Elmar Məmmədyarov hərəkətə keçdi
10:05 09-09-2015
CƏMİYYƏT
Nazir diplomatik korpusda təmizləmələrə başladı
Azərbaycanın diplomatik korpusunda son vaxtlar yaşanan xoşagəlməz hallar xarici işlər naziri Elmar Məmmədyarovu hərəkətə keçirib. Dünən nazirlikdən yayılan açıqlamanı da diplomatik korpusda "təmizləmə əməliyyatı"nın rəsmi etirafı kimi dəyərləndirmək olar.
"Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq Xarici İşlər Nazirliyi (XİN - red.) sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür". Bu sözlər XİN-in mətbuat xidmətindən yayılan məlumatdandır.
Məlumata görə, son aylar ərzində bir sıra bu kimi şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib: "Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır. Bu kimi bəzi başqa əməkdaşlar da vardır ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcəkdir. Maliyyə Nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaqdır.
Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olduqdan sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar".
Məlumatda qeyd olunur ki, Anar Həsənovun Avstraliyada yaşayış məsələsinə gəldikdə isə bu şəxs xidməti qüsurlara görə bu ilin iyul ayında işdən azad edilib: "Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır".
Xatırladaq ki, bir neçə gün əvvəl Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar barədə açıqlamalar yayıb. XİN hadisəyə dərhal münasibət bildirib və şikayət edən şəxsin işdən qovulduğunu açıqlayıb. Bunun ardınca mətbuatda Anar Həsənovun sığınacaq üçün Avstraliya hökumətinə müraciət etməsi barədə məlumatlar yayılıb. A.Həsənov özü isə yerli mətbuata çalışdığı səfirliyin və XİN sisteminin işində rastlaşdığı korrupsiya faktları ilə bağlı məlumatlar ötürüb. O məktubunda iddia edir ki, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibinin külli miqdarda dövlət vəsaitini mənimsəmələri və digər qanunsuz əməlləri haqqında sübutları Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi başda olmaqla digər dövlət qurumlarına göndərib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın başqa bir diplomatı Arif Məmmədovla bağlı qalmaqal yaşanmışdı. Məmmədov hətta bir qədər irəli gedərək siyasi iddialar da nümayiş etdirməyə başlamışdı. Amma Anar Həsənovun hər hansı siyasi iddiası olmadığı görünür. Bununla belə, onun xaricdən sığınacaq alması mənfi presedentə çevrilə və digər narazı diplomatik korpus əməkdaşlarını da oxşar təcrübədən yararlanmağa sövq edə bilər.
XİN-in diplomatik korpusda faktiki olaraq, "təmizləmələrə" start verməsi isə nazir Elmar Məmmədyarovun narahatlığı ilə izah edilir. Belə ki, indiyədək diplomatik korpusla bağlı yaranmış iki qalmaqalda dolayısı ilə nazirin məsuliyyəti qeyd edilir. Hesab olunur ki, o, diplomatlar üzərində yetərli, ciddi nəzarət imkanlarını itirib.
Məmmədyarovun da bu vəziyyətdən xilas olmaq və yeni qalmaqalların qarşısını almaq üçün məlum önləyici tədbirlərə start verdiyi güman edilir.
Amma XİN-in açıqlamasındakı bir məqam diqqətçəkicidir: orada faktiki olaraq etiraf edilir ki, Anar Həsənov tək deyil, digər diplomatik korpus əməkdaşları da var ki, "araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcəkdir". Yəni bizim oxşar başqa qalmaqallara da şahidlik edə biləcəyimizə elə Məmmədyarovun nazirliyinin məlumatı göstərir.
Belə görünür, qarşıdakı dönəm xarici işlər nazirimiz üçün olduqca çətin keçəcək. Əgər diplomatik korpus əməkdaşları ilə bağlı qalmaqallar davam edərsə onun hətta vəzifəsindən kənarlaşdırıla biləcəyini də istisna etməmək lazımdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22