Avropanın insan haqlarına həqarəti
15:03 22-05-2015
KRİMİNAL
Avropanın insan haqlarına həqarəti
Bu gün Avropa insan hüquq və azadlıqlarını qorumaq adı altında addımbaşı insan haqlarına həqarət edir. Hətta bunlar azmış kimi hər addımda regionda nüfuz sahibi olan Azərbaycana qarşı böhtan kampaniyasını da həyata keçirir. Avropanın özündə isə insan haqları pozulur, islamafobiya artır, daxili çəkişmələr dərinləşir. Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Nəsimi Məmmədli Avropada islamafobiyanın artmasını bir sıra səbəblərlə əlaqələndirdi:"
Bu mövzu çox geniş və aktual olmaqla yanaşı, həm də əsaslı təhlil olunmaqdadır. Təbii ki, "İslamofobiya" son dövrlər daha qabarıq ortaya çıxan və getdikcə də geniş yayılmağa başlayan bir terminə çevrilibdir. Əslində, tarixə nəzər salsaq görərik ki, Avropanın islamdan qorxusunun kökü çox qədimlərə gedib çıxır. Çünki, Qərbdə mövcud olmuş qüdrətli imperiyalara islam bayrağı altında edilən yürüşlər son qoyub. Həm tarixi yaddaş, həm də islamın ideoloji gücü xristian dünyası üçün bu gün də ciddi problem olmaqdadır. Qərb cəmiyyətində hər zaman mühafizəkarlıq, özündən olmayanlara qarşı nifrət ən yüksək səviyyədə diqqət çəkib. Bəşəriyyətin çox dəhşətli soyqrımlarının, kütləvi və amansız insan qırğınlarının müəllifləri məhz Qərb cəmiyyətinin yetirmələri olub. Son dövrlər isə qloballaşmanın gətirdiyi yeni münasibətlər sistemində Qərbin qorumağa çalışdığı bir çox dəyərlər sıradan çıxmağa başlayıb. Bunu Qərb cəmiyyətində də açıq etiraf edirlər və çarə axtarırlar. Bu dəyərləri qorumaq üçün mütləq qarşıda özündən olmayan qorxulu bir düşmən obrazına ehtiyac var. Məncə, islamofobiyanın daha qabarıq təqdim edilməsinin səbəbi Avropanın özünü qoruma instinkti ilə bağlıdır. Qərbin qəbul etdiyi din anlayışı ilə, İslam heç cür bir araya sığmır. İslam dini insan yaşamının bütün mahiyyətini öz içərisinə alan konseptual bir dindir. Eyni zamanda insan yaşamının standartları üçün öz qaydalarını hər yerdə tətbiq etdiyi üçün daha təsirli və mühafizəkardır. Odur ki, Qərbin siyasi institutları islamofobiyanın geniş yayılmasında maraqlıdırlar və hətta bunun üçün ciddi layihələr həyata keçirirlər". Müsahibimiz həmçinin Qərbdə get-gedə radikal-millətçi ideologiyaların artdığını da nəzərə alaraq bildirdi ki, Qəbrdə radikal-millətçilik meylləri həm nəzəri, həm də praktik baxımdan çox dərin köklərə malikdir. Bütün tarixi dönəmlərdə bu ideoloji xəttin mövcudluğu və bəşəriyyətə vurduğu yaralar bütün dünyaya bəllidir. Qloballaşmanın yaratdığı dalğalar bütün cəmiyyətlərə təsirsiz ötüşmədiyi kimi, Qərbə də ciddi təsirləri var. Kütləvi miqrant axını, mədəniyyətlərin bir-birinə qarışması, genlərin sürətlə qarışıb, dəyişməsi Avropanın ciddi müzakirə etdiyi məsələlərdəndir. Sərhəd tanımayan internetin imkanlarından asiyalılar, afrikalılar və hətta müsəlmanlar da maksimum yararlanır və öz dəyərlərini təqdim edirlər. Getdikcə bu halların kütləviləşməsi, sosial-ictimai həyata təsirləri Qərb cəmiyyətlərində millətçilik ideologiyasının genişlənməsinə yeni meydanlar açır. 11 sentyabr 2001-ci ildə ABŞ-ı hədəfə alan məlum terror hücumlarından sonra bu tendensiya daha qabarıq müşahidə edilir:"Bu günün siyasi reallıqları ondan ibarətdir ki, AB-nin üzv dövlətlərin heç biri qəti şəkildə bu birlikdən imtina etməz. Bunun bir çox fundamental səbəbləri var ki, onu geniş ifadə etmək olar. Birlik daxili münasibətlərdə mərkəzdən qaçmaya səbəb olacaq solo heç bir üzvə uğur gətirməz. Əhalisinin sayına, iqtisadi resurslarına, ağır və yüngül sənayenin inkişafına, həmçinin coğrafi üstünlüyünə görə Almaniya mühüm rola sahibdir. Lakin, bu məsələlərin Qərbin iqtisadi-siyasi birliyinə xələl gətirəcəyini güman etmirəm. Avropa Birliyi vahid orqanizmə doğru hərəkətini davam etdirməkdə daha qərarlıdır.Avropa İttifaqı dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Həm beynəlxalq təşkilat, həm də dövlət əlamətlərini özündə birləşdirib. Daha çox öz üzvlərinin və tərəfdaşlarının marağına uyğun siyasət həyata keçirən qapalı birlikdir. Avropa Şurası isə daha geniş və açıq beynəlxalq təşkilatdır. Həmçinin, bütövlükdə Avropa qitəsinin maraqları ilə bağlı tövsiyyə xarakterli qərarlar qəbul edir. AŞ-nın bəzi üzvləri ilə AB-
nin münasibətlərində uzlaşmayan məqamların mövcudluğu da hər kəsə məlumdur. Bəzi Qərb ekspertləri hesab edir ki, birliklər, ittifaqlar hər zaman güclənməyə gətirib çıxarmaya bilir. Hətta güclülərlə zəiflərin ittifaqında getdikcə güclülərin də zəifləməsi prosesinin şahidi oluruq. Məncə, AB-nin maraqlarına qarşı olan siyasətin genişlənməməsi üçün AŞ ilə münasibətlərdə ciddi ziddiyyətlərə imkan verilməyəcək. Əsas məqsəd AB üzvlərinin özünü qoruma mexanizmlərinin davam etməsidir". Bu arada Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini tənqid edib. Nils Mujnieks Azərbaycanı tənqid edərkən biri-birinə zidd olan fikirlər də səsləndirib. İddia edib ki, guya Azərbaycanda insan hüquq və azadlıqları qorunmur.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı, Azərbaycanın Avropa Parlamentindəki nümayəndəsi Fuad Muradovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı şər, böhtan kampaniyası davam edir: "Mənim diqqətimi çəkən Nils Mujnieksinin "mənim tərəfdaşlarım" fikrini işlətməsidir. Əgər komissar Avropa Şurasının insan hüquqları üzrə komissarlığı ifadəsini işlətsəydi, bu başa düşülərdi. Belə çıxır ki, Nils Mujnieksinin Azərbaycanda öz siyası adamları var. Onun siyası dünyagörüşü nədən ibarətdir, siyasəti nəyə xidmət edir? Buna diqqət etsək, görərik ki, onun azərbaycanlı ilə tərəfdaş olması mümkün deyil. Əslində, komissar bu danışığı ilə özünün iç üzünü açıb". Millət vəkilinin qənaətincə, doğrudan da, Nils Mujnieks bu sözləri söyləyibsə, məntiqlə onun barəsində iki fikir yürütmək olar: "Ya, həqiqətən, o idiotdur, ya da Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin ön sırasında olanlardandır. Biz Avropa Şurasına daxil olmaqla bütün beynəlxalq qurumlar qarşısında öz doğma torpaqlarına, ata-babalarının qəbrini ziyarətə gedən məcburi köçkünlər, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülüb insanlığa sığmayan işgəncələrə məruz qaldığı barədə nəinki məlumat vermişik, onların azad olunması üçün dəfələrlə xahiş etmişik. Ermənistanın bütün beynəlxalq konvensiyaları pozduğunu diqqətə çatdırmışıq. Bu günə qədər onlardan biri, elə konkret olaraq Avropa Şurasının İnsan Hüquqları üzrə kommissarından bir reaksiya yoxdur. Bu da onu göstərir ki, belələrini insan hüquqlarının pozulması maraqlandırmır. Onlar yalnız öz məqsədləri naminə addımlar atırlar".
Depuatat "Cənubi Qafqazda niyə yalnız Azərbaycanla bağlı məsələ müzakirə olunur, Ermənistan, Gürcüstan niyə yada düşmür?" sualına cavabında deyib ki, burada təəccüblü bir şey yoxdur: "Birincisi, bu gün Ermənistanda da, Gürcüstanda da hakimiyyətə siyasi opponentlik edən qüvvələr həbsdədir. Demək, Avropa Şurasının insan hüquqları üzrə komissarlığı üçün bu məsələ maraqlı deyil. Elə olsaydı, bu məqama da toxunardılar. Bəli, Cənubi Qafqaz deyəndə yalnız Azərbaycan yada düşür. Bunun səbəbi çox sadə və hər kəs üçün aydın məsələdir. Çünki Azərbaycan bütün sahələr üzrə nəinki Cənubi Qafqazda liderdir, keçmış MDB məkanında öndə gedən ölkələr sırasındadır. Əsas isə odur ki, Azərbaycan xarici siyasətində yalnız milli maraqlara xidmət edən addımlar atır, ətraf amilləri, təzyiqləri nəzərə almır. Bu da, görünür, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının xoşuna gəlmir. Hesab edirəm ki, Azərbaycan düz yoldadır. Bizi bu yoldan heç bir qüvvə çəkindirə bilməz. Əminəm ki, yaxın zamanlarda Azərbaycana qarşı şər, böhtan kampaniyası aparanlar səhvlərini anlayacaqlar".
Politoloq Ramiz Alıyev bildirib ki, nədənsə Avropanın bu və ya digər qurumları üçün insan haqları məsələsi məhz Azərbaycanın hansısa bir mötəbər yarışa hazırlaşması ərəfəsində yada düşür: "Bu kimi iddia və qərəzli fikirlərlə biz dəfələrlə rastlaşmışıq. Elə 3 il əvvəl "Evrovision" musiqi yarışması keçirilən ərəfədə də Avropanın bəzi qurumları Azərbaycana qarşı qərəzli fikirlər səsləndirirdilər. Eyni ssenari indi də təkrar olunur. Hesab edirəm ki, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksinin də açıqlaması Birinci Avropa Oyunlarına qarşı aparılan kampaniyanın bir hissəsidir. Birmənalı demək mümkündür ki, Azərbaycanın Birinci Aropa Oyunları kimi mötəbər bir yarışa ev sahibliyi etməsi Avropadakı bir çox qurumları bərk narahat edir. Onlar Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın hər ötən il daha bir uğura imza atmasını həzm edə bilmirlər".
Politoloqun sözlərinə görə, Nils Mujnieks üçün insan haqları o qədər önəmlidirsə, onda regionun digər ölkələrində bu sahədə olan vəziyyətə də nəzər yetirsin: "Ola bilsin ki, Nils Mujnieksinin ya gözləri yaxşı görmür, ya da əsl reallığı görmək istəmir. Təklif edərdim ki, Nils Mujnieks gözünə eynək taxaraq Ermənistanda insan hüquq və azadlıqlarının necə pozulduğunu öz gözləri ilə görsün. Elə yaxın günlərdə erməni əsgər analarının keçirdiyi etiraz aksiyası zamanı polisin onlara qarşı necə fiziki güc işlətdiyini bütün dünya gördü? Onda belə çıxır ki, erməni əsgər anaları ya insan deyil və onların hüquqları yoxdur, ya da Ermənistan Avropa Şurasının sonbeşik övladı olduğu üçün ona gözün üstündə qaşın var deyilmir. Bu açıq-aşkar Azərbaycana qarşı qərəzli, ədalətsiz yanaşmadır".
Ramiz Alıyev deyib ki, Azərbaycanda insan hüquq və azadlıqlarına xüsusi hörmət bəslənilir, bu sahədə müntəzəm olaraq müvafiq addımlar atılır: "Bu addımları, həyata keçirilən islahatları görməzlikdən gəlmək isə ədalətsizlik, Azərbaycana qarşı düşmənçilikdir".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16