Vətəndaş cəmiyyəti nədir?
Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması ən mühüm məsələlərdən biri kimi nəzərdə tutulur. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımları isə xüsusiylə qeyd etmək lazımdır. İlk növbədə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Fondunun yaradılması qeyd edilməlidir. Məhz bu fondun yaradılmasından sonra ölkədə QHT sektoru inkişaf etməyə başladı və QHT-lər fəaliyyətlərində əsasən vətəndaş cəmiyyətinin formalaşmasına geniş yer ayırdılar. Amma bunu da qeyd etmək lazımdır ki, bu gün vətəndaş cəmiyyətlərinin formalaşmasına yaranan əngəllər də var və bunlar əsasən maarifçiliklə bağlıdır. Məhz bunu nəzərə alaraq ilk növbədə vətəndaş cəmiyyəti nədir, sualına cavab axtardıq. Beləliklə, vətəndaş cəmiyyəti deyiləndə nə nəzərdə tutulur? Vətəndaş cəmiyyəti, cəmiyyətin inkşafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və başqa münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.
Elmi ədəbiyyatda "vətəndaş cəmiyyəti" anlayışı öz xüsusi məzmununu müəyyən edib və müasir şərhində cəmiyyətin tipini (vəziyyətini, xarakterini), onun sosial-iqtisadi, siyasi və hüquqi təbiətini, inkşaf və yetkinlik səviyyəsini ifadə edir. Başqa sözlə bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür. Bu, sosial cəmiyyətin inkişafında daha yüksək pillədir. Bu fenomenin mahiyyəti çoxtərəfli, müxtəlif mənalıdır və alimlər tərəfindən müxtəlif cür şərh edilir. Lakin bir şey aydındır ki, vətəndaşlardan ibarət hər cəmiyyət vətəndaş cəmiyyəti deyil.
Lakin "vətəndaş cəmiyyəti" termini yalnız 18-ci əsrdən indiki mənada istifadə edilməyə başladı. Buna baxmayaraq sonralar da cəmiyyətlə dövlət arasında prinsipial fərqlər göstərilmirdi. Onları ayırmaq elə də asan deyildi. Çünki dövlət cəmiyyətin təşkilat formasıdır. Amma bu o demək deyil ki, cəmiyyət və dövlət strukturları və mexanizimləri bütövlükdə və bütün hallarda üst-üstə düşürdü. Yeni dövr mütəfəkkirləri "şəxsiyyət" anlayışını yaratmaqla yanaşı şəxsiyyətlə cəmiyyət arasında qəti ziddiyyət olduğunu da dərk edirdilər. Antik və orta əsrlər ideyası olan "şəxsi və ictimai"-nin eyniliyi fikri inkar edilir və dövlətə münasibətdə cəmiyyətin birinciliyi qəbul edilirdi. Artıq V.Humbolt, İ.Kant, G.Hegel,M.Veber və başqa mütəfəkkirlər bu təzahürləri hüdudlaşdırırdılar, lakin bu barədə dəqiq nəzəriyyələr yox idi. Filosoflara müəyyən qədər vaxt lazım idi ki, dövlətlə cəmiyyət arasındakı fərqləri görsünlər və anlasınlar ki, onlardan biri digərini tamamlayır.
Onu da qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti burjua dövrünun məhsulu olub insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat və siyasi məsuliyyət götürməyə hazır vətəndaş-mülkiyyətçilərə çevrilməsinin nəticəsi kimi başlıca olaraq aşağıdan formalaşır. Vətəndaş cəmiyyəti adı altında münasibətlərin – başlıca olaraq əmlak, bazar, ailə, əxlaqi münasibətlərin xüsusi sferasını anlamağa başladılar ki, bunlar məlum dərəcədə dövlətdən ayrı, müstəqil olsunlar. Burada söhbət hakimiyyətin şəxsiyyətin "vətəndaş işinə", insanların şəxsi həyatına qarışmamasından gedirdi.
Vətəndaş cəmiyyəti dedikdə azad sahibkarlıq, təşəbbüskarlıq mühiti başa düşülür. Vətəndaş cəmiyyətində dövlət strukturlarından fərqli olaraq vertikal (tabeçilik) əlaqələr yox, horizontal əlaqələr üstünlük təşkil edir. Horizontal əlqələr – hüquqca azad və bərabərhüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətləridir.Vətəndaş cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunur.Vətəndaş cəmiyyəti o, insanların demokratik cəmiyyətidir ki, orada insanlar nəyəsə malik olsunlar. Məsələn, istehsal vasitələrinə, pul kapitalına, aksiyalara, insanlara gərəkli olan informasiyaya, intellektə və nəhayət işçi qüvvəsinə.
Beləliklə, vətəndaş cəmiyyəti məsələsi insan cəmiyyətinin daha şüurlu və məqsədəuyğun quruluşu kimi qaldırılmışdır. Burada söhbət sivilizasiyanın inkşafının yeni mərhələsindən gedirdi. Bu məsələ barədə təklif edilən bütün model və konsepsiyalarda başlıca və ümumi müddəa – mülkiyyətin mövcudluğu və dövlətin yeganə "təşgilatcı və koordinator" rolundan imtina etməsidir.
Vətəndaş cəmiyyətinin ən başlıca elementi olan mülkiyyət şəxsiyyətin və bütün cəmiyyətin azadlığının ilkin şərti kimi çıxış edir. Mülkiyyətə hörmət olmayan yerdə şxsiyyətə də hörmət yoxdur.
Bazar – öz -özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştrak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabrləşdirməlidir. Dövlət bazar münasibətlrinin formalaşdırılması və qorunmasında mühüm faktordur.
Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar:
İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, koperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasialar və vətəndaşların digər könüllü birlikləri təşkil edir.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil KİV. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. Vətəndaş cəmiyyətinin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi.Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplərinə, qanunlara, və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur.
Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştrakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.
İnkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi;sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.
H.İsgəndərov
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16