Ziya Məmmədov "qoçularına" görə cəzalandırıla bilər
10:59 10-09-2015
İQTİSADİYYAT
Dövlət başçısı nəqliyyat sektorundakı özbaşınalıqlardan danışdı
Prezident İlham Əliyevin məmurlara sərt xəbərdarlığı, kimliyindən, daşıdığı statusdan asılı olmayaraq, cinayət törədən, xalqa yuxarıdan aşağı baxan məmurların ən sərt formada cəzalanacağı ilə bağlı açıqlaması Azərbaycan cəmiyyəti tərəfindən hər zaman rəğbətlə qarşılanıb. Bu dəfə isə dövlət başçısı qeyd edib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: "Korrupsiya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında "ASAN xidmət"ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir. Nə qədər qanunsuz tələblər irəli sürülür, nə qədər insanları incidirlər. İndi hər şey asan olacaq – "ASAN xidmət"də".
İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var: "İnsanları incidirlər. Onların qarşısına əsassız tələblər qoyulur. Bu sahənin bir hissəsini "ASAN xidmət"ə vermişik. Gələcəkdə də hər sahədə "ASAN xidmət"in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir".
Məlumat üçün bildirək ki, nəqliyyat sektorundakı problemlər, Nəqliyyat departamentinin "qoçu"larının özbaşınalıqları cəmiyyətdə ciddi narazılıqlar yaradır. Prezidentin məlum mövqeyi isə onun məhz xalqın yanında və qanunsuzluqlar edən məmur korpusuna qarşı olduğunu təsdiqlədi. Bu eyni zamanda rəhbərlik etdiyi nəqliyyat sektorunda ciddi nöqsanların mövcudluğundan dolayı nazir Ziya Məmmədova son xəbərdarlıq anlamına da gələ bilər.
Bu prezidentin ilk xəbərdarlığı deyil
Məlumat üçün bildirək ki, buna qədər də prezident ən sərt şəkildə məmurlara irad tutmuşdu. Prezidentin bu çıxışları bəzi məmurları əməlli-başlı silkələyib. Bəli, bu gün elə məmurlar var ki, gözlərini rüşvət, korrupsiya yumub, sadə vətəndaşı görmür, təyin olunduğu vəzifəni atasının mülkü hesab edir. Prezidentin yerlərdə icraçısı olan bu şəxslər sanki vəzifədə olduqları dövrlərdə cəmiyyətdən təcrid olunur, özlərinə uyğun, imkanlı, vəzifəli şəxslərlə dostluqlar edir, sadə vətəndaşları əzməklə məşğul olur. Bu şəxslər anlamırlar ki, onlar təyin olunduqları vəzifəyə anadangəlmə və ömürlük təyinat almayıblar. Prezident İlham Əliyev çıxışlarında o məsələyə dəfələrlə toxunub və həmin məmurlara bir daha xəbərdarlıq edib ki, harınlayan və vətəndaşı saymayan məmur dərhal cəzalandırılacaq. Ən yüngül cəzası isə işdən çıxarılmaq yox, hətta həbs olunmaq olacaq. Harınlıq edib sadə vətəndaşları təhqir edən həmin məmurlar və ya məmur övladları da ciddi cəzalandırılacaq, camaatın pullarını mənimsəyib bahalı avtomobillər, imarətlərə sahib olan, çirkli biznes quranların bütün əmlakı müsadirə olunacaq.
Hər bir problemin həllinə prezident şəxsən müdaxilə etməlidirmi?
Bəzi məmur övladları belə bir prosesin baş verəcəyinə inanmasa da, Azərbaycanda bu təcrübə var. Düzdü, valideyni hansısa rayonda icra başçısı, nazir müavini, nazir olmasından istifadə edərək elə bilir ki, o bütün özbaşınalıqları edə bilər və atasına görə ona heç kim söz deməyəcək və atasının da vəzifəsi ömürlükdür.
Ölkə Prezidentinin hər bir məmurdan və dövlət qulluqçusundan birinci tələbi odur ki, onlar üçün yaradılmış şəraitdən yalnız ölkənin inkişafı və Azərbaycan xalqının rifahı naminə istifadə etsinlər. Cənab Prezidentin irəli sürdüyü əsas tələblərdən biri də budur ki, "İstər ölkə Prezidenti olsun, istər icra hakimiyyətinin başçısı olsun, hansısa başqa sahəyə rəhbərlik etsin, hər bir rəhbərin vəzifəsi ondan ibarətdir ki, mövcud olan problemləri aradan qaldırsın və insanları narahat edən məsələləri həll etsin".
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hər bir məmur rəhbərlik etdiyi sahəyə məsul olmalı, bu sahədəki problemlərin həlliylə bağlı üzərinə düşən məsuliyyəti dərk etməlidir. Axı, cəmiyyətdə və idarəçilikdə olan hər bir problemə görə prezidentin müdaxiləsini gözləmək, məhz onun bu müdaxiləsindən sonra problemlərin həllinə çalışmaq başa düşülən deyil. Nəqliyyat sektorunda, turizm sahəsində, vergi sistemində və digər sahələrdəki problemlərin həlli üçün məhz prezidentin müdaxiləsindən sonra hərəkətə keçiləcəksə, o zaman müvafiq sahələrə məsul olan rəhbər şəxslər və nazirlər nə işlə məşğuldur?
Ölkəmizdə məmur korpusu ilə bağlı olduqca arzuolunmaz bir tendensiya yaranıb. Tutaq ki, hansısa sahədə həll olunması hava-su qədər vacib olan problem yaranıb, Kütləvi İnformasiya vasitələri mütəmadi olaraq həmin problemlərin işıqlandırılması ilə məşğuldur və s. Amma həmin sahəyə birbaşa məsul olan, problemi həll etmək səlahiyyətində olan məmurları hərəkətə gətirmək mümkün olmur. Dəfələrlə müşahidə etmişik ki, sonda ölkə prezidenti İlham Əliyev həmin problemləri qaldırıb, müvafiq dövlət strukturlarının hərəkətsizliyini sərt şəkildə tənqid edib və yalnız bundan sonra məmur ordusu problemlərin həlli istiqamətində hansısa fəaliyyətə keçib. Belədə ortaya haqlı sual çıxır: Məgər, bütün problemlərin həll olunması üçün Prezidentin müdaxiləsi lazımdırmı? Axı,ölkə prezidenti onsuz da gərgin iş rejimində çalışır, onun iş qrafiki çoxsaylı görüş, qəbullar, danışıqlar və digər tədbirlərlə əhatə olunub. Bu baxımdan prezidentin bütün sahələrdəki ən xırda problemlərin həlli üçün müdaxilələr etməsini gözləmək nə dərəcədə məntiqlidir. Axı, hər bir sahəyə məsul olan məmur ordusu var, bütün müşküllər prezidentin müdaxiləsindən sonra həll olunacaqsa bəs həmin məmurlara nə ehtiyac var?
Ümumiyyətlə, vəzifə səlahiyyətlərini prezidentin iradlarından sonra xatırlayan məmur kimə və nəyə lazımdır?
Bu baxımdan ölkə rəhbərinin aşağıdakı sözləri aktuallığını hələ də qoruyur: "Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər. Onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Dəfələrlə demişəm, amma nə görürəm, yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Bax, son vaxtlar bir neçə iş adamı böyük qanun pozuntuları ilə bağlı məsuliyyətə cəlb edilib.Vaxt gələcək ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər".
Hesab edirik ki, fəaliyyətləri yalnız ictimai narazılıq yaradan belə məmurlarla bağlı sərt cəza tədbirləri ümumi işin xeyrinə olmaqla yanaşı, həm də böyük ictimai dəstək qazanır.
Ölkə başçısının
mövqeyi böyük xalq dəstəyi qazanıb
Dövlət başçısının vəzifəli şəxslərin özünün və onların ailə üzvlərinin cəmiyyətdə narahatlıq doğuran bəzi hərəkətləri, onların fəaliyyətindəki nöqsanları, sahibkarlara göstərdikləri mənfi münasibəti kəskin tənqid etməsi sıravi vətəndaşlar və ictimai-siyasi təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanıb və təqdir olunub. Cənab Prezident dəfələrlə insanlarla qarşılıqlı əlaqələri qura bilməyən, onlarla səmimi, mədəni davrana bilməyən və ehtiyaclarına biganə yanaşan hər bir vəzifəli şəxs haqqında ciddi ölçü götürüləcəyini bildirmiş və sonrakı dövrdə həyata keçirilən tədbirlər, o cümlədən kadr dəyişiklikləri ilə bunu təsdiq etmişdir.
Hər bir sahədə intizam və məsuliyyətin olması, hər bir insanın, bütövlükdə ölkə vətəndaşlarının həyatının təhlükəsizliyi, hüquqlarının və azadlıqlarının qorunması, gündəlik həyatda sabitliyin və əmin-amanlığın, bir sözlə, qayda-qanunun təmin edilməsi deməkdir. Hər bir məmurun məsuliyyət hissi yerində olsa, ölkədə və cəmiyyətdə neqativ halların sayı sıfra enər və xoşagəlməz heç bir hadisə baş verməz. Ölkə Prezidenti təəssüflə bildirir: "Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilirlər. Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək. ...Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək".
Məsuliyyətini dərk
etməyən məmur
korpusu cəzalanmalıdır
Ölkə Prezidentinin bu sözləri hər bir dövlət qulluqçusunun həyat prinsipi olmalı və onlar Azərbaycan dövləti, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, ən nəhayət, öz vicdanı qarşısında öz məsuliyyətlərini dərindən dərk etməlidirlər.
Bir sözlə prezident İlham Əliyevin yarıtmaz məmurlara qarşı barışmaz mövqeyi həm də onun göstəricisi sayılmalıdır ki, dövlət başçısı heç nədən xəbərsiz deyil. O hər şeyi görür və nəticə çıxarmaq üçün məmurlara vaxt verir. Amma, o vaxtın nə zaman bitəcəyini prezidentdən başqa heç kim bilmir. Çünki, sonda qəti qərarı o özü və heç kimin rəyinə baxmadan verir. Onda isə gec olacaq. Prezidentin bu təpkisi həmin məmurlara əməlli başlı dərs olmalıdır. Və onlar son xəbərdarlığın yaxın vaxtlarda nəticəsini görəcək. Əgər özlərini yığışdırmasalar.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53