Putinin ilginc "Şərqi Almaniya gizlinləri"
Putinin ilginc "Şərqi Almaniya gizlinləri"

Rusiya liderinin "KQB"də işləyərkən Drezdenlə nə ilə məşğul olub?

Rusiya prezidenti Vladimir Putin iqtidarda 15-ci ilini başa çatdırsa da, bir çox Qərb siyasətçiləri və elm adamları üçün hələ də "gizli qutu" olaraq qalır. Vladimir Putinin nəyi necə və nə üçün etdiyini anlamaq istəyrsinizsə, o zaman 25 il öncə Şərqi Almaniyada baş verən hadisələri bilməyiniz vacibdir.publika.az BBC-nin əməkdaşı Kris Bovlbyin Rusiya prezidenti Vladimir Putinin Şərqi Almaniyada sovet xüsusi xidmət orqanı olan "KQB"də çalışdığı Drezdendə apardığı araşdırmanı tərcüməsini təqdim edir.

"Durun: silah işlətməyə ixtiyarım var"

5 dekabr 1989-cu il - Berlin divarının yıxılmasına bir neçə həftə qalır. Şərqi Almaniyadakı kommunist sistemi çökmək ərəfəsindədir və küçələrdəki qarışıqlıq düzələnə oxşamır. Qarışıqlıqda bir qrup etirazçı Şərqi Almaniyanın Təhlükəsizlik Nazirliyi binasına daxil olur və bir anda ölkənin gizli polisi tam zərərsizləşdirilir. Bununla kifayətlənməyən etirazçılar yolun qarşısında yerləşən "KQB" binasına da istiqamət alır. Həmin vaxt etirazçılar arasında olan Siegfried Dannat "KQB" önündə olan təhlükəsizlik qüvvələri həmin binaya sığındılar" deyə səslənir.
Qapıya gəlib etirazçılarla danışıqlar aparan bir vəzifəli şəxs sərt tələblər irəli sürür: "Binaya zorla daxil olmağa çalışmayın. Təhlükəsizlik qüvvələri silahlıdır və lazım gələn zaman həmin silahlardan istifadə etməyə ixtiyarları var". Bu sözlərdən sonra qarışıqlıq bir qədər səngiyir. Ancaq "KQB" təmsilçisi mövcud vəziyyətin çox həssas olduğunu da yaxşı başa düşür.
Həmin şəxs sonralar o günlərdən danışarkən Drezdendəki SSRİ ordusunun tank bölümünə zəng edib necə kömək istədiyini, ancaq ordu komandirlərinin "Moskvadan əmr gəlmədən heç bir addım ata bilmərik" dediklərini yaxşı xatırlayır. Həmin gün tank bölüyünün komandiri "Moskvadan səs çıxmır" deyib.
"Moskvadan səs çıxmır" sözləri "KQB"nin gənc təmsilçisinin yadından heç zaman çıxmayıb. 1989-cu il hadisələrini çarəsizcə izləməyə məcbur olan həmin "KQB" təmsilçisi indi Kremldə oturur. Bu şəxs Rusiya Federasiyasının prezidenti Vladimir Putindir.

Siyasi nüfuzun küsməsi

Putinin tərcümeyi-halını qələmə alan alman yazar Boris Reitsçuster qeyd edir ki, "KQB" illəri Putin üçün açar rolunu oynayıb: "Əgər Putin Şərqi Almaniyada illərlə çalışmasaydı, o zaman bu, başqa bir Putin və Rusiya olacaqdı".
Şərqi Almaniyada keçirdiyi illər Putinə heç zaman unutmayacağı dərslər verdi. Cəmiyyətin necə formalaşdırılması, sağlam və inanıla bilən insan münasibətlərini necə qura bilməklə bağlı ciddi addımlar Putində Drezden illərinin təsiri ilə formalaşıb. Putin mütləq hakim güc kimi görünən hər hansı siyasi nüfuzu bir anın içərisində çarəsiz hala salmağı şəxsi təcrübəsində öyrənə bilib.

"Bir casus minlərlə
adamın taleyini
təyin edə bilir"

Putin Drezdendə 1980-ci illərin ortasından fəaliyyətə başlayıb. Şərqi Almaniya Putinin "KQB"dəki ilk rəsmi xarici fəaliyyəti idi. Şərqi Almaniyanın Sovetlər İttifaqı üçün xüsusi əhəmiyyəti var idi. Kommunist blokun Qərb ilə baş-başa gəldiyi həssas nöqtədə casuslar və Qırmızı Ordu birləşmələri hər tərəfə səpələnmişdi.
Vladimir Putin hələ uşaqlıq illərindən "KQB"də çalışmağı istədiyini xatırlayır. O, bu istəyinin səbəbini bu cür ifadə edir: "Tək bir adamın mübarizəsi orduların edə bilmədiyini edə bilər. Bir casus minlərlə adamın taleyini təyin edə bilər".
Qeydlərə görə, Putin sayı bilinməyən Sovet İttifaqı - Şərqi Almaniya birgə toplantılarına qatılıb. "KQB" həyat tərzi hər nə qədər təhlükəli və stressli olsa da, Putin və ailəsi Şərqi Almaniyada istirahət kefini də əldən verməyib. O dövrdə Putinin həyat yoldaşı olan Lüdmila Şərqi Almaniyadakı həyat tərzinin Sovetlər İttifaqından çox fərqləndiyini deyirdi: "Küçələr təmizdir, hər kəs həftədə bir dəfə pəncərə şüşələrini silir, dövlət işində çalışanlar bizimkilərdən daha çox maaş alırlar. Ancaq biz nə qədər çalışsaq da, pul toplayıb bir avtomobil ala bilmədik".
Putinin "KQB"dən olan keçmiş iş yoldaşı Vladimir Usoltsev onun tanınmış Qərb şirkətlərinin məhsullarını poçtla sifariş verdiyini xatırlayır. Putin modanı da yaxından izləyirmiş və özünə məşhur brendlərdən sifariş verirmiş. Pivə içməyi xoşlayan Vladimir Putin hər həftə "Radeberger" pivəsi alırmış.
Boris Reitsçuster Putinin Şərqi Almaniyada kiçik cənnətin kefini çıxardığını söyləyir. Çünki Putin sonralar Rusiyada Şərqi Almaniya modelini qurmağa çalışıb.

Cənnət cəhənnəmə
çevriləndə

Ancaq 1989-cu ildə bu cənnət bir anın içərisində cəhənnəmə çevrilir. Putin də Drezden küçələrində hirsli etirazçıların toplandığı şəhərə şəxsən özü şahidlik edir.
Oktyabrın əvvəllərində siyasi sığınacaq tələb edərək Praqadakı Qərbi Almaniya səfirliyinə gedən bir qrup Şərqi Almaniya vətəndaşının Qərbə gediş-gəlişinə icazə verilir. Siyasi sığınacaq alan şəxslər qatarlarla Drezden üzərindən Qərbə keçəcəkdi. Qatar Drezdenə çatan zaman təhlükəsizlik dəhlizini qıran çoxlu sayda Şərqi Almaniya vətəndaşı qatara minərək ölkədən qaçmağı bacarır.
Drezden bələdiyyə sədri Volfgang Berghofer həmin dövrdə baş verən xaosu bu cür xatırlayır: "Drezdendəki SSRİ tank bölüyü bizə işləri nəzarət altına ala bilməyəcəyimiz halda Moskvanın məsələyə müdaxilə edəcəyini və sovet tanklarının şəhərə girəcəyini söylədi".
Noyabrın 9-da insanlara Berlin divarından nəzarət altında keçməyə icazə verilməsi etirazçıların özlərinə olan inamını daha da artırıb. Daha sonra etirazçılar Şərqi Almaniyanın Təhlükəsizlik Nazirliyinin və "KQB" binalarının önündə toplaşmağa başlayıblar.
Şübhəsiz ki, Putin o günlərdə sıx təmas saxladığı və etibar etdiyi yoldaşlarının onlara köməyə gələcəyini düşünürdü. Ancaq gözlənən baş vermədi. Mixail Qorbaçov səssiz qalmışdı, SSRİ tankları hərəkətə keçə bilmirdi. Vladimir Putin indi də o günlər xatırlayaraq deyir ki, kimsə onları xilas etmək üçün tükünü belə tərpətməyib.
Tutduğu vəzifəsinin məsuliyyətini yaxşı anlayan "KQB" əməkdaşı Putin yerləşdiyi binadakı bütün məxfi sənədləri yandırtdırıb: "Mən şəxsən xeyli sayda sənədi yandıraraq məhv etdim. O qədər sənəd yandırdıq ki, sonda istilik sobası da partladı".

Helmut Kolun Şərqi
Almaniyaya gəlişi

Ancaq Putin üçün hadisələr yekunlaşmamışdı. Keçirilən kütləvi etirazlardan iki həftə sonra Qərbi Almaniya lideri Helmut Kol Drezdenə gələrək insanlar qarşısında çıxış edir. Bu çıxışdan sonra artıq Almaniyanın birləşməsi və Şərqi Almaniyanın süqutu dəqiqləşmişdi.
Helmut Kol Drezdendə çıxış edən zaman Putinin orada olub-olmaması dəqiq bəlli deyil. Ancaq bir "KQB" agenti kimi Putinin olub-bitəndən xəbərsiz olması mümkün deyildi.
Şərqi Almaniyanın süqutu Putinin şəxsi həyatında da böyük dəyişikliklərə səbəb olub.

Dağılan ailələr

Putinin o dövrdə həyat yoldaşı olan Lüdmila 1990-cı illərin əvvəlində Şərqi Almaniyanın süqutu ilə bağlı deyirdi ki, doğma evləri kimi qəbul etdikləri ölkə xəritədən silinir: "Şərqi Almaniya dağılanda qonşumuz bir həftə dayanmadan ağladı. İnsanların həyatları, karyeraları, ətrafımızda olan hər şey yerlə-yeksan edilirdi".
Vladimir Putinin Şərqi Almaniya Təhlükəsizlik Nazirliyində çalışan ən yaxın dostlarından biri Horst Boehm etirazçılar tərəfindən elə bir formada alçaldılmışdı ki, o, 1990-cı illərin əvvəlində intihar etdi...
Putinin tərcümeyi-halını qələmə alan Maşa Gessen qeyd edir ki, sonda Vladimir Putinin alman dostları ona və ailəsinə 20 illik paltaryuyan maşını verərək avtomobillə Leninqrada (Sankt-Peterburq) yola salıblar. M.Gessen yazır ki, o dövrdə Putin ölkəsinə böyük xidmət göstərdiyini, əvəzində heç nə almadığını düşünürdü: "Putin ölkəsinə dönəndə artıq Rusiya Mixail Qorbaçovun "yenidənqurma siyasəti" nəticəsində çox dəyişmişdi. Ancaq Putin bu dəyişikliyi başa düşmürdü və qəbul etmirdi".
Putinin doğulduğu şəhər olan Leninqradın adı belə dəyişdirilərək Sankt-Peterburq olur. Bu cür dəyişiklik içərisində Putinə necə yer veriləcəyi isə məlum deyildi.

Drezden əlaqələri

Şərqi Almaniya süqut edəndən sonra ölkəsinə qayıdan Vladimir Putin bir müddət taksi sürücüsü kimi çalışmağı düşünüb. Ancaq Drezdendən çox dəyərli məlumat alandan sonra bu fikrindən vaz keçib. Putinin Drezdendə qurduğu əlaqələri yeni Rusiyada həm nüfuz, həm də siyasi mənada böyük əhəmiyyət kəsb edirdi. O dövrdə Putin dövlət idarəçiliyində hər an yüksələ biləcək kadrlardan biri idi. Çünki o vaxtı Putinin Şərqi Almaniya Təhlükəsizlik Nazirliyinin arxivində olan bir fotosu diqqəti çəkir. Həmin fotoda Vladimir Putin Sovet İttifaqı və Şərqi Almaniyanın yüksək vəzifəli şəxsləri arasında poz verirdi. Putin vəzifəcə kiçik olsa da, həmin dövrdə yüksək vəzifəli şəxslərin arasına girə bilmişdi.

Etibarlı,
sınanmış dostlar

ABŞ-ın Mayami Universitetinin professoru Karen Davişa Putinin Drezdendə tanış olduğu bir çox şəxsin sonradan onun Rusiya prezidenti kimi ən çox etibar etdiyi adamlar olduğunu bəyan edib. Bu şəxslər arasında uzun illər Rusiyanın silah ixracını idarə edən Sergey Çemezov və ölkənin ən böyük boru xətti istehsalçısı olan "Transneft" şirkətinin rəhbəri Nikolay Tokarev də var. Putin ilə yaxın münasibətlər saxlayan adamlar sadəcə Rusiyanın tanınmış hökumət və dövlət rəsmiləri olmayıb. Şərqi Almaniya Təhlükəsizlik Nazirliyinin keçmiş casusu olan Mattias Varnig hazırda Baltik dənizi üzərindən Rusiya qazını Almaniyaya daşıyan "Şimal axını" layihəsinin icraçı direktorudur. Bu enerji layihəsi Almaniya və Rusiya arasında yenidən qurulan əlaqələrin ən bariz nümunəsi olaraq göstərilir. Ancaq bu əlaqələr Ukrayna hadisələrinə görə hələ ki kölgə altına düşüb.
Putinin keçmişini araşdıranlar onun Ukraynanın paytaxtında baş verən etiraz aksiyaları zamanı Drezden hadisələrini xatırladığını düşünürlər. Boris Reitsşuster deyir ki, 2013-2014-cü illərdə Kiyevdə insanlar küçələrə çıxanda Putin həmin keçmişi yadına salıb: "Həmin pis xatirələr keçmişdə olan qorxuları şiddətləndirir. Ona görə də Vladimir Putinin bundan sonra hansı addımlar atacağını təxmin etmək üçün Drezdendə baş verənlərə necə reaksiya verdiyini xatırlamaq lazımdır. Əgər nə isə təxmin etsək, o da belə olacaq ki, Vladimir Putin Kremldə olduğu dövrdə Moskva sakit dayanmayacaq".

Vasif Həsənli