Qeydiyyatı ləğv olunmayan fəaliyyətsiz QHT-lər
Ölkəmizdə qeydiyyata alınmış QHT-lərin sayı 3000-dən çoxdur. Amma onların hamısının normal fəalliyyət göstərdiyi, vətəndaş cəmiyyətinin inkişafına töhvə verdiyini söyləmək düzgün olmazdı.
Çünki bu gün ölkədə rəsmi qeydiyyata alınmış yüzlərlə təşkilat var ki, indiyədək həmin QHT-lərin adı altında bir layihə belə həyata keçirilməyib. Elə QHT-lər var ki, mətbuat da, cəmiyyət də qeydiyyata alınsalar belə, həmin QHT-lərin adını ilk dəfə eşidir. QHT-lərin adlarının, fəaliyyət istiqamətlərinin, ünvanlarının, telefon nömrələrinin də yer aldığı "Azərbaycan qeyri-hökumət təşkilatları" sorğu-məlumat kitabına nəzər salsaq görərik ki, həmin QHT-lər indiyədək bir layihə belə gerçəkləşdirə bilməyiblər.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də bu yaxınlarda jurnalistlərə açıqlamasında bu məsələyə toxunaraq mövzunun kifayət qədər aktual olduğunu söyləmişdi. A.Quliyevin sözlərinə görə, elə QHT-lər var ki, nə layihə yazmağı, nə də hansı işləri həyata keçirdiyini dəqiq bilmirlər. QHT-lərin bəzilərinin sadəcə, qrant almaq xətrinə layihə yazdığını söyləyən Şura sədri bildirib ki, həmin QHT-lərin yaradılaraq qeydiyyatdan keçirilməsinin məqsədi yalnız də məhz qrant almaqdır. Azay Quliyevin fikrincə, bu, QHT-lərin fəlsəfəsinə missiyasına uyğun deyil.
Prezident yanında QHT-lərə Dəstək Dövlət Şurasının icraçı direktoru Fərasət Qurbanov deyir ki, bu gün təxminən Azərbaycanda 1400-ə yaxın fəaliyyətsiz qeyri-hökumət təşkilatı (QHT) var. Respublika ərazisində 3000-ə yaxın vətəndaş cəmiyyəti təşkilatı qeydiyyatdan keçsə də, maliyyə hesabatına əsasən, 1400-ə yaxın QHT-nin fəaliyyət göstərib-göstərməməsi və ya biznes istiqaməti barədə hələlik heç bir məlumat yoxdur: "Ona görə də bu statistika hələlik heç nə demir. Bizi bəzən 40-50 minə yaxın QHT-nin fəaliyyət göstərdiyi ölkələrlə qarışdırırlar. Azərbaycanda qeydiyyatdan kemiş 3000 QHT-nin yarısını belə tapmaq mümkün deyil".
Milli QHT Forumunun prezidenti Rauf Zeyni də bu gün rəsmi qeydiyyatdan keçən 3000 Qeyri Hökumət Təşkilatından cəmi 1200-ü normal fəaliyyət göstərdiyi fikrindədir. Onun sözlərinə görə, 1800 QHT tam fəaliyyətsizdir. R.Zeyni QHT-lərin fəaliyyətinə əsas maneə kimi ofis, texniki imkanların zəif olmasını göstərir. Bildirir ki, sadalanan problemlərlə yanaşı, bir sıra QHT-lər də var ki, elektron ünvanları belə işləmir. Forum prezidenti qeyd edir ki, göstərilən problemlər aradan qaldırılsa, vətəndaş cəmiyyəti institutlarının normal fəaliyyəti mümkün olar.
Bəzi ekspertlər isə fəaliyyətsiz QHT-lərin statistikasının artmasında onların Maliyyə Nazirliyinə hesabat təqdim etməməsi ilə bağlı olduğunu söyləyir. Konstitutsiya Arşadırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, QHT-lərin bir qisminin fəaliyyətsiz kimi siyahıya düşməsinin səbəbi, onların passivliyi ilə bağlıdır: "Fəaliyyətsiz QHT-lər isə elə bilir ki, iş görmürsə, heç bir hesabat verməməlidir. Hətta belə olduğu təqdirdə də QHT boş hesabat verməlidir. Başqa bir problem isə QHT-lərin Vergilər Nazirliyinin tələbi ilə Maliyyə Nazirliyini eyni saymasıdır. İkinci quruma mütləq mənada hesabat verilməlilir".
Ə.Nuriyev deyir ki, QHT qeydiyyata düşübsə, mütləq hesabat verməlidir: "Bir çox QHT-lər isə hesabat verməməyin hansı məsuliyyət yaratdığının fərqində deyil. Bu istiqamətdə onların arasında maarifləndirmə işlərinin aparılmasına da böyük ehtiyac var".
Ə.Nuriyevin sözlərinə görə, bu gün ölkədə qeydiyyatda olan 3000 QHT-dən 500-ü aktiv QHT saylılır: "Amma onların da hamısının tam aktiv olduğunu söyləmək olmaz. Onların arasında elə QHT-lər var ki, fəaliyyərini tam qənaətbəxş hesab etmək olmaz. Ona görə də, mən deyərdim ki, bu gün aktiv sayılan QHT-lərin içindən 100-nü xüsusi aktiv hesab etmək olar".
Ə.Nuriyev bu gün qeydiyyata alınan QHT-lərin çoxunun fəaliyyətsiz QHT-ə çevrilməsinin bir sıra səbəblərinin olduğunu deyir: "Bu ondan irəli gəlir ki, həmin QHT-ləri yaradanlar ümumiyyətlə, QHT-nin fəlsəfəsindən xəbərsiz olublar. Onların çoxu QHT-ləri qrant əldə etmək məqsədilə yaradıb. Bu QHT fəlsəfəsinə ziddir. Həmin QHT-lərin rəhbərlərinin çoxu elə bilir ki, qrant almamaqları onları maliyə hesabatı verməkdən yayındırır. Amma səhv düşünürlər. Onlar bu barədə Maliyyə Nazirliyinə qanunvericiliyin tələb qoyduğu müddətlərdə hesabat təqdim etməlidirlər".
Ə.Nuriyevin sözlərinə görə, QHT-lərin ləğvi bu gün "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunla, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunla və Mülki Məcəllə ilə tənzimlənir. Ə.Nuriyev deyir ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 18-ci maddəsində "Qeyri-hökumət təşkilatının fəaliyyətinə xitam verilməsi" öz əksini tapıb. Bu maddədə göstərilib ki, Qeyri-hökumət təşkilatının fəaliyyətinə qeyri-hökumət təşkilatın yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya qeyri-hökumət təşkilatının ləğv edilməsi yolları ilə xitam verilir: "Maddə 31-də isə qeyri-hökumət təşkilatının məsuliyyəti öz əksini tapıb. Orada qeyd olunub ki, qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır".
Ə.Nuriyevin sözlərinə görə, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunda da bununla bağlı müddəa yer alıb.
Ekspert deyir ki, bu gün bəzi QHT-lər layihə həyata keçirməsələr, tam fəaliyyətsiz olsalar belə nədənsə könüllü şəkildə həmin QHT-lərin qeydiyyatını ləğv etməyə can atmırlar. Ə.Nuriyev həmin şəxslərin bu cür fəaliyyətsiz QHT-ləri qara günləri üçün saxladıqlarını da söyləyir. Onun sözlərinə görə, bu gün QHT-lərin qeyri-rəsmi satılması faktlarına da rast gəlinir: "Elə QHT-lər var ki, onları qeyri-rəsmi başqa şəxslər işlədir. Bu cür faktlar var. QHT-lərin rəhbərləri kağız üstündə olmasa belə, qeyri-formal olaraq həmin fəaliyyətsiz QHT-ni işlətməyi müəyyən maraqları üçün başqalarına həvalə edirlər".
"Güzəran Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli isə ölkədə fəaliyyət göstərən QHT-lərin çoxunun fəaliyyətsiz olduğu fikrindədir. Q.İbrahimli deyir ki, ölkədə QHT-lər kəmiyyətə görə yox, keyfiyyətə görə seçilməlidir: "Azərbaycanda QHT-lərin əksəriyyəti fəaliyyətsiz durumdadır. Əksəriyyəti indiyə qədər heç bir layihə həyata keçirməyib. Ədliyyə Nazirliyinin məlumatına görə, ölkə 3 mindən çox QHT qeydiyyatdan keçib. Qeyri-kommersiya təşkilatlarını da buraya (idman klubları, xeyriyyə cəmiyyətləri, ədəbi birliklər və s.). Ancaq ən yaxşı halda onların yalnız 20 faizi – 600-ə yaxını aktivdir, layihələr həyata keçiririlər. Qalanları isə yalnız kağız üzərində mövcuddur. Təbii ki, bunun obyektiv səbəbləri də var. Donorlar azlığı, iri şirkətlərin, bankların ictimai əhəmiyyətli layihələrin dəstəklənməsinə maraq göstərməməsi QHT-lərin fəaliyyətini məhdudlaşdırır. Eyni zamanda, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bütün QHT-lərə maliyyə yardımı etmək gücündə deyil. Bununla yanaşı, subyektiv səbəblər də var. Əksər hallarda QHT-lər təsadüfi şəxslər tərəfindən təsis edilir, rəhbərlərinin intellektual və peşəkarlıq səviyyəsi QHT-rin aktiv fəaliyyətinə mane olur. Xüsusilə də regionlarda yaradılan QHT-ləri böyük əksəriyyəti fəaliyyətsizdir. Ancaq bunu faciəli bir durum kimi dəyərləndirmək düzgün deyil. Təbii seçmə nəticəsində bacarıqsız QHT-lər fəaliyyətini dayandırır, bacarıqlılar isə fəaliyyətini davam etdirirlər".
Q.İbrahimli regionlarda fəaliyyət göstərən QHT-lərin də çoxunun fəaliyyətsiz olduğunu deyib: "Siyahıya baxsaq, regionlarda fəaliyyət göstərən xeyli sayda QHT var. Amma reallıqdır ki, onların çoxunun vətəndaş cəmiyyətinin inkişafına zərrəcə xeyri yoxdur. Çünki çoxu ildə bir dəfə belə layihə həyata keçirmir. Regionlardakı QHT-lərin aktiv fəaliyyəti üçün müəyyən tədbirlərə ehtiyac var. Onların layihələr təqdim etməsi üçün, maliyə yardımlarının ayrılmasına xüsusi diqqət göstərilməlidir.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01