Səüdiyyə Ərəbistanından gözləntilər
11:19 09-04-2015
İQTİSADİYYAT
Səüdiyyə Ərəbistanından gözləntilər
İlham Əliyevin bu ölkəyə səfəri ciddi effekt verəcək
Prezident İlham Əliyevin Səüdiyyə Ərəbistanına səfəri dünya analitikləri tərəfindən diqqətlə izlənildi. Maraqlıdır, bu səfər nələrlə nəticələnəcək?.Ekspertlər hesab edir ki, məlum səfərə bir neçə aspektdən yanaşmaq lazımdır.İlk növbədə iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi aspektindən. Məlumdur ki, hazırda Səüdiyyə Ərəbistanı dünya dövlətlərinə ən çox investisiya qoyan bir dövlətə çevrilib. Məhz bu investisiyalara görə Səüdiyyə Ərəbistanı həm Yaxın Şərq ölkələrinə bir başa təsir göstərə bilir, həm də regionda ABŞ və İsrailin ən yaxın müttəfiqi hesab edilir.
Son günlər isə Yəmən proseslərinə Səüdiyyə Ərəbistanının bir başa müdaxilə etməsi bu dövlətin gücünü sübutladı. Bu baxımdan hesab etmək olar ki, prezident İlham Əliyevin Səüdiyyə Ərəbistanına səfərindən sonra bu ölkədən Azərbaycana ciddi maliyyə axını olacaq və ölkənin qeyri-neft sektoruna investisiyalar cəlb ediləcək. Belə ki, neftin qiymətinin aşağı düşməsindən sonra prezident İlham Əliyev bəyan etdi ki, qeyri-neft sektorunun inkişafına diqqət daha çox artırılacaq və bunun üçün əlavə vəsaitlər cəlb olunacaq. Bu baxımdan hesab etmək olar ki, Səüdiyyə Ərəbistanı investisiya ayıracaq bir ölkə kimi maraqlarımıza cavab verəcək. Digər tərəfdən yuxarıda göstərdiyimiz kimi Səüdiyyə Ərəbistanı bu gün Yaxın Şərqdə əsas söz sahibidir və bu ölkə ilə əməkdaşlıq bütünlüklə regiona yaxınlaşmaq deməkdir. Ekspertlərin qənaətincə bu gün Səüdiyyə Ərəbistanının tutduğu xətt bunu təsdiqləyir ki, onlar tək regionda gedən siyasi-iqtisadi proseslərə yox, həm də dünyada baş verən proseslərə köklü təsir etmə xətti yürüdürlər. Tək elə bunu demək kifayətdir ki, dünyada neftin qiymətinin aşağı düşməsinə bir başa təsir göstərən ölkə Səüdiyyə Ərəbistanıdır. Belə olan halda Səüdiyyə Ərəbistanı ilə müttəfiq olmaq kifayət qədər önəmli məsələdir və bununla Azərbaycan neft sektorunda da Səüdiyyə Ərəbistanı ilə sıx əməkdaşlıq edə bilər. Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, ərəb dünyası ilə iş birliyi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edib:"Yaxınlığın da müxtəlif sahələri var. Bu ölkə ilə münasibətlərdə həm siyasi, həm strateji, həm də geosiyasi məqamları diqqətdə saxlamaq lazımdır. Yaxın Şərq həm dini, həm də bir sıra beynəlxalq məsələlərə yanaşma baxımından bizə yaxın regiondur. Digər tərəfdən isə indi Yaxın Şərqdə ciddi geosiyasi hadisələr baş verir. "Ərəb baharı" dövrünü və onun nəticələrini görmüşük və bilirik ki, burada müxtəlif ölkələrin maraqları toqquşur. Belə məqamda bu ölkələrlə yaxın olmaq, münasibətləri daha da inkişaf etdirmək, həm bizim, həm də həmin ölkələrin strateji maraqlarına cavab verir.Siyasətdə hansısa münasibətlərdən faydalanmaq mümkündür. Müxtəlif neft və qaz strategiyası layihələri ilə bağlı bir sıra razılaşmalar əldə etmək, həmin ölkələri Azərbaycanın problemlərinə cəlb etmək olar. Məsələn, ilk növbədə Dağlıq Qarabağ problemi nəzərdə tutulur. Bu ölkələri öz maraq dairəmizə yaxınlaşdırmaqla beynəlxalq meydanlarda həmin ölkələrlə birgə qərarlar vermək, onların bizi dəstəkləmələrinə nail ola bilərik". Nəhayət bunu da etiraf etmək lazımdır ki, Səüdiyyə Ərəbistanı həm də müəyyən radikal dini qruplaşmaların mərkəzi kimi qəbul edilir və Çeçenistan tipli ölkələrdə savaşan şəxslərin də bu mərkəzlərdən idarə olunduğu ehtimal edilir. Hesab etmək olar ki, Səüdiyyə Ərəbistanı ilə müttəfiq ölkəyə çevrilmək həm də bu tip qruplaşmaların hədəfindən kənarda qalmaq deməkdir.Maraqlıdır, bəs Səüdiyyə Ərəbistanının Dağlıq Qarabağ probleminə təsiri necə ola bilər? Ekspertlərin fikrincə Səüdiyyə Ərəbistanının imkanı çatır ki, region dövlətləri ilə Ermənistanın iqtisadi əlaqələrini sıfıra endirsin. Bu isə Ermənistan üçün ciddi itki demək olacaq. Digər tərəfdən isə Səüdiyyə Ərəbistanının müsəlman ölkələri ilə ciddi əlaqələri var və bu faktordan da yararlanmaq olar.Xatırladaq ki, bu istiqamətdə İslam Ölkələri Konfransı Təşkilatı kifayət qədər işlər görüb və bir neçə dəfə Ermənistanın işğalçılığını pisləyən bəyanatla çıxış ediblər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20