Vətəndaş cəmiyyəti və hüquqi dövlət qurucuıluğunda əsas prinsiplər
Bu gün ölkədə vətəndaş cəmiyyətinin formalaşması hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar kifayət qədər effektli və geniş şaxəlidir. Bunun kökündə dayanan əsas amillərdən biri də budur ki, bu gün prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin formalaşması ilə bağlı həyata keçirtdiyi siyasət tək ölkə daxilinə şamil edilmir, ölkədən kənarda yaşayan azərbaycanlıların da bu prosesin iştirakçısı olması təmin edilir.
Elə bu günlərdə prezident İlham Əliyevin Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalaması da bunun bir nümunəsidir. Dövlət başçısı hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq qərara alıb ki, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu - XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırıb. Ekspertlər hesab edir ki, belə bir addımın atılması ölkədən xaricdə yaşayan azərbaycanlıların da vətəndaş cəmiyyətinin bir parçası olması üçün bu tip addımlara böyük ehtiyacı var.Bundan başqa ölkədə yaşayan milli azlıqlara, dini cərəyanlara yaradılan şərait də məhz vətəndaş cəmiyyətinin bütövləşməsinə xidmət edir. Prezident İlham Əliyev dəfələrlə sübut edib ki, tolerantlığın təmin olunması vətəndaş cəmiyyətinin daha da bütövləşməsinə bir başa təsir göstərə bilir. Bu arada Gürcü Provoslav Kilsəsi Azərbaycan tərəfi ilə Müqəddəs Georgi məbədinə dair razılığa gəlinməsi də buna misal ola bilər. Belə ki, bir müddət öncə Azərbaycanın Qax şəhərində Müqəddəs Georgi məbədində xidmət edən arximandrit Demetreyevə (Tetruaşvili) Azərbaycan sərhəddini keçməyə icazə verilməməsi zamanı problem yaranmışdı. Səbəb olaraq Azərbaycan tərəfi ölkə daxilində dini xidmətin yalnız Azərbaycan vətəndaşlarının yerinə yetirməsinə icazə verildiyi qanunu göstərib.
Yepiskop Dmitrinin (Kapanadze) bildirdiyi kimi, bu problemin həlli üçün gürcü tərəfinin nümayəndələri iyulun 29-da Bakıda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşüblər.
Əldə edilən razılığın nəticələrinə görə, gürcü ruhanisinə Azərbaycan vətəndaşlığının verilməsinə dair proses başlayacaq. Bu prosesin sonuna qədər gürcü ruhanisi sərhəddi mütəmadi olaraq keçməyə izn alacaq. Amma məsələnin başqa bir tərəfi də budur ki, vətəndaş cəmiyyətinin daha sağlam formalaşması üçün cəmiyyətlə hakimiyyət arasında körpülərin dərinləşməsidir. Həqiqətən də bir ölkədə cəmiyyətlə hakimiyyət arasında uçurum varsa orada vətəndaş cəmiyyətindən danışmaq olmaz. Buna görə prezident İlham Əliyev hər zaman məmurlara xəbərdarlıq edir və cəmiyyətlə sıx təmasın olmasını tələb edir.Bu şərti də ilk növbədə özü həyata keçirir. Növbəti belə bir addım yenə PA-dan gəldi. Belə ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin daha şəffaf fəaliyyəti ilə bağlı addım atıldı. Bununla bağlı bu şöbənin müdiri Süleyman İsmayılov bildirib ki, respublikada idarəetmənin təşkilində sənədlərlə işin düzgün qurulması, bu sahədə müasir texnologiyalardan istifadə edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən biridir və həmin işi tənzimləyən qanunvericilik aktlarına müntəzəm olaraq əlavə və dəyişikliklər edilməklə bu normativ hüquqi baza yenidən formalaşdırılır.
Məlum olduğu kimi, respublikada kargüzarlıq işini tənzimləyən əsas normativ hüquqi aktlar hələ ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə təsdiq edilmiş, sonradan yeni şəraitə və tələblərə uyğun olaraq onların təkmilləşdirilməsi mütəmadi davam etdirilmişdir. Ümumiyyətlə, qeyd etməliyik ki, respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında indiyədək sənədlərlə iş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"la tənzimlənirdi.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli Fərmanı ilə müvafiq Təlimata edilmiş dəyişikliklər respublikada sənədləşmə işində yeni mərhələdir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının həyatın bütün sahələrində daha yaxından və daha geniş tətbiq edilməsi barədə tapşırıq və tövsiyələrinin yerinə yetirilməsi üçün atılan növbəti addımlardan biridir və onun səmərəsini hər bir dövlət idarəsində çalışan şəxs bundan sonra daha yaxından hiss edəcəkdir. Bu sahədə işin yaxşılaşdırılmasına böyük təsir göstərən elektron sənəd dövriyyəsinə aid müddəalar Təlimata yeni məzmun vermiş və onu daha əhatəli etmişdir.
İlk növbədə onu deməliyik ki, həmin Təlimatın adı dəyişdirilmiş və artıq "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat" adlanır.
Yeni Fərmanla Təlimata edilmiş dəyişikliklər əvvəlki normaları və qaydaları daha da dəqiqləşdirmiş, Təlimat qəbul edildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyində olmuş yeniliklərə, o cümlədən "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa, "Milli arxiv fondu haqqında", "Elektron imza və elektron sənəd haqqında" qanunlara, "İdarələrarası elektron sənəd dövriyyəsi haqqında" Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları"na və digər aktlara əsaslanaraq Təlimatın mövcud redaksiyasında bir sıra vacib dəyişiklik və əlavələr edilmişdir.
Məsələn, Təlimatın mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemi üzrə sənədlərin qeydiyyata alınmasına dair 5-ci bəndinə edilmiş dəyişikliklər dövlət hakimiyyəti orqanlarına daxil olmuş məlumat xarakterli müxtəlif korrespondensiyanın qeydə alınmamasına, əlavə sənədləşmə işi aparılmamasına imkan verir. Yəni mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemində qeydə alınması tələb olunmayan korrespondensiyanın siyahısı təsdiq edilmişdir.
Təlimatın 25-ci bəndində isə rəhbər vəzifəli şəxs üzrlü səbəbə görə rəsmi olaraq işdə olmadıqda yuxarı təşkilatlara sənədlərin göndərilməsi qaydası dəqiqləşdirilmiş, sənədlərin icra müddətlərinin hansı halda və qaydada uzadılması, bir neçə icraçı olduqda sənədin digər icraçılarla razılaşdırılması qaydası, rəsmi sənədlərin çap qaydaları və digər məsələlər öz əksini tapmışdır:" Təlimata edilən ən başlıca dəyişiklik odur ki, ona "Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri" adlı yeni hissə əlavə edilmişdir.
Əlavə olunmuş hissə 15 bənd, 37 yarımbənddən ibarətdir. Bu hissədə təşkilatın kargüzarlığı elektron formada aparmaq hüququ təsbit olunur və elektron formada tərtib edilmiş sənədin hansı qaydada qəbul edilməsi, göndərilməsi, eyni zamanda, təşkilatlarda elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərin nədən ibarət olması, onların hansı qanunlara və standartlara uyğunluğu, elektron sənəd hazırlanarkən hansı məsələlərə diqqət yetirilməsinin vacibliyi və sair məsələlər göstərilmişdir.
Ümumi hazırlanma və işlənmə prinsipləri, demək olar ki, əvvəlki kargüzarlıq qaydaları ilə eyni olan elektron sənədlərin digər sənədlərdən fərqli xüsusiyyətləri Təlimatın həmin hissəsində dəqiq və konkret göstərilmişdir. Məsələn, elektron sənədin yaradılması, rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi, onun həqiqiliyinin yoxlanılması, alınmasının təsdiqi, qeydiyyatı, sənəd üzərində kollektiv işin, icraya nəzarətin, axtarışın təmin edilməsi və digər məsələlər öz əksini tapmışdır.
Təlimatın bu yeni hissəsində elektron sənədlərin yalnız yoxlandıqdan sonra qəbul edilib qeydiyyata alınması, elektron sənədlər çap edilərkən orada hansı məlumatların əks etdirilməsi, elektron bildirişə daxil edilən məlumatlar, sənədin hansı hallarda göndərilməmiş və alınmamış hesab olunması, bunun qeydə alınması qaydaları və sənədin dövriyyəsinə aid məlumatların elektron qeydiyyat jurnallarında necə əks etdirilməsi göstərilmişdir.
Yeni hissədə elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydaları da təsdiq edilmiş, göstərilmişdir ki, bu sənədlər elektron informasiya daşıyıcılarında informasiyanın bütövlüyünü yoxlamağa imkan verən formada saxlanılmalı və onların saxlanılma müddəti "Milli arxiv fondu haqqında" Qanunda müəyyən edilmiş müddətdən az olmamalıdır. Həmçinin elektron sənədlərdə olan informasiyadan gələcəkdə istifadə, elektron sənədlərin kağız daşıyıcıda surətlərinin çıxarılması, bərpası mümkün olmalıdır.
Bu sahədə həyata keçirilən proseslər "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa və "İdarələrarası elektron sənəd dövriyyəsi haqqında" Əsasnaməyə uyğun olaraq təmin edilir. Ayrıca qeyd olunur ki, bu sənədlər saxlanılmaq üçün elektron informasiya daşıyıcısında saxlandığı formatda təhvil verilməli, bu sənədlərin arxivləri icazəsiz daxilolmalardan, məhv edilməkdən və ya təhrif edilmə hallarından mühafizə olunmalıdır.
Göründüyü kimi, yeni Təlimatın tətbiqi ilk növbədə elektron sənəd dövriyyəsinin reallaşmasına, bütövlükdə idarəetmə sistemində operativliyin və obyektivliyin təmin edilməsinə, ən başlıcası isə sənədləşmə işində daha ciddi qayda-qanun yaradılmasına xidmət edir". Bütün bunlar isə bir daha sübut edir ki, ölkədə vətəndaş cəmiyyətinin formalaşması fasiləsiz və günün şərtlərinə uyğun olaraq formalaşır.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01