Vətəndaş cəmiyyəti quruculuğuna əngəl olan problemlərə qarşı mübarizədə QHT-lərin rolu
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi təkcə dövlət strukturlarının üzərinə düşən missiya deyil. Bu işdə hər bir fərd, qurum və təşkilat yaxından iştirak etməli, cəmiyyətin inkişafına səbəb olan proseslərə öz töhfəsini verməlidir.
Bu baxımdan getdikcə fəaliyyət sferası genişlənən Qeyri Hökumət Təşkilatlarının (QHT) üzərinə də böyük vəzifələr düşür.
Heç kimə sirr deyil ki,sürəkli iqtisadi, sosial və siyasi inkişaf yolunda olan Azərbaycanda vətəndaş cəmiyyətinin tam bərqərar olmasını əngəlləyən problemlər qalmaqdadır. Həmin problemlərin həlli istiqamətində QHT-lərin maarifləndirmə işi aparması, mövcud faktlarla bağlı müvafiq strukturları məlumatlandırması yalnız ümumi işin xeyrinə ola bilər. Bu dəfəki mövzumuz isə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesini tormozlayan əsas maneələrdən sayılan korrupsiya, korrupsiyaya qarşı mübarizədə QHT-lərin ala biləcəyi rol haqdadır.
Bu gün bütün dünyada korrupsiya cəmiyyətin mütərəqqi inkişafına maneə olmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyi ücün ciddi problem hesab edilir. Dünyanın demək olar ki, bütün ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də həm ölkələr səviyyəsində, həm də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir.
Bu hadisənin yüksək ictimai təhlükəliliyi nəzərə alınaraq BMT Baş Assambleyasının 34-cü sessiyasında "Hüquq qaydalarının qorunması üzrə vəzifəli şəxslərin davranış Məcəlləsi" qəbul olunub. Belə ki, 1996-cı ildə Avropa Şurası tərəfindən korrupsiya ilə mübarizə üzrə fəaliyyət proqramı qəbul edilib: "Beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər sırasında 27 yanvar 1999-cu il tarixli "Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında" Konvensiya və 4 noyabr 1999-cu il tarixli Korrupsiyaya qarşı mülki-hüquqi məsuliyyət haqqında Konvensiya xüsusi əhəmiyyət kəsb edir. Korrupsiya halları dövlət quruluşundan asılı olmayaraq istər totalitar, istərsə də demokratik cəmiyyətlərdə, iqtisadi cəhətdən inkişaf etmiş və geridə olan ölkələrdə mövcuddur. Burada söhbət yalnız korrupsiyanın səviyyəsindən gedə bilər. Ümumilikdə demək olar ki, korrupsiyadan tam azad olan ölkə yoxdur.
Xatırladaq ki, son illərdə Azərbaycanda da korrupsiya ilə mübarizə istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik və institusional baza yaradılıb və ilkin irəliləyişlər əldə olunub. Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2011-ci 14 yanvar tarixli iclasında, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, bölgələrə səfərləri zamanı çıxışlarında söylədiyi fikirlər korrupsiyaya qarşı mübarizənin davamı olmaqla yanaşı, bu sahədə yeni mərhələnin başlaması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı bəyan edib ki, "ölkəmizin tərəqqisi, o cümlədən sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir".
Prezident həmçinin bildirib ki, "bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir".
Dövlət başçısının bu fikirləri korrupsiyaya qarşı mübarizənin növbəti mərhələsinin əsas aspektlərini müəyyən edir və qarşıya yeni vəzifələr qoyur. Azərbaycan Prezidenti bəyan edib ki, "elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız — həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq".
Bu gün dövlət tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində atılan praktiki addımlar ictimaiyyət və vətəndaş cəmiyyəti institutları, xüsusilə də QHT-lər tərəfindən təqdir olunur. Qeyd edək ki, eyni zamanda dövlət və QHT-lər korrupsiyaya qarşı mübarizədə daim əməkdaşlıq edir və bu istiqamətdə bir sıra layihələr həyata keçirirlər. Bu məqsədlə Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə daxil olmuş hazırlanan və ya törədilmiş korrupsiya hüquqpozmaları barədə müraciətlərin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməsi, görülmüş tədbirlər barədə müraciət müəllifinin məlumatlandırılması, dövlət qulluqçuları, bələdiyyə üzvləri və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, eləcə də digər müəyyən edilmiş hədəf qrupları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə bir sıra QHT-lərin müxtəlif donor institutlarının maliyyə dəstəyi ilə həyata keçirdikləri layihələrə nəzər salmaqla biz ölkə QHT-lərinin korrupsiya ilə mübarizədə iştirak səviyyəsini təsəvvürümüzdə canlandıra bilərik. Qeyd edək ki, bu layihələrin ümumi məqsədi ictimaiyyətin korrupsiya ilə mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün həmin QHT-lər bir sıra maarifləndirici tədbirlər, aksiyalar həyata keçirirlər. QHT-lərin reallaşdırdığı bu kateqoriyadan olan layihələrin məqsədi korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübəni öyrənmək, onun Azərbaycanda tətbiqini təşkil etmək üçün təkilflər hazırlamaq və bununla bağlı maarifləndirmə tədbirlərini həyata keçirməkdən ibarət olub.
Bu kimi layihələrin məqsədi vətəndaş cəmiyyəti institutlarının korrupsiyaya qarşı mübarizə potensialının gücləndirilməsinə, korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsini daha geniş miqyasda fəaliyyət göstərməsinə, fəaliyyətini intensivləşdirməsinə, antikorrupsiya tədbirlərinin vətəndaş cəmiyyəti tərəfindən daha da dəstəklənməsinə nail olmaqdır. Digər bir layihə isə 2013-cü il may ayından başlayaraq həyata keçirilib.
Qeyd edək ki, 1994-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair bir sıra fərmanlar, Dövlət Proqramları, digər hüquqi sənədlər və beynəlxalq sənədlər imzalanıb. "Korrupsiyaya qarşı mübarizə üzrə" Dövlət Proqramının qəbul edilməsi, elektron hökumətin yaradılması istiqamətində həyata keçirilən işlər, açıq hökumət layihəsinin hökumət tərəfindən dəstəklənməsi və s. işlərin reallaşması onu göstərir ki, hökumət korrupsiyanı ciddi problem sayır və buna qarşı ciddi mübarizə aparmaq niyyətindədir.
Ümumiyyətlə, QHT-lər hesab edirlər ki, korrupsiyaya qarşı mübarizədə intizam və cəza tədbirlərinin zərurətini vurğulamaqla yanaşı, bu sahədə daha səmərəli mübarizə aparılması üçün müasir metodların tətbiqi, elektron hökumətin qurulması istiqamətində işlər daha da sürətləndirilməlidir. "Hökumət-vətəndaş", "hökumət-biznes" qarşılıqlı əlaqələrinin "bir pəncərə" sxemi ilə həyata keçirilməsi təcrübəsi daha geniş miqyasda tətbiq olunmalıdır, institusional və struktur islahatların aparılması davam etdirilməlidir. Dövlət qulluğunun təşkili və tənzimlənməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində islahatlar sürətləndirilməlidir. QHT-lər dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə korrupsiyaya qarşı mübarizə problemlərinin müzakirəsinin faydalı olduğunu qeyd edərək, korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş forumların bölgələrdə də davam etdirilməsini məqsədəuyğun hesab edir. QHT-lər bəyan edir ki, korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilərkən qanunun aliliyi, şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiyada bəyan edilmiş prinsiplər, yerli və beynəlxalq tərəfdaşların tövsiyələri rəhbər tutulmalıdır.
Hesab edirik ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna böyük əngəl sayılan problemlərdən biri kimi korrupsiyaya qarşı mübarizə sahəsində də QHT-lərin görə biləcəyi işlər kifayət qədər çoxdur. Hər halda QHT-lərin bu istiqamətdə artan fəallığının müşahidə olunması yalnız təqdir olunmalıdır.
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08