ABŞ-ın susqunluğu
İnsan haqlarından istifadə limiti sona çatır
Artıq dünyada insan hüquq və azadlıqlarına yanaşmanın bir siyasi oyun olmasına heç kəsdə şübhə yoxdur. Çünki baş verənlər sübut edir ki, bu günün özündə də sivilizasiyalar arası toqquşmalar davam edir və bu toqquşmaları idarə edən elə aparıcı dövlətlərdir. Artıq yüz ildən çoxdur ki, Avropada sivilizasiyaların vəhdəti mövzusu ciddi müzakirə olunmaqda və fərqli yollar sınaqdan keçirilməkdə idi.
Bu baxımdan götürsək 20-ci əsrin ilk anlarında Avropada ümumi bir fikir formalaşdı ki, sivilizasiyaların ünsiyyəti, inteqrasiyası ümumilikdə insan haqlarının qorunmasına müsbət təsir edə bilər və bu istiqamətdə real addımlar atıldı. Amma yüz minlərlə miqrantı qəbul edən Avropa öz mədəniyyətini digər mədəniyyətlər arasında görünməz olduğunu hiss edərək bu layihəni yarımqapalı şəkildə dayandırdı. Bununla da sivilizasiyaların yenidən toqquşması prosesinə start verildi. Dinlərarası dialoq görüntü xarakter aldı və Avropada radiakl qüvvələr daha aktiv şəkildə meydanlara çıxmağa başladılar. Bütün bunlar isə ümumilikdə Avropanın, o cümlədən ABŞ-ın insan hüquqlarına, söz azadlığına olan baxışlarını dəyişdi və məlum oldu ki, bu terminlər sadəcə olaraq siyasi proseslərə təsir etmək üçün bir vasitədir. Bu gün isə adı çəkilən siyasi oyunlar possovet məkanındakı dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməkdədir. Demək olar ki, zaman-zaman məhz bu bəhanələrdən istifadə edərək Azərbaycana qarşı müəyyən basqılar həyata keçirildi.Bunları əsas gətirərək Dağlıq Qarabağ probleminin arxa plana keçirilməsinə cəhd etdilər. Diqqət etsək görərik ki, hansı məqamda Azərbaycan Dağlıq Qarabağ problemini gündəmə gətirirsə, beynəlxalq təşkilatlar qarşısında konkret şərtlər səsləndirirsə, ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edirsə anındaca bir sıra beynəlxalq təşkilatlar Azərbaycandakı siyasi durumdan narazlıqlarını bildirir,insan hüquq və azadlıqları ilə bağlı kampaniyaya start verirlər. Əslində bu erməni lobbisinin qurduğu bir sistemdir və xristian həmrəyliyindən irəli gələrək bu sistemi zaman-zaman təkrarlayırlar.Ən gülməli məqamlardan biri isə budur ki, Ermənistanda belə insan hüquqları ilə bağlı durum gərginləşəndə yenə hədəfdə Azərbaycan olur.Xatırlayırsınızsa Ermənistanda keçirilən son parlament seçkilərindən sonra bu ölkədə kütləvi həbslər başladı, ciddi qanun pozuntularına yol verildi. Amma AŞPA-da Azərbaycanla bağlı dinləmələrə start verildi və sanki Ermənistanda heç seçkilər belə keçirilməyib. Bu gün isə Azərbaycan növbəti oyunun astanasındadır. Belə ki, ABŞ-da Azərbaycana qarşı yeni kampaniyaya start verilib və bu dəfə məlum avantürist kampaniyaya bilavasitə ABŞ rəsmisi Con Kerri rəhbərlik edir. Artıq bununla bağlı bütün detallar mediada yayımlanıb. Amma qəribədir ki, ən xırda detala belə reaksiya verən ABŞ rəsmiləri bu dəfə susmağa daha çox üstünlük verirlər. Bu səbəbdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı kampaniyanın aparıldığı barədə məlumatlara münasibət bildirib.E. Məmmədyarov APA-ya açıqlamasında "APA tərəfindən ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən Azərbaycana qarşı kampaniyanın aparıldığı barədə məlumatlar verilib və hətta sənədlər təqdim olunub. Bunlar ABŞ-ın dövlət səviyyəsində Azərbaycana qarşı iş aparmasından xəbər vermirmi" sualını belə cavablandırıb:"Bu davam edən vəziyyət təəccüb və ciddi narahatlıq doğura bilər. Təhlillər onu sübut edir ki, ABŞ-da olan müəyyən insanlar "insan hüquqlarının müdafiəsi"ni yalnız vasitə kimi istifadə edərək, məqsədyönlü şəkildə Azərbaycana qarşı əks kampaniya aparırlar.
Göründüyü kimi, bu anti-Azərbaycan kampaniyası müxtəlif ictimai və media təzyiq vasitələri ilə yalnız Azərbaycanın beynəlxalq imicinə xələl gətirməklə məhdudlaşmır, eləcə də Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir.
Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində dünya mediası tərəfindən ölkəmizə artan marağın fonunda bu qüvvələr "Soyuq müharibə" dövrünə xas əks-təbliğat metodları ilə mövcud şəraitdən öz çirkin məqsədləri üçün fəal şəkildə istifadə etməyə çalışırlar.
Amma onlar hələ də başa düşmürlər ki, bu kimi birbaşa əks-təbliğat əməlləri ilk növbədə Azərbaycan xalqının hisslərinə toxunur. Mövcud sabitlik və inkişaf üçün Azərbaycan xalqı çox böyük əziyyətlərdən keçib. Bu kampaniyanın arxasında duran şəxslər Azərbaycanın son on ildə əldə etdiyi nailiyyətlərini, xüsusilə ÜDM-in 3.5 dəfə artmasını və yoxsulluğun 50 faizdən 4 faizdən aşağı həddə düşməsini düzgün ölçə bilmirlər. Bunlar faktlardır və Azərbaycan xalqı bunu çox yaxşı bilir.
Digər görünən məqam Azərbaycanın ikili standartların hədəfi olmasıdır. Belə ki, Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq, Azərbaycana qarşı təcavüz və işğal törədilməsinə baxmayaraq, bu işğal faktına adekvat münasibət müvafiq qaydada nümayiş etdirilməyib.
Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün Ümumdünya İnsan hüquqları Bəyannaməsinə ciddi şəkildə zidd olaraq, pozulmuş hüquqlarına sərgilənən biganəlik və etinasızlığın fonunda, insan hüquqlarının qayğısına qalmağa iddia etmək əsl məqsədin insan hüquqları və demokratiyadan tamamilə uzaq olduğunu sübut edir.
Ciddi narahatlığa səbəb olan sənədlərdə adı çəkilən demək olar ki, bütün QHT və digər təsisatların ABŞ-ın rəsmi strukturları ilə yaxından işləməsi və dövlət büdcəsi hesabına maliyyələşdirilmələridir. ABŞ erməni lobbisi ilə sıx əlaqələri olan bəzi fərdlər də bu prosesə cəlb olunublar.
ABŞ Administrasiyasından gözləntimiz bu dövlət büdcəsi hesabına maliyyələşən təsisatların anti-Azərbaycan kampaniyasına aydınlığın gətirilməsidir.İndiyə qədər olan təəssürat ondan ibarətdir ki, bu, Azərbaycan-ABŞ əlaqələrinin inkişafını istəməyən şəxslər tərəfindən idarə olunur və hətta onlar əvvəlki Administrasiyaların dövründə qazanılmış ikitərəfli əlaqələrə daha çox zərbə vururlar".
Maraqlıdır, bəs nədən bu günə qədər ABŞ rəsmiləri baş verən proseslərə heç bir reaksiya vermirlər? . Ekspertlər hesab edir ki, bunun bir neçə ciddi səbəbləri var. İlk səbəb budur ki, ABŞ-ın bu təşəbbüsü bir sıra Avropa ölkələri tərəfindən dəstəklənməyib.Bu günlərdə Bakıda keçirilən forumda iştirak edən bir sıra dövlət rəhbərləri, siyasi xadimlər Azərbaycana dəstək verdilər. Hətta açıq şəkildə bəyanatlar səsləndirildi ki, Azərbaycanda insan haqları ilə bağlı bir sıra qüvvələrin tutduğu mövqe yanlışdır və məqsədlidir.Bununla yanaşı Avropada ilk idman oyunlarının keçirilməsini Azərbaycanın öz üzərinə götürməsi də ciddi faktordur. Əslində Azərbaycan bu addımı ilə həm də Avropanın nüfuzuna müsbət dəstək verir. Belə olan halda ABŞ açıq şəkildə Azərbaycana qarşı məlum prosesi apara bilmir.Başqa bir tərəfdən ABŞ anlayır ki, Azərbaycan bu gün regionda ABŞ-a açıq dəstək verən tək dövlətdir. İstər antiterror koalisiyasında Azərbaycanın tutduğu mövqe, istər Avropanın enerji təhlükəsizliyində oynadığı rol danılmazdır. Buna görə ABŞ bütünlüklə maraqlarını Con Kerri vasitəsi ilə erməni lobbisinə qurban verə bilməz. Bu günlərdə analitiklərin hazırladıqları təhlillərdə də göstərilirdi ki, ABŞ-da Azərbaycanı dəstəkləyən qüvvələr də var və bunların sırasında Pentaqonun adı xüsusi olaraq qabardılırdı. Bütün bunlar isə göstərir ki, ABŞ yalnız Con Kerrinin maraqları ilə tənzimlənmir.Məhz bu səbəbdən hələ ki, ABŞ rəsmiləri susmağa üstünlük verirlər. Başqa bir məqam isə ondan ibarətdir ki, hazırda ABŞ korrupsiya və irqiayrıseçkiliyin az qala mərkəzinə çevrilib. Belə ki, məlum olub ki, hazırda prezidentliyə namizəd olan Hillari Klintonun da daxil olduğu Klintonlar fondu şübhəli pul köçürmələrində iştirak edib və Rusiya ilə hansısa şəkildə gizli əlaqələri olub. Başqa tərəfdən isə artıq ABŞ-ın əksər ştatlarında irqiayrıseçkiliklə bağlı gərginliklər yaşanır və bu proses uzun müddət davam edəcək. Bütün bunlar isə özlüyündə ABŞ-ın beynəlxalq nüfuzuna ciddi zərbədir. Buna görə ABŞ xarici siyasətində maksimum dərəcədə ehtiyatlı mövqe tutmağa çalışır.
Sonda isə bunu da unutmayaq ki, sivilizasiyaların toqquşması Qərb tərəfindən qızışdırılmışdısa indi bunun əks-təsirini görməyə başlayır.Və bu prosesdə Çin və Rusiya faktorunu da unutmaq olmaz. Analitiklər hesab edir ki, yaxın on il ərzində Avropa siyasi meydanda tamam təklənə bilər və bu Avropanın bütünlüklə çöküşü ilə nəticələnə bilər.Çünki artıq heç bir qütb Avropanın insan hüquq və azadlıqları oynuna inanmır və dünyanın hansısa bölgəsinə demokratiya apardığını iddia edən Avropanın hər yerə müharibə gətirdiyini hamı görür. Hesab etmək olar ki, yaxın illərdə bu siyasət dəyişməzsə qütbləşmə ciddiləşəcək.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16