Dağlıq Qarabağı probleminin həlli
vətəndaş cəmiyyətinin bütövləşməsidir
Bu gün vətəndaş cəmiyyətinin formalaşması, dövlət quruculuğunun lazımi şəkildə həyata keçirilməsinin ressepti düşünmədən demək olar ki, Dağlıq Qarabağ probleminin həllindən bilavasitə asılıdır. Çünki Dağlıq Qarabağsız orqanizm yarımçıqdır və bu vətəndaş cəmiyyətinin formalaşmasına da mənfi təsirini göstərir.
Təsəvvür edin, ölkədə bir milyon insan evsiz-eşiksizdir və belə mühitdə ideal vətəndaş cəmiyyətinin yaranmasından söhbət gedir. Məhz bunu nəzərə alan prezident İlham Əliyev prezidentliyinin ilk günündəcə bəyan etdi ki, ölkədəki çadır şəhərcikləri ləğv olunacaq, regionların inkişafı proqramı həyata keçiriləcək. Əslində İlham Əliyevin bu addımı həm də vətəndaş cəmiyyətinin formalaşmasına yaranan əngəlləri aradan qaldırmaq idi. Bu gün İlham Əliyevin hələ o zaman etdiklərinə görə Azərbaycanda sabit cəmiyyət formalaşıb və vətəndaş cəmiyyətinin formalaşmasına nail olmuşuq. Amma bu sahədə daha uğurlu nəticələr əldə etmək üçün Dağlıq Qarabağ problemi unudulmamalıdır və unudulmur da. Ermənistan tərəfindən atılan hər addıma dərhal reaksiya verilir və son prosesdə də bunun şahidi olduq. "Azərbaycan və Ermənistan ilə münasibətlərdə diferensial yanaşmanın tətbiq olunmasına çağıran Ermənistan prezidenti əslində mövcud həqiqəti etiraf edir. Əlbəttə ki, işğalçı və təcavüzkar dövlət olan Ermənistan və işğala məruz qalan dövlət olan Azərbaycan arasında fərq qoyulmalıdır".Bunu açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəriHikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Avropa İttifaqı Şurasının sədri Donald Tusk ilə keçirdiyi mətbuat konfransında söylədiklərini şərh edərkən bildirib.XİN rəsmisinin sözlərinə görə, BMT nizamnaməsinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlardan kənar beynəlxalq hüquqi qiymət verilməli və Ermənistanın "cəzasızlıq" sindromuna son qoyulmalıdır: "Avropa İnsan hüquqları Məhkəməsinin "Çiraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı qərar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində işğalçı dövlət kimi Ermənistanın məhz hüquqi məsuliyyətini müəyyən edən fundamental sənəddir.
100 ilə yaxın dövr ərzində Avropanın edə bilmədiyi birinci Avropa Oyunlarını uğurla təşkil edən Azərbaycan Olimpiya idealları və "Olimpiya barışığı" fəlsəfəsinin bütün Avropada, o cümlədən Cənubi Qafqazda təşviqinə əsaslı töhfə vermiş oldu. Avropa Oyunları ərəfəsi və dövründə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsi pozmaqda davam edən Ermənistan Olimpiya idealları və sivil dəyərlərdən tamamilə kanar olduğunu bir daha sübut etdi.
Sülh və barışıq rəmzi olan Ramazan bayramında belə, Ermənistan atəşkəsi pozmaqdan və hətta mülki şəxsləri, o cümlədən uşaqları hədəfə almaqdan çəkinmədi.
1999-cu ildə Ermənistan parlamentində törədilmiş siyasi terror və dövlət çevrilişi ilə hakimiyyətə gələn bu hərbi xunta və onun müasir davamı 2008-ci ildə saxta prezident seçkilərindən sonra dinc nümayişçiləri odlu silahdan atəşə tutdu və ilk növbədə Ermənistan vətəndaşları üçün böyük təhlükə olduğunu bir daha nümayiş etdirdi.
Ölkəni siyasi-iqtisadi və humanitar fəlakət həddinə çatdıran Ermənistanın kriminal hərbi diktatura rejimi cəbhə xəttində məsuliyyətsiz təxribatçı əməllər törətməklə, əslində diqqəti ölkədaxili ifrat narazılıqdan yayındırmağa və xalqı xof içərisində saxlamağa çalışır".
H.Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Gördüyünüz kimi XİN rəsmisi də açıqlamasında xüsusi vurğunu məhz Ermənistanda vətəndaş cəmiyyətinin olmamasına və Ermənistanın Azərbaycana yaratdığı problemlərə yönəldib. Azərbaycana gəldikdə isə hazırda istər diplomatik, istərsə də ordu quruculuğu istiqamətində mühüm addımlar atılır və 5 il öncə İlham Əliyev bəyan etdi ki, Azərbaycan diplomatiyası müdafiə taktikasından imtina edərək hücum diplomatiyasına keçid etməlidir. Bu gün açıq şəkildə deyə bilərik ki, Azərbaycan məhz hücum diplomatiyasını həyata keçirir. Bunu hansı ştrixlərdə görmək olar?
1. Azərbaycan beynəlxalq oyunların, yarışmaların ev sahibliyini edir.
2. Süni şəkildə yaradılan beynəlxalq təzyiqlərə əks cavablar verilir.
3. Erməni lobbisi ilə daha sərt dildə danışılır
4. Azərbaycana təzyiq etmək istəyən beynəlxalq təşkilatlarla da sərt dildə danışıqlar aparılır.
5. Avropada olan bəzi dövlətlərin dövlət olaraq basqılarının qarşısı alınır.
6. Azərbaycan müstəqil şəkildə beynəlxalq layihələri həyata keçirə bilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində də eyni çevikliyi göstərir. Ekspert Mətanət Əliyeva bu baxımdan Elmar Məmmədyarovun son səfərinə xüsusi diqqət ayırır. Belə ki, bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər etdi. Rusiyalı həmkarı Sergey Lavrovla görüşən nazir ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edib. Xarici işlər nazirinin Moskvaya belə tezliklə qəfil səfər edəcəyi gündəmdə deyildi. E.Məmmədyarov təxminən ay yarım əvvəl - mayın 25-də Moskvada səfərdə olub.
Ekspert bildirir: "
Rusiyanın xarici işlər naziri S.Lavrov azərbaycanlı həmkarı ilə görüşünün mətbuata açıq hissəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair nikbin fikirlər səsləndirib. Nazir münaqişənin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtının çatdığını bildirərək Rusiyanın bu prosesə kömək etməyə hazır olduğunu deyib. E.Məmmədyarov isə İranın nüvə proqramına dair danışıqların nəticə verməsinin Qarabağ münaqişəsinin həllinə də ümid yaratdığını deyib.
S.Lavrovun bəyanatı prezident Putinin Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə görüşünün təşkilini gündəmə gətirir. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə bu günlərdə bildirib ki, prezidentlər görüşməyə razıdırlar və vasitəçilər onların görüşünün təşkili üzərində işləyirlər.
Azərbaycan prezidenti İlham Əliyevin Serj Sərkisyanla görüşünün sentyabrda Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə baş tutması gözlənilirdi. Amma görünən odur ki, Nyu-York görüşünü gözləmədən Putin tərəfləri masa arxasına əyləşməyə dəvət edir.
Bu, həm qonşu, həm vasitəçi, həm də böyük dövlət Rusiyanın mövqeyidir. Analoji yanaşmalar ABŞ-ın problemə yanaşmasında da müşahidə edilir.
Azərbaycan çox yüksək dinamika ilə bir-birinin ardınca çox ciddi, böyük layihələrə imza atır. Regionda enerji layihələrində lider rolunu oynayan ölkə artıq enerji təhlükəsizliyinin mərkəzində də əsas fiqurlardan birinə çevrilir. Bu prosesdə belə bir mövqe, sözsüz ki, sözügedən layihələrdə marağı olan böyük ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu vacib səbəblərdəndir ki, Azərbaycan həmin layihələrin mərkəz təmsilçisi olaraq bu proseslərlə əlaqədar aparılan danışıqlar proseslərində masa arxasında daima öz xüsusi rolunu qoruyub saxlayır. Artıq həm Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan vasitəçi dövlətlərin rəsmiləri, həm də digər böyük dövlətlərin başçıları Qafqazda sülhə nail olunmasında, böyük iqtisadi enerji layihələrinin təhlükəsiz reallaşmasınnda maraqlarını gizlətmirlər. Deyilənlərin reallaşması üçünsə Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunmalıdır. Təbii ki, bu məsələnin gündəmə gəlməsi Azərbaycanın haqlı, ədalətli mövqeyini qabardır, önə çıxarır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğal olunmuş torpaqların azad edilməsi ilə öz həllini tapa bilər.Bunu artıq Ermənistanda da anlayır, başa düşürlər. Yerevandakı "Üçüncü Qüvvə Plyus" qəzetinin baş redaktoru Vahram Ağacanyan qeyd edib ki, Xankəndidəki hakimiyyət Moskvadan, habelə Yerevandan birbaşa əmr alıb ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir: "Xankəndidəki rejim 6 milyard drama yaxın vəsaiti mənimsəyib. Ermənistanın Mərkəzi Bankı da bununla bağlı araşdırmalara başlayıb, bir neçə yüksək çinli məmur həbs olunub. Dağlıq Qarabağda dolaşan və gündən-günə güclənən, artıq şübhə doğurmayan şayiələrə görə, Xankəndidəki hakimiyyət Moskvadan, habelə Yerevandan birbaşa əmr alıb. Əmrdə göstərilir ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir". Beləliklə açıq şəkildə demək lazımdır ki, bu gün Azərbaycan tək Dağlıq Qarabağ problemini həll etmir, eyni zamanda regionda vətəndaş cəmiyyətlərinin formalaşmasına bir başa müsbət təsirini göstərir.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01