Həbsxanadan çıxan məhkumların hüquqları necə qorunur?
08:33 16-04-2015
KRİMİNAL
Həbsxanadan çıxan məhkumların hüquqları necə qorunur?
"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında" qanun azadlığa qovuşan məhkumların cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar açır
Cəzaçəkmə müəssisələrindən azad olan insanların cəmiyyətə adaptasiya olunması bu gün ən aktual məsələlərdən biridir. Dəmir barmaqlıqlar arasından çıxan insanların özünə iş tapması, əmək vərdişinin bərpası, yenidən cəzaçəkmə müəssisəsinə dönməməsi üçün cəmiyyətə inteqrasiyası və adaptasiyası vacibdir. Bunun üçün dövlət tərəfindən lazımi tədbirlər görülsə də, hələ də məhkumlar arasında iş yeri, yaşamaq üçün evi olmadığından təkrar cinayət törədib məhbəsə dönənlər az deyil.
Hüquqşunaslar isə cəzaçəkmə müəssisəsindən azadlığa çıxan məhkumların hüquqlarının "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında" Qanunla qorunduğunu deyirlər.
"Unikal"a açıqlama verən Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, bu qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir: "Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində ölkəyə daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 7-ci maddədə sosial adaptasiyaya ehtiyacı olan şəxslərin qeydiyyata alınması və onlarla hazırlıq işlərinin aparılması qeyd olunub. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədi ilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır".
Hüquqşunas deyir ki, 9-cu maddədə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri öz əksini tapıb: "Cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudliyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər".
Hüquqşunasın sözlərinə görə, 9-cu maddədə cəza çəkməkdən azad edilmiş şəxslərin yaşayış yeri ilə təmin olunması qeyd olunub. Həmin maddənin 1-ci bəndində qeyd olunub ki, Cəza çəkməkdən azad edilmiş şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər. Bu maddənin 2-ci bəndində isə göstərilib ki, qeydiyyata alınmış və yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiya müddətindən çox olmamaqla müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yerində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və yaşamaq müddətinin artırılması halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış sahəsi olmayan və himayəsində 14 yaşadək uşağı olan cəza çəkməkdən azad edilmiş qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması təxirə salınmadan həyata keçirilir. əza çəkməkdən azad edilmiş birinci və ikinci qrup əlillər, altmış iki yaşına çatmış kişilər və əlli yeddi yaşına çatmış qadınlar öz ərizələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evlərinə göndərilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər".
Vəkil deyir ki, qanunla cəza çəkməkdən azad edilmiş himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir. Eyni zamanda cəza çəkməkdən azad edilmiş tibbi yardıma ehtiyacı olan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmək hüquqları var. Çox təəssüf ki, bəzi məhkumla azadlığa qovuşduqda səhhətlərində problem olsa da, öz hüquqlarını bilmirlər. Qeyd edək ki, azadlığa çıxan məhkumlar arasında vərəm xəstələrinin də sayı az deyil. Bu qanunla onlar müvafiq icra hakimiyyəti orqanının nəzarəti ilə yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınırlar. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.
Cəzaçəkmə müəssisəsindən çıxan məhkumların işlə təminatına problem yaradan digər amil onların təhsilsiz olmasıdır. Hüquqşunas deyir ki, qanunla müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaratmalıdır. Hətta qanunla cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
Vəkil deyir ki, qanunla həmin şəxslərə müavinət də verilməlidir: "Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər. Belə ki, bələdiyyə və sair qurumlar da bu cür şəxslərdən öz köməkliklərini əsirgəməməlidirlər: "Qanunda açıq şəkildə göstərilib ki, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Sosial adaptasiya tədbirləri bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər".
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "Unikal"a açıqlamasında deyir ki, hazırda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur. Onun sözlərinə görə, adıçəkilən müəssisə Qobustan rayonunda istifadəyə veriləcək: " Sosial Adaptasiya Mərkəzi penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər həyata keçirəcək".
E.Babayevin sözlərinə görə, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"na da cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad edilən şəxslərin gələcək məşğulluqlarına kömək göstərmək məsələsi daxil edilib: "Bununla əlaqədar son illərdə ƏƏSMN ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Təkcə ötən il penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs, o cümlədən 32 nəfər məhbus qadın dərzi, dülgər-xarrat, kompüter istifadəçisi, kompüter texnikasının təmiri, bərbər-manikürçü və s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub".
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08