QHT sektorunun nümayəndələrinin parlament seçkilərində təmsilçiliyi vacibdir
Məlahət İbrahimqızı: "QHT rəhbərlərinin parlamentdə
təmsilçiliyinin çox olması vətəndaş cəmiyyətinin xeyrinədir"
Qarşıdan parlament seçkiləri gəlir. Hələ müxtəlif siyasi partiyalar deputatlığa namizədlərinin siyahısını açıqlamasalar da, müstəqil olaraq millət vəkilliyinə öz namizədliyini irəli sürənlərin də bir qisminin adları bəllidir. Amma hələ QHT sektorundan parlament seçkilərinə bu il kimlərin namizəd olacağı bilinmir. Ekspertlər isə Milli Məclisə keçiriləcək seçkilərdə 3-cü sector nümayəndələrinin fəal olmasının məqsədəuyğun olduğu fikrindədir.
Öncə qeyd edək ki, QHT sektorunda çalışanlardan bir neçəsi Milli Məclisdə bu gün də təmsil olunur. Buna misal kimi QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevi, 3-cü sektordan Milli Məclisə gələn Fuad Muradovu, Çingiz Qənizadəni və sairi göstərmək olar. O ki qaldı bu dəfəki seçkidə deputatlığa namizəd olmaq fikrinə düşən QHT- sektoru təmsilçilərinə, onların adlarını öyrənmək elə də asan olmadı. QHT sektorunda çalışanların çox olduğunu nəzərə alsaq onların hər biri ilə əlaqə saxlayıb bu sualı birbaşa özlərinə ünvanlamaq mümkünsüz olduğundan, QHT nümayəndələrinin Milli Məclisdə təmsil olunmasının 3-cü sektora hansı imkanlar açacağını araşdırdıq.
Milli QHT Formunun rəhbəri Rauf Zeyni ictimai sektor təmsilçilərinin bu dəfəki seçkilərə qatılmasının alqışlanan olduğunu bildirdi. Onun sözlərinə görə, bu gün Milli Məclisdə söz deyə bilən, öz seçicilərinin problemindən danışan beş deputat varsa, onlardan bir neçəsi QHT sektorunun nümayəndəlidir: "Bu gün Azay Quliyev Milli Məclisdə aktiv deputat hesab olunur. Eləcə də Fuad Muradov da QHT sektorunun da nümayəndəsidir. Mən onu da qeyd edim ki, bu gün Milli Məclisdə ən aktiv deputatlar elə QHT sektorunun nümayəndələridir. Çünki onlar ictimaiyyətin içindən gəliblər Milli Məclisə. Deməli ictimai sektordan Milli Məclisdə təmsil olunanlar nə qədər çox olarsa, bu vətəndaş cəmiyyətinin bu qanunverici orqanda bir o qədər də dəstəyi deməkdir".
Ona görə də R. Zeyni hər bir müstəqil və siyasi partiyaların təmsilçiləri ilə yanaşı QHT sektorundan öz namizədliyini irəli sürəcək şəxslərə də uğurlar arzuladı. Və vətəndaş cəmiyyəti təmsilçilərinin sayının Milli Məclisdə daha da artmasının vacib olduğunu qeyd etdi.
Qeyd edək ki, hazırda parlamentdə təmsil olunan deputatlar arasında QHT rəhbərləri də var. Onlar millət vəkili olmaqla yanaşı, eyni zamanda, QHT-lərə rəhbərlik edir, müxtəlif layihələr həyata keçirirlər. Millət vəkili Məlahət İbrahimqızı də parlamentdə təmsil olunmaqla yanaşı, QHT rəhbəridir. Xanım millət vəkilinin"Lider Qadınlar" İctimai Birliyi aktiv fəaliyyət göstərir. M.İbrahimli deyir k, hazırda onunla yanaşı Milli Məclisdə təmsil olunan bir neçə millət vəkilinin QHT-i var: "Biz Milli Məclis deputatı olaraq qanun layihələrinin hazırlanmasında, müzakirəsində iştirak edirik. Eyni zamanda, ictimai fəaliyyətlə məşğul oluruq. QHT rəhbərlərinin parlamentdə təmsilçiliyinin çox olması vətəndaş cəmiyyətinin xeyrinədir. İctimai sektorun nümayəndələrindən nə qədər deputat çox olsa bir o qədər yaxşıdır".
Millət vəkili Çingiz Qənizadə isə hesab edir ki, QHT rəhbərinin parlamentdə təmsil olunması olduqca önəmlidir: "Biz parlamentdə QHT sektoru ilə dövlət arasında bir növ körpü rolunu oynayırıq. Eyni zamanda, QHT-lərin mövqeyini müdafiə edirik. Misal üçün, Azərbaycan Respublikasının 2012-ci il üçün Dövlət Büdcəsi müzakirə edilərkən millət vəkili Azay Quliyev və mənim təkidli və əsaslı çıxışlarımızdan sonra QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaiti bir qədər artırıldı. Biz parlamentdə həm də ayrı-ayrı vətəndaşları qəbul edir, onların hüquqlarını qoruyur, müxtəlif problemlərin həllində onlara köməklik göstəririk. QHT rəhbəri və həm də deputat olmaq nə qədər çətin olsa da, belə hesab edirəm ki, bu iki iş bir-birinə mane ola bilməz".
Qeyd edək ki, Çingiz Qənizadə eyni zamanda, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. Ç.Qənizadə deyir ki, ictimai sektor nümayəndələrinin parlamentdə təmsilçiliyi alqışlanandır: "Çünki təcrübə də göstərir ki, ictimai sektor nümayəndələri parlamentdə daha çox aktivlik nümayiş etdirirlər. Həm də təkcə QHT-lərlə bağlı qanunların qəbulunda yox. Öz seçicilərinin problemlərini Milli Məclisin kürsüsündən cəsarətlə söyləyir, hansı sahələrdə daha çox problem olduğunu digərləri ilə müqayisədə daha yaxşı bilirlər".
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də QHT nümayəndələrinin iştirakına normal baxdığını söyləyib. Ə.Nuriyev deyir ki, 3-cü sektor təmsilçilərindən deputat seçilənlərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır: "Hesab edirəm ki, Milli Məclisdə QHT sektorundan nümayəndələr daha çox olarsa qanun layihələrinin müzakirəsində, parlamentin plenar iclaslarında söz deyən, müzakirə aparan deputatların da sayı bir o qədər artıq olar. Çünki QHT sektorundan parlamentə gedənlər ictimai həyatın içini, problemlərini daha yaxşı bildiklərindən qanundakı istənilən boşluğu daha tez sezirlər. Həm də, çalışırlar ki, qanunlar daha demokratik olsun. Mənim fikrimcə QHT sektoru nümayəndələrindən parlament seçkilərində iştiraka qatılanların sayı çox olmalıdır. Bunun xeyiri var ki, ziyanı yoxdur. Təcrübə də göstərir ki, QHT sektorundan parlamentə gedən, eləcə də vətəndaş cəmiyyəti sektorunda çalışanlar, seçicilərlə seçkidən sonra da mütəmadi görüşür, onların problemlərini dinləyir, Milli Məclisdə məsələ qaldırırlar".
Paytaxtda apardığımız sorğu zamanı da vətəndaşlar QHT sektoru təmsilçilərinin parlament seçkilərində aktiv olmasının məqsədəuyğun olduğunu söylədilər: "Binəqədi rayon sakini Almaz Qurbanova deyir ki, bu gün parlamentdə ən aktiv deputat Qənirə Paşayevadır: "Qənirə xanım da QHT rəhbəridir. Eyni zamanda, ictimai sektordan parlamentə gəlib. KİV-də jurnalist olaraq çalışması, QHT rəhbəri olması açıq-aşkar onun deputat kimi fəaliyyətində də hiss olunur".
Həmsöhbətim deyir ki, QHT təmsilçisi olanlar seçkidən sonra da öz seçicilərinin qayğısına qalır: "Biz ərazimizdən seçilən Madər Musayevin üzünü deputat seçiləndən sonra bir dəfə də olsun görməmişik. Amma mətbuatda görürük ki, bəzi millət vəkilləri var ki, tez-tez seçiciləri ilə görüşür, onların problemlərini dinləyir. Misal üçün, deputat Fuad Muradova facebook sosial şəbəkəsindən də məktub yazmaq olar. Amma elə deputatlar var ki, onlar sosial şəbəkə nədir bilmirlər. Millət vəkili Qənirə Paşayeva da seçiçilərinin sosial şəbəkə vasitəsilə ilə yazdığı problemlərə laqeyd münasibət göstərmir. Bu onu göstərir ki, onlar ictimai sektorda olduqları kimi, parlamentdə də aktivdirlər".
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da seçiciləri QHT sektorundan olan millət vəkillərinə səs verməyə səsləyir: "Düşünürəm ki, QHT sektorunda çalışanlardan daha yaxşı deputat çıxır. Bunu təcrübə də göstərir. Ona görə ki, onlar bir sıra layihə həyata keçirir, vətəndaşlarla necə işləmək, necə görüş təşkil etmək bacarığına yiyələnirlər. QHT sektorunda vaxtilə işləyən deputatların seçici ilə görüşmək, münasibət yaratmaq problemi də olmur. Onlar daha çox ünsiyyətcil olurlar. Seçicinin problemlərinə öz problemləri kimi baxa, onların problemlərinin həlli üçün hansı quruma müraciət etməyin, hansı qurumu qınamağın lazım olduğunu çox yaxşı bilirlər".
M.Zeynalova deyir ki, dövlət qurumları da QHT sektorunda çalışan millət vəkillərindən çıkinirlər: "Onlar yaxşı bilirlər ki, vətəndaş deputata müraciət edərsə, deputat da hansı qurumun yaxasından yapışacağını bilir". Həmsöhbətimin sözlərinə görə, 3-cü sektor təmsilçilərinin parlamentdə təmsilçiliyini dəstəkləyir: "Təcrübə də göstərir ki, bu gün Milli Məclisdə aktiv olan deputatların çoxu məhz vaxtılə, elə indi də ictimai sektorda çalışanlardır.Onlar, qanun layihələrinin qəbulunda da aktivlik nümayiş etdirir, Milli Məclisin plenar iclaslarında həmişə iştirak edirlər. Milli Məclisə neçənci iş yeri kimi baxmırlar. Nizam intizamlıdırlar, seçiciləri qarşısında məsuliyyət hiss edirlər".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16