Ermənistanı güzəştə məcbur edən vətəndaş cəmiyyətsizliyi
09:25 29-07-2015
KRİMİNAL
Ermənistanda nələr baş verir? İlk baxışdan belə rəy yaranır ki, əhali enerjinin qiymətlərinin qalxmasına görə günlərdir ki, etiraz aksiyaları keçirirlər.Əslində isə məsələyə baxanda tamam başqa mənzərə görürük. Bunlar nədir?
- Artıq aşağılar köhnə qayda ilə yaşamaq istəmir, yuxarılar isə yeni qaydanın tətbiqində maraqlı deyillər.
- Artıq erməni toplusu dövlət institutlarına, ən azından dövlətçilik ənənələrinin yaranmasına meyl edir, yuxarılar isə dövlətçiliyi çoxdan Rusiyanın ayaqları altına atdıqları üçün çıxış yolu tapa bilmirlər.
- Toplu özünmüdafiə instinkti ilə hərəkət edir, amma vətəndaş cəmiyyətinin olmamasına görə bunu təmin edə bilməyərək daha da aqressivləşirlər.
- Toplu artıq sosial partlayışın astanasındadır.
- Hakimiyyət isə ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına heç bir halda razılıq verə bilmir. Bəs belə olan halda nələr yaşanacaq?
Sosioloq Samirə Abdullayeva "Unikal"a açıqlamasında bildirdi ki, bu ölkədə ənənələr sıradan çıxıb, sosial stabitlik pozulub və deməli istənilən halda orada aqressiya ən yüksək həddə çatacaq:" Bu aqressiya isə ölkədaxili vəziyyəti gərginləşdirəcək, ətraf mühitə nifrət artmağa başlayacaq. Ən maraqlısı isə budur ki, ətraf mühitin də onlara inamı itəcək. Çünki vətəndaş cəmiyyətinə sahiblənə bilməyən toplu kütlə səviyyəsindədir və hazırda qloballaşmanın getdiyi bir zamanda belə ənənələr qəbul olunmur". Ekspertin də "Unikal"a verdiyi açıqlamadan aydın olur ki, çox sürətlə Ermənistana qarşı dünyada bir inamsızlıq formalaşır. Dünənə qədər xristianlıq faktorundan yararlanan Ermənistan bu gün bu faktoru əlindən itirir. Çünki dünənə qədər erməni nazını çəkməyə daha çox üstünlük verən Türkiyə belə artıq bu taktikasını dəyişib və konkret olaraq Ermənistanı yedəkçi hesab edərək verdiyi bəyanatları sərtləşdirir. Elə Türkiyənin müdafiə naziri Vecdi Könülün son dedikləri də buna misaldır. O bildirib ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr yenidən Cənubi Qafqazda sabitlik və sülhün bərpa edilməsi üçün əsas maneə olan Dağlıq Qarabağ münaqişəsinin dərhal nizamlanmasının vacibliyini göstərir: "Regionda sabitlik və sülhün təmin edilməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan torpaqlarının azad edilməsi halında mümkündür".
Nazir qeyd edib ki, "soyuq müharibə" başa çatdıqdan sonra bu gün dünya ictimaiyyətinin gündəliyində duran ən əhəmiyyətli məsələlərdən biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, məhz Dağlıq Qarabağ problemidir.
Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün Qərbə, Azərbaycan isə Türkiyə üçün Mərkəzi Asiyaya çıxış imkanıdır: "Bu fakt iki ölkə arasında yüz illərdir davam edən qardaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirib".
Nazir deyib ki, məhz bu səbəbdən Dağlıq Qarabağ problemi Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyətli məsələdir.
V.Könülün sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesləri diqqətlə izləyir və problemin həll edilməsində ATƏT-in Minsk qrupunun bütün səylərini dəstəkləyir: "Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi çoxtərəfli platformalar və üçüncü ölkələrlə danışıqlar zamanı həmişə Dağlıq Qarabağ məsələsini qaldırır. Ancaq 20 il ərzində ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ciddi uğurlar əldə etməməsi fakt olaraq qalır".
O qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli Ankaranın xarici siyasətinin ən mühüm və prioritet məsələlərindən biri olduğundan, Türkiyə bu məsələdə Azərbaycanı tamamilə dəstəkləyir: "Türkiyə Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək və bu məsələni hər zaman gündəlikdə saxlayacaq".
"ATƏT MQ sədrlərinin regiona son səfəri, ehtimal ki, konkret nəticə ilə bitəcək. Ermənistan tərəfinin atdığı addımlar bunu deməyə əsas verir". Bundan başqa son iki ay ərzində beynəlxalq təşkilatların Ermənistanla bağlı tutduqları mövqe də maraqlıdır. Belə ki, hazırda əksər beynəlxalq təşkilatlar Ermənistana qarşı bir biganəlik nümayiş etdirirlər və bunun özü Ermənistanı artıq ciddi narahat etməyə başlayıb.
Ekspertlər hesab edir ki, belə durum yarandığından Ermənistan rəhbərliyi hansısa addımların atılmasına məcbur qalacaq. Başqa cür desək süni şəkildə iddialarla çıxış edən Ermənistan artıq iddialarını dəfn etməli olacaq. "Unikal"a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu da belə düşünür.
Politoloq bildirib ki, həmsədrlər Ermənistanda olduğu ərəfədə Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan Dağlıq Qarabağda əsir və itkin düşmüşlərin komissiyasının iclasını keçirdi: "Ermənistan tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə razılıq vermirdi. Çünki Ermənistan bütün dünyaya məlumat yayırdı ki, guya Dağlıq Qarabağda azərbaycanlılar erməniləri qırıblar. Amma itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi qəbristanlığın aşkarlanmasını zəruri edəcək. Qəbristanlıqların aşkarlanması vaxtilə həmin ərazidə yaşamış Azərbaycanın nümayəndələrinin o ərazilərə getməsini tələb edir. Qəbristanlıqdakı meyitlərin DNT analizi isə tamamilə həqiqəti ortalığa qoyacaq".
M.Əhmədoğlu bildirib ki, öldürülənlərin, bu məzarda yatanların böyük əksəriyyətinin ermənilər deyil, azərbaycanlılar olduğu bəlli olacaq: "DNT analizi hətta o adamların ad, familiyasına qədər müəyyən etməyə imkan verəcək. Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsi Fransa prezidenti Ollandın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə razılaşdırılmışdı. Bu barədə müvafiq bəyanat yayılmışdı. Yuxarıda göstərilən səbəblərə görə Serj Sərkisyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə razılıq vermədi. İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzusu vasitəçilər tərəfindən gündəliyə gətirilmişdi. Ondan əvvəl isə həmsədrlər azərbaycanlıların və ermənilərin işğal altındakı ərazilərdə ata-baba məzarlıqlarını ziyarət etmə məsələsini gündəliyə gətirmişdilər. Ermənistan bu təklifdən də imtina etdi".
Mərkəz rəhbəri sonra qeyd edib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ərazisinə azərbaycanlıların ayağının dəyməsindən qorxurdu: "Çünki Dağlıq Qarabağ ərazisinə vaxtı ilə orada yaşamış azərbaycanlıların ayağı dəyən kimi Dağlıq Qarabağ ermənilərinin içərisində xof yaranacaq. Yeni yaranan gənc nəsil istər-istəməz suallar verəcək ki, bu azərbaycanlıların burada nə işi var? Aparılan müzakirələrdə gənclərə bəlli olacaq ki, Dağlıq Qarabağın əsl sahibi azərbaycanlılardır. S.Sərkisyan bu iki faktorun qorxusundan o vaxt bu təklifi rədd etdi və həmsədrlər də təklifin mahiyyətini kiçildib, itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi təklifini irəli sürdülər. Sonradan S.Sərkisyan DNT analizi məsələsini bilən kimi Serj Sərkisyan bundan da imtina etdi".
Politoloq hesab edir ki, indi S.Sərkisyan artıq başa düşür ki, daha böyük güzəştlərə gedə bilər: "Ona görə S.Sərkisyan itkin düşənlərin siyahısının dəqiqləşdirilməsini kiçik məsələ hesab edərək güzəştə getdi. Bununla da o, yenidən özünü ABŞ-ın müttəfiqi kimi göstərir. Çünki bu təklifin müəllifi ABŞ-dır. ABŞ isə S.Sərkisyanla belə razılıq əldə edən kimi dərhal son dövrlərdəki aktivliyini azaltdı. ABŞ-da da başa düşürlər ki, indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ABŞ-ın maraqlarına uyğun deyil. Eləcə də, ABŞ hal-hazırda Ermənistanı Rusiyanın əleyhinə istifadə etmək istəyir. ABŞ Azərbaycanı da antirusiya işlərinə qoşmağa cəhd edə bilər. Bu niyyətlə ABŞ özünün aktivliyini azaltdı".
M.Əhmədoğlu vurğulayıb ki, S.Sərkisyanın Dağlıq Qarabağ məsələsində digər güzəşti isə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmasına razılıq verməsidir: "Bu barədə də Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan Dağlıq Qarabağda olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisinə məlumat verdi. Əslində, bu iki hadisə kiçik hadisədir. 27 ildir Dağlıq Qarabağ münaqişəsi başlayıb, 22 ildir Dağlıq Qarabağ tənzimlənməsi gedir. Bu dövr ərzində bu iki hadisə, bu iki güzəşt çox kiçik güzəştdir. Amma nəzərə almaq lazımdır ki, Ermənistan bu vaxtadək bu güzəştlərə də razı deyildi. İndi razılıq veribsə, demək, vəziyyətin çıxılmaz olduğunu Ermənistan başa düşür. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın ən əsas gücü ondan ibarətdir ki, o, həmsədrlərlə birləşib tənzimlənmənin başlanmasına imkan vermirdi. Dağlıq Qarabağ tənzimlənməsi uşaqların oynatdığı şar kimidir. İynənin harasından batmasından asılı olmayaraq partlayacaq və zay olacaq. Ona görə əminliklə demək olar ki, bu iki kiçik dəyişiklik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində böyük hadisələr yarada bilər".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16