ABŞ-ın Azərbaycan siyasəti
13:12 04-04-2015
İQTİSADİYYAT
ABŞ-ın Azərbaycan siyasəti
Yeni mərhələyə start veriləcək
ABŞ -Azərbaycan münasibətlərində yeni mərhələ başlaya bilər. Bununla bağlı artıq bir sıra ekspertlər də proqnoz səsləndirirlər. Belə ki, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin eksperti Qreqori T. Kili ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb.O, "Rollcall" saytında "Strateji səbr üçün vaxt yoxdur: Azərbaycan nümunə kimi" başlıqlı məqaləsində ABŞ prezidenti Barak Obamanın dünyada "strateji səbr" üçün çağırışlarını əks etdirən yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib.
O qeyd edib ki, Avropa, Afrika və Yaxın Şərqdə Obama administrasiyasının strateji səbrinin bir sıra uğursuzluğa düçar olmuş nümunələri var.Müəllif bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox maraq göstərmir: "Azərbaycanla Ermənistan arasında münaqişə son aylar güclənib. Münaqişə regiondakı sabitliyə təhdiddir. Birləşmiş Ştatlar yalnız Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu həmsədri qismində münaqişənin nizamlanmasında iştirak etməklə kifayətlənir".Ekspert Azərbaycan rəsmilərinin Vaşinqtonda keçirilən forumda iştirak etdiyini, onların Obama administrasiyasını Cənubi Qafqaz regionu üçün daha aydın uzunmüddətli geosiyasi strategiya hazırlamağa çağırdıqlarını bildirib: "Obama administrasiyasının strategiyada "regional münaqişələrin həlli istiqamətində Qafqaz ölkələri ilə əlaqələri artırmaq" kimi qeydi region üçün kifayət deyil. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edib və enerji istehsalçısı, etibarlı beynəlxalq müttəfiq kimi ABŞ-ın strateji tərəfdaşına çevrilib. Bakı-Tiflis-Ceyhan boru xətti ilə gündə 1 milyon barel neft nəql olunur, Trans Xəzər qaz kəməri isə Avropanın artmaqda olan enerji ehtiyaclarına cavab verəcək.Əfqanıstan məsələsində Azərbaycan ABŞ hərbi qüvvələrinin, avadanlıqların daşınması baxımından strateji mövqeyə malikdir. Bu ölkə Əfqanıstanda xidmət göstərən NATO Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin yarısını təhlükəsiz tranzit yolu ilə təmin edib".
Müəllifin sözlərinə görə, məqaləsi silahlı müdaxilə üçün deyil, dünya lideri kimi vacib roldan üz döndərməməyə çağırışdır: "Azərbaycan ABŞ rəhbərliyini məsələyə diqqəti artırmağa çağırır. Strategiyada göstərildiyi kimi səbrlə bağlı məqsədə çatmaq milli təhlükəsizliyimizi və Avropadakı tərəfdaşlarımızın təhlükəsizliyini təhdid altına ala bilər. Bu "səbr" isə məqsəd deyil, bütün dünyada lider kimi öz rolundan boyun qaçırmaqdır".Maraqlıdır, ekspertin dedikləri reallaşarsa ABŞ Dağlıq Qarabağ probleminin həllinə başqa hansı formada müsbət təsir göstərə bilər? Müşahidəçilərin qənaəitincə ABŞ istəyərsə erməni lobbisini razı salaraq problemin həllinə ciddi təsir edə bilər. Belə ki, erməni lobbisinin əsas mərkəzi ABŞ-da yerləşir və bu ölkənin erməni lobbisinə bir başa təsir etmə gücü var. Amma bu günə qədər ABŞ bu imkanlarından istifadə etməyib. Digər tərəfdən ekspertlərin fikrincə Ermənistanda son zamanlar Rusiyaya qarşı bir nifrət yaranıb və demək olar ki, hətta Rusiya ilə bütün əlaqələrin kəsilməsini istəyən qüvvələr də var. ABŞ bu imkandan da yararlanaraq Ermənistanda təsir imkanlarını genişləndirə bilər. Bununla yanaşı son zamanlar İran-ABŞ münasibətləri qaydasına düşdüyünə görə regionda siyasi proseslər məcrasını dəyişəcək. Belə olan halda Ermənistan regionda Rusiyanı dəstəkləyən tək dövlət olacaq. ABŞ isə belə bir anklavın yaranmasına sözsüz ki, razı ola bilməz və buna görə ümumilikdə region siyasətinə yenidən baxmalıdır. Ümumilikdə götürəndə isə ekspertlər hesab edir ki, ABŞ-da prezident seçkilərindən sonra çox böyük ehtimal ki, respublikaçılar hakimiyyətə gələcək. Demokratlardan fərqli olaraq respublikaçılar Azərbaycana daha isti münasibət göstərirlər.Bunu elə ata və oğul Corc Buşların hakimiyyəti zamanı gördük. Buna görə hesab edirlər ki, respublikaçılar hakimiyyətə gələrlərsə Azərbaycanla müttəfiqliyi daha da dərinləşdirəcəklər və Dağlıq Qarabağ probleminin həllinə ciddi yanaşacaqlar. Digər tərəfdən Ukrayna olayları sübut etdi ki, Avropa və ABŞ possovet ölkələrində mövcud olan münaqişələri həll etməklə bu ölkələrə Rusiyanın təsirini azalda bilər. Çünki bu münaqişələri Rusiyanın özü yaradıb və bundan istifadə etməklə possovet ölkələrini nəzarətində saxlaya bilir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53