Azərbaycanın insan haqları modelini dünyaya nümayiş etdirmək fürsəti
Sahib Məmmədov: "1 Avropa Oyunları öncəsi ölkədə insan haqları ilə bağlı durumun açınacaqlı olduğunu əks etdirən mənzərə yaratmağa hesablanmış kampaniyalara əks cavab verilməlidir"
Azərbaycanda l Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca, ölkədə insan haqlarının "qorunması" ilə məşğul olan təşkilatlar, "hüquq müdafiəçi"ləri də fəallaşır. Azərbaycanın belə bir nüfuzlu yarışa ev sahibliyi edəcəyi bir ərəfədə hüquq müdafiəçiləri tərəfindən ölkədə insan haqlarının pozulmasına dair bəyanatlar səsləndirilir, müxtəlif şəxslər tərəfindən sosial şəbəkələrdə Azərbaycanda yaşamağın çətinliyi, vətəndaşların ölkədə yaşaması, hüquqlarının qorunması üçün şəraitin pis olduğunu əsk etdirən statuslar paylaşılır.
Bu günlərdə facebook sosial şəbəkəsində bu ölkədən haştağı ilə yaradılmış kampaniya bunun bir daha təsdiqidir. 1 Avropa oyunları öncəsi ölkədə insan haqlarının qorunması ilə bağlı vəziyyətin ürəkaçan olmadığı mənzərəsi yaratmağa cəhdlər hər gün demək olar ki, artır. Ölkəmizin imicinə müsbət təsir edəcək bu beynəlxalq yarış öncəsi ölkədə insan haqları ilə bağlı durumun açınacaqlı olduğunu əks etdirən mənzərə yaratmağa cəhd edən şəxslərin, QHT-lərin xaricdən maliyyələşdiyi barədə də xəbərlər var.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, "İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu"nun üzvü Sahib Məmmədov da son günlər ölkədə insan haqlarının qorunması ilə bağlı heç də reallığı əks etdirməyən mənzərə yaratmağa cəhdlərin olduğunu təsdiqləyir.
-Sahib müəllim sosial şəbəkələrdə, hüquq müdafiəçiləri tərəfindən ölkəmizdə insan haqları ilə bağlı heç də ürəkaçmayan məlumatlar yayılır. Bu cür məlumatlar ölkədə insan haqları ilə bağlı mənzərəni əks etdirirmi?
-Bu cür kampaniyaların Azərbaycana qarşı aparılması zaman-zaman müşahidə olunub. Bu cür kampaniyalar sistemli şəkildə idarə olunur, bəzi Azərbaycanı istəməyən qüvvələr tərəfindən dəstəklənir. Hələ Bakı-Tiflis-Ceyhan neft kəməri çəkiləndə də bu cür fəallaşma oldu. Bu kəmərin tikintisinin reallaşmasını istəməyən qüvvələr vardı ki, insan haqlarının qorunması adı ilə kampaniya aparırdılar. Halbuki onların tutaq ki, Yevlaxda hansısa sakinin hüququnun pozulması yox, bu kəmərin tikintisinin təxirə salınması maraqlandırırdı. Bu qüvvələrin arasında erməni təşkilatçıları da vardı. İndi siz düşünün, Azərbaycanın torpaqlarını işğal edən, 1 milyondan çox vətəndaşının hüququnu pozan ermənilər niyə Azərbaycanın neft kəməri keçən ərazisində insanların hüququnu qorumağa maraqlı idilər? Cavab bəlli idi. Onlar bu kəmərin çəkilişinə hər cəhdlə mane olmağa çalışırdılar. Ortaya isə, insan haqları, hüquqların müdafiəsi məsələsini atmışdılar. O vaxt biz onlara qarşı əks koalisiya yaratdıq. Nəticə də verdi. Bundan sonra Euroviziya yarışmasında da bu cür cəhdlər oldu. Ölkənin nüfuzunu aşağı salmaq üçün bu ölkədə insan haqlarının kobud şəkildə pozulduğunu dünya ictimaiyyətinə çatdırmaq istəyən şər qüvvələr vardı. Çünki onlara Azərbaycanın mədəni bir ölkə kimi dünya arenasında tanınması sərf etmirdi. Ermənilər tarixən bizi vəhşi kimi təqdim edib. İndi bu cür möhtəbər yarışlarla Azərbaycanın, Azərbaycan insanının mədəni, ağıllı, savadlı bir insan kimi təqdim olunması bu cür qüvvələrə sərf etmir. Bundan əlavə ölkəmizin enerji rəqibləri olan dövlətlər var ki, onlar da qara piarın Azərbaycana qarşı aparılmasında maraqlıdırlar.
-Sahib müəllim Azərbaycanda əslində insan haqları ilə bağlı real mənzərə necədir?
-Hər bir ölkədə olduğu kimi, bizdə də insan haqları hansısa məhkəmə instansiyasında pozula bilər. İstənilən ölkədə bu baş verir. Amma gəlin görək bunu əllərinə bayraq edənlərin narahatçılığı sırf o insanların hüquqlarının pozulması ilə bağlıdırmı? Əsla. Həmin qüvvələri qətiyyən hansısa məhkəmə instansiyasında hüququ pozulan Azərbaycan vətəndaşı maraqlandırmır.
-Bu cür kampaniyalara qoşulan QHT-lərin, hüquq müdafiəçilərinin sifarişlə işlədiyi barədə də məlumatlar dolaşır.
-Doğrudur, Azərbaycanı istəməyən qüvvələrin sifarişini yerinə yetirən təşkilatlar, hüquq müdafiəçiləri var. Azərbaycanda da elə qüvvələr var ki, ölkədə vəziyyətin mürəkkəb olması, vətəndaş cəmiyyətilə hökumət arasında uçurumun olmasında maraqlıdırlar. Bu, onlar üçün biznes deməkdir. Avropada çoxsaylı təşkilatlar var ki, nəinki Azərbaycanda, habelə region üzrə xeyli vəsait, qrant əldə edib və onların bu istiqamətdə işləri davam edir. Hökumətlə vətəndaş cəmiyyətinin mövcud problemlərin həllinə başlaması təbii ki, bu qüvvələrə sərf etmir. Ona görə də, bərpa edilən İşçi Qrupuna münasibətdə belə bir tendensiyanın baş verəcəyini gözləyirdik. İşçi Qrupu yaranmamışdan öncə də mətbuatda bildirmişdik ki, həmin qrupun yaradılması fonunda ona qarşı misli görünməmiş basqılar olacaq. Gördüyümüz kimi, oldu da. Bu, o qüvvələrdir ki, insan hüquqları adında bizneslə məşğuldurlar. Onlar üçün kiminsə həbsdə olması, azadlıqda olmasından daha yaxşıdır. Tərtib etdikləri siyahıda məşhur adamların olması onlar üçün seçkilərdə tanınmış siyasətçinin öndə olması kimi bir prosesdir. Bu adamların azadlığa çıxması ilə əlbəttə ki, sonradan həmin siyahılar "legitimliyini" itirə bilər. Ona görə də, onlar birgə İşçi Qrupunun yaranıb fəaliyyətə başlamasında maraqlı deyillər. Dünən müdafiə etdikləri, əqidə dostu adlandırdıqları şəxsin əfv ərizəsi yazması kifayətdir ki, işimizə qarayaxma ilə məşğul olanlar üçün bu insanlar düşmənə çevrilsin. Belədə həmin insanın ünvanına böhtan, təhqirlər yağdırır, onu satqın adlandırırlar. Bu mənada fəaliyyətimizə qara yaxmaq istəyən bu qüvvələr özləri- özlərini ifşa edir. Hətta onlar beynəlxalq qurumları da belə bir dialoqun başlamasını alqışlamalarına görə də təhqir etməyə, onlara böhtan yağdırmağa başlayıb. Bu yolla da özləri-özlərini ifşa edirlər. Xaricdə onların bu əməlindən "xeyir" götürən qüvvələr isə özlərinin haqlı olduqlarını ortaya qoymaq üçün gözləyir ki, hansısa bir boşluq, geri çəkilmələr olsun. Onlara qarşı mübarizədə ən yaxşı mübarizə heç şübhəsiz İşçi Qrupunun işinin səmərəliliyidir.Bu fəaliyyət səmərəli olduqca, onlar da ifşa olunacaq.
-Sahib müəllim, sosial şəbəkələrdə Azərbaycanda insan haqlarının pozulduğu, ölkəmizin yaşamaq üçün əlverişsiz olmasına hesablanmış bu kampaniyalara qarşı hansısa addım atılmalıdırmı?
-Ən uğurlu addım əks kampaniyanın aparılmasıdır. Sosial şəbəkələrdə aparılan qara piar kampaniyasına adekvat addım əks kampaniyanın başladılmasıdır. Bu onlara ən tutarlı cavabdır.Ümumiyyətlə məlumatlar var ki, bu kampaniyalar Avropa oyunlarına ölkəmizin ev sahiblik etməsi öncəsi məqsədli şəkildə başladılıb. Çünki, bu cür yarışlar ölkəmizin dünyəvi, sülhpərvər bir dövlət imici formalaşdırır. Bəzi qüvvələr nəinki, Azərbaycanın, islam ölkələri arasında dünyəvi dövlət modeli olan ölkənin bu imiclə tanınmasını istəmir.Və bu cür qara kampaniyalar aparırlar. Biz də yerimizdə oturaraq bunu sakit qarşılamamalıyıq. Biz də əks kampaniyalara start verməliyik.Xüsusilə gənclər bu işdə fəal olmalıdırlar. Sosial şəbəkələrdə hesabları olan gənclər bu kampaniyalara tutarlı cavab verməlidirlər.Eyni zamanda xaricdə yaşayan, oxuyan gənclərimiz fəal olmalı, Azərbaycanda insan haqlarının pozulması ilə bağlı şişirdilmiş qara kampaniyalara qarşı cavab verməlidirlər. Fikrimcə Azərbaycana qarşı Avropa oyunları öncəsi başladılmış bu kampaniyalar ölkəmiz üçün faciə deyil. Ölkəmizdə azad söz var, fikir-söz azadlığı boğulmur, mediaya dövlət dəstək göstərir. Bütün bunlar təsdiqləyir ki, həmin hesabatlar reallığı əks etdirmir.
Digər Xəbərlər
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01
2024-12-21 11:45:00