayət qədər təcrübəsinin olması göstərilir. Bildirilir ki, əgər uşaq baxçaları və məktəbəqədər təhsil müəssisələri uşaqların orta məktəbə hazırlıq prosesini həyata keçirirsə, nədən həmin müəssisələr Təhsil Nazirliyinin nəzdində olmasın?
Kifayət qədər əsaslı arqumentlərdir. Eyni zamanda uşaq baxçalarının fəaliyyətindəki çatışmazlıqların dərinləşməsi də bu müəssisələrlə iş təcrübəsi olmayan BŞİH-in ayağına yazılmalıdır. Odur ki, ümid edək, uşaq baxçalarının fəaliyyəti ilə bağlı hökumət daxilində lazımi məsləhətləşmələr aparılacaq və onların normal, müasir tələblərə uyğun fəaliyyət göstərməsini təmin edəcək addımlar atılacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05