İsa Qəmbərə qarşı açıq etirazlar başladı
07:20 08-04-2015
İQTİSADİYYAT
İsa Qəmbərə qarşı açıq etirazlar başladı
Müsavatdakı narazı qrup sabiq başqanı partiyanı
parçalamaqda, ikitirəlik yaratmaqda ittiham edirlər
Məlum olduğu kimi, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında deputatlığa namizəd olmaq istəyən şəxslərin partiya başqanının adına ərizə yazması, partiya qarşısında öhdəlik götürməsini əks etdirən təlimat qəbul olunub.
"Unikal"ın məlumatına görə, bu qərar partiyadakı narazı qrupu qane etmir. Hazırda narazı qrupun başında dayanan, Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub bu qərarın məntiqsiz olduğunu bildirir. O deyib ki, müsavatçı artıq Müsavat Partiyasının üzvü olanda üzərinə öhdəlik götürüb. Onun sözlərinə görə, indi kiminsə qarşısında öhdəlik götürmək, kiməsə müraciət etmək niyyəti yoxdur. V. Əyyub bildirib ki, partiya qarşısında öhdəlik götürməyəcəyi təqdirdə, deputatlığa namizədliyinin təsdiq olunmaması Məclisin problemi olacaq: "Məclis maraqlı olmalıdır ki, Vurğun Əyyub Müsavat adından seçkilərdə iştirak etsin. Bunlar məni maraqlandırmır. Heç bir ərizə yazmayacağam. Nə istəyirlərsə, edə bilərlər".
Ancaq məsələ ondadır ki, Vruğun Əyyubun bu açıqlaması qarşı tərəfdən birmənalı qarşılanmayıb. Belə ki, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında Vurğun Əyyub Məclis üzvlüyündən çıxarıldı. Qubad İbadoğlunun tərəfdarı olan Vurğun Əyyub Arif Hacılı Müsavat başqanı seçiləndən sonra partiya Məclisinin toplantılarına qatılmayıb. Vurğun Əyyub özü bununla bağlı dəfələrlə mətbuata açıqlama verib. Məclis üzvlüyündən uzaqlaşdırılan Vurğun Əyyub partiyadan da çıxarıla bilərmi? Bu barədə əməkdaşımızla söhbətləşən Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, partiyanın daxili nizamnamə tələbləri var: "Kimliyindən asılı olmayaraq, tələblərə əməl etməyən, nizamnaməni pozan şəxslər haqqında tədbirlər görülür və görüləcək. Ancaq indiki halda Vurğun Əyyubun, yaxud başqa şəxslərin partiyadan çıxarılacağını demək olmaz".Onun sözlərinə görə, Vurğun Əyyubun adını Məclis üzvlərinin siyahısından çıxarılmasında Müsavatın keçmiş başqanı İsa Qəmbərin israr etməsi söhbəti ağ yalandır: "İsa Qəmbər dedi ki, Vurğun Əyyub özünü Məclis üzvü hesab etmədiyi üçün adının siyahıda saxlanması, həm Müsavat Partiyasına həm də, onun özünə hörmətsizlikdir. Adının siyahıda saxlanmasını istəməyən şəxsin Məclis üzvlüyündə qalmasına ehtiyac yoxdur. Bu, İsa Qəmbərin Məclis üzvü kimi səlahiyyətindən istifadə edib verdiyi bir təklifdir".
Bu barədə fikirlərini "Unikal"la bölüşən Müsavatın keçmiş MNTK üzvü, Qubad İbadoğlunun ən əsas tərəfdarlarından olan Əlövsət Talışxanlı isə deyib ki, bütün bunların başında İsa Qəmbər dayanır. Onun sözlərinə görə, Vurğun Əyyubun Məclis üzvlüyündən İsa Qəmbərin təklifi ilə çıxarılması da buna əyani sübutdur. "Bu adamlar nə etdiklərini bilmirlər, Müsavatı parçaladılar, indi də tamamilə məhv eləmək istəyirlər. Onsuz da Müsavatın indiki nüfuzu sıfıra bərabərdir. Amma biz əsl müsavatçılarıq, mənən müsavatçı olduğumuzu da sübut etmişik. Amma İsa Qəmbər və Arif Hacılının bu yanaşması partiyanı məhvə aparıb, necə ki, artıq məhv olmuş saymaq olar", - deyə Ə.Talışxanlı əlavə edib.
"Unikal"a açıqlama verən Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib ki, Vurğun Əyyubun Müsavat Məclisinin üzvlüyündən çıxarılması partiya rəhbərliyinin buraxdığı kobud səhvlərin davamıdır. O, Vurğun Əyyubun Müsavatın Məclis üzvlüyündən çıxarılmasını idarəetmədə demokratik təfəkkürün olmamasının göstəricisi kimi qiymətləndirib:"Bir daha sübut etdilər ki, müxtəlif fikirliliyə tolerant deyillər. Bu qərarla, həmçinin Məclisin qeyri-legitim olmasına dair əlavə arqumentlər yaratdılar və bir daha göstərdilər ki, həqiqətən də partiya daxilində belə bir problem var. Qərarın qəbulunu səsvermə yolu ilə həyata keçirməməklə isə ortalığa üç nəticə qoydular. Birincisi, partiya hələ də köhnə başqan tərəfindən idarə olunur. İkincisi, partiyada Nizamnaməyə hörmət yoxdur. Üçüncüsü isə partiyada Vurğun Əyyubun gündən-günə artan nüfuzundan ehtiyatlanırlar. Çünki səsvermə olsaydı, Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşması təsdiq olunmaya bilərdi".
Bütün bunlar bir daha göstərdi ki, Müsavatdakı olayların başında İsa Qəmbərin özü dayanır. Sözsüz ki, İsa Qəmbərin partiyanı bu vəziyyətə salması, özünün lider olduğunu sübut etmək və özündən sonrakı Müsavatın bu biabırçı vəziyyətə düşməsini göstərməkdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53