Parlamentdə ermənilərlə bağlı ilginc təklif
13:09 04-04-2015
İQTİSADİYYAT
Parlamentdə ermənilərlə bağlı ilginc təklif
Oqtay Əsədov: "Dağlıq Qarabağ ermənilərinə qaçqın statusu versək, Ermənistanda adam qalmaz, hamısı Azərbaycana gələr"
Milli Məclisdə Dağlıq Qarabağdakı ermənilərə qaçqın statusu verilməsi, onların bağışlanması məsələsi qaldırılıb.Zahid Oruc bildirib ki, erməni hərbçisi Andranik Qriqoryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçməsi və söylədikləri bu addımı atmağı zəruri edir: "Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı fərqli siyasət yürütməliyik və bu, çox effektiv olacaq. Biz ağ bayraq qaldıran erməniləri qəbul etməyə nə qədər hazır olduğumuzu nəzərdən keçirməliyik. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır".
Deputat İqbal Ağazadə isə deyib ki, Qarabağ ermənilərinə Azərbaycan pasportu verilməlidir, çünki onlar Azərbaycan torpaqlarında andan olublar: "Həmin ermənilərin Azərbaycan tərəfindən bağışlanması üçün aidiyyəti orqanlar qərar qəbul etməlidir. Ən yaxşı addım Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilməsi olar".
O. Əsədov İ. Ağazadənin təklifini yaxşı fikir sayıb, lakin qeyd edib ki, qaçqın statusu verilsə, Ermənistanda adam qalmaz, hamısı Azərbaycana gələr.
"Azyaşlıları dilənçiliyə məcbur etməyə
görə cəza təyin edilsin!"
"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat"ı diqqətlə oxudum. Bu məlumat həmişəki kimi əhatəli və məzmunludur. Göründüyü kimi insan alverinə qarşı mübarizə Azərbaycanda kompleks şəkildə aparılır və bir neçə istiqaməti özündə əks etdirir. Xüsusi məmnunluqla qeyd etmək istərdim ki, "Məcburi əməyə, o cümlədən uşaq əməyinin istismarına qarşı tədbirlər" bölməsində ilk dəfə olaraq polis orqanları tərəfindən keçirilmiş reydlərdən, küçə həyatına məruz qalan, dilənçilik edən, qeyri-qanuni qulluğa cəlb edilən 502 azyaşlıdan söhbət gedir".
Bu sözləri Milli Məclisin iclasında deputat Elmira Axdunova insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun çıxışına münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, hələ keçən il də "İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatında" məhz bu məsələləri diqqətə çatdırmışdı.
"Razılıq hissi ilə qeyd etməliyəm ki, biz bakılılar son ildə polis orqanlarının dilənçilik və dilənçilərlə mübarizəni gücləndirilməsinin əyani şahidi olmuşuq. Hal-hazırda Bakı küçələri, trasları bu bəladan əhəmiyyətli dərəcədə azad olub. O cümlədən hesabatda da qeyd olunduğu kimi məktəblilər arasında xeyli sayda neqativ hallar aşkar edilib və qarşısı bu və ya digər vasitələrlə alınıb. Bununla belə bir neçə təkliflə çıxış etmək istərdim. Ümidvaram ki, bu da ümumi məqsədə xidmət edəcəkdir".
Elmira Axundova öncə təklif edib ki, Cinayət Məcəlləsində azyaşlıları, yetkinlik yaşına çatmayanları dilənçiliyə məcbur etməyə görə cəza təyin edilsin. Əgər belə maddə varsa cəza sərtləşdirilsin.
"Çünki hal-hazırda polis orqanları dilənçiləri ancaq cərimə edir. Bu da o qədər təsirli vasitə deyil.
Bildiyimiz kimi respublika ərazisində internetin yayılması ilə əlaqədar xeyli saytlar fəaliyyət göstərir ki, porno və seks xidməti təklif edir, yeniyetmələrin mənəviyyatını korlayır, həmçinin muzdluları döyüş və isti bölgələrə göndərmək üçün müxtəlif ölkələrdə, həm Rusiya, həm İngiltərədə firmalar internetdə açıq-aşkar fəaliyyət göstərir. Ona görə təklif edərdim ki, qanunlarımıza belə saytların respublika ərazisində yayımını qadağan edən əlavə və dəyişikliklər edək, qardaş Türkiyədə olduğu kimi bu cür saytların yayımının qarşısını alaq".
Elmira Axundova onu da diqqətə çatdırıb ki, demək olar hər gün xüsusilə qadınların məişət zorakılığına məruz qalması xəbərlərini eşidirik. Ona görə insan alverinə və belə neqativ hallara qarşı mübarizədə əsas ağırlıq, əsas iş profilaktik və maarifləndirmə tədbirlərinin üzərinə düşür.
"Bilirəm ki, polis orqanları QHT-lər ilə birgə bir sıra şəhər və rayonlarda ali və orta ixtisas təhsil müəssisələrində müvafiq profilaktik tədbirlər keçirməkdədir. Amma hesab edirəm ki, bu işi daha da genişləndirmək və bütün tam orta və natamam orta məktəbləri əhatə etmək lazımdır. Çünki məhz yeniyetmələrlə işi gücləndirmək və onları bu cür neqativ hallardan çəkindirmək vacibdir. İstərdim ki, hər bir kanal AzTV kimi bu mövzulara geniş yer ayırsın və polis işçiləri bu cür mövzularda çıxışlar etsinlər.
Digər məsələ də əyani vəsaitlərin çatışmazlığıdır. Söhbət küçələrdəki, prospektlərdəki bannerlər üzərində müvafiq sosial reklamların, ya da yerli telekanallarda sosial roliklərin azlığından gedir. Halbuki belə bannerlər, sosial roliklər çox böyük psixoloji təsirə malikdir. Mən istərdim ki, bugün müzakirə etdiyimiz "Reklam haqqında" qanun qəbul edildikdən sonra DİN belə sosial roliklərin hazırlanmasında və televiziya kanallarında yerləşdirilməsində öncül olsun. Necə ki, dövlət yol polisi mütəmadi olaraq kanallarda yol qaydalarının pozulmasına və onun acı nəticələrinə dair sosial roliklər verir.
Hesab edirəm ki, bu cür neqativ hallara qarşı bütün cəmiyyətimiz, yəni ictimai xadimlər, hüquq mühafizə orqanları, KİV-lər birlikdə ciddi mübarizə aparsa, bu bəladan qismən də olsa qurtula bilərik".
Sonda millət vəkili milli koordinatorun hesabatını məqbul hesab edərək, onun lehinə səs verəcəyini bildirib.
Milli Məclisdə
mübahisə düşdü
"Milli koordinator burda çıxış etdi. Bizim bəlkə ona bir neçə dəyərli təklifimiz var idi. Bizə təkliflərimizi verməyə imkan yaratmırsız".
Bunu Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında insan alveri ilə bağlı məsələnin müzakirəsi zamanı çıxış edərkən deyib.
Onun fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun etirazına səbəb olub. Z.Əsgərov bildirib ki, deputatlara müraciət olunub: "Niyə çıxış etmədiniz? Mən sizin əlinizi də, səsinizi də görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq belə məsələrdə təkid etmirsiniz".
Çıxışına davam edən Fazil Mustafa deyib ki, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz:
"Biz sizin müzakirələr üçün 5 dəqiqəlik vaxtın verilməsi fikrinizlə razılaşdıq. Bəs, biz bura dinləmək üçün gəlmişiksə, onda sakitcə dinləyək, səsimizi verək, çıxaq gedək. Mənim insan alverilə bağlı çox ciddi təkliflərim var idi. Burada söhbət kimisə tənqid etməkdən getmir.
Müzakirəyə yazılan deputatlara imkan yaradın, yaxud bütün hesabatları və bu barədə məlumatları birləşdirərək bir iclasda verək getsin. Belə məclismi olar? Heç olmasa deputatların rəyini də soruşun".
Ziyafət Əsgərov deputatın fikirlərinə bir daha etiraz edib: "Sizin irad bildirməyə hüququnuz var. Amma çıxışınızda məntiq yoxdur. Mən deputatlara müraciət etdim ki, təkid edən var? Təkcə Elmira Axundova təkid edib fikirlərini söylədi. Digər müzakirəyə yazılanlar çıxışdan imtina etdi. Bu nə deməkdir? Mətbuat burda oturub deyə populistlik lazım deyil. Mən dəfələrlə müraciət etdim ki, kimin təklifi varsa desin".
Qənirə Paşayeva Fazil Mustafanın təklifini dəstəklədi
Millət vəkili Qənirə Paşayeva parlamentin iclasında Çanaqqala zəfərinin 100-cü ildönümünün Azərbaycanda yüksək səviyyədə qeyd edilməsini təklif edib. Modern.az saytı xəbər verir ki, o, həmkarı Fazil Mustafanın bu istiqamətdə təkliflərini dəstəkləyib və bildirib ki, Çanaqqala zəfəri bütün Türk dünyasının zəfəridir.
"Çanaqqala zəfərində mindən artıq, bəzi araşdırmalara görə bundan daha da çox azərbaycanlı Anadoluda, Türkiyə torpaqlarında oradakı qardaş-bacılarımızla vətən mübarizəsində şəhid olaraq, qəhrəmanlaşıblar".
Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyən Qənirə Paşayeva aprelin 24-də Prezident İlham Əliyevin də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı Türkiyədə dövlət səviyyəsində keçiriləcək tədbirdə iştirak edəcəyi ilə bağlı məlumatlara toxunub və bunu qardaşlığın ən gözəl nümunəsi adlandırıb.
Millət vəkili Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə həm qardaş Türkiyədə, həm də ölkəmizdə keçiriləcək tədbirlərin qondarma "erməni soyqırımı" iddiaları ilə çıxış edənlər güclərə tutarlı cavab ola biləcəyini deyib.
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünü təsdiqlədi
Milli Məclisin iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.M üzakirələr zamanı deputatlar və parlament rəhbərliyi Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri kimi fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra E. Rüstəmov və X. Abdullayevin namizədliyi səsə qoyulub.
Millət vəkilləri səs çoxluğu ilə hər iki şəxsi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edib.
Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərlik edir. O, ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub.
2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53