Elmlər Akademiyasında yeni narazılıqlar baş qaldırır
11:01 10-09-2015
İQTİSADİYYAT
AMEA-nın alimlərinə veriləcək mənzillərlə bağlı qalmaqal böyüyür
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan əməkdaşların mənzil şəraitini yaxşılaşdırmaq üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən "Aspirantlar yataqxanası"na aid ərazidə 4 bloklu yeni yaşayış evi tikilib. Tikinti başa çatsa da, əməkdaşlar həmin binaya köçürülməyib.
Bir müddət bundan öncə deputat Fazil Mustafa AMEA-nın həmin binasının aqibəti haqqında yazdığı qeydində tutarlı faktlardan istifadə edərək, problemi qabardıb. Həmin qeydlər "Unikalın səhifələrində dərc edilmişdi.
Millət vəkili öz qeydində hətta alimlərə verilməli olan evlərin başqa adamlara satılmasına da ehyam vurmuşdu.
Qeyd edək ki, AMEA ilə "Evrostroy-S" MMC arasındakı razılaşmaya əsasən, "Aspirantlar yataqxanası" sökülərək həmin ərazidə tikilən yeni binada yataqxanada yaşayan 118 sakin ən aşağısı 65 kv.m. mənzillə təmin olunmalı idi.
İşlərin davamı olaraq "Evrostory-S" MMC ilə yataqxana sakinləri arasında keçirilən iclasda (118 sakinin imzası ilə hər sakin üçün ən aşağısı 65 kv.metr təyin olunmaqla) 8 noyabr 2012-ci il tarixli 01 saylı razılaşma protokolu imzalanıb.
Artıq 2015-ci ilin sonu olsa da, həmin 118 sakin bu gün də yeni mənzillərini gözləməkdədirlər.
Aspirantlar yataqxanasında məskunlaşan həmin 118 sakin-alimdən biri modern.az-a verdiyi məlumatda məsələnin ləngidiyini bildirib. Adının çəkilməsini istəməyən alim mənzil barəsində bunları deyib: "Aspirantlar yataqxanasında 118 ailə yaşayır. Onların bir qismi əvvəllər akademiyada işləyib, sonradan başqa sahədə çalışanlardı. Amma onların da mənzilə ehtiyacı var. Yəni onlar bu binada daimi qeydiyyatdadırlar. Yataqxanada yaşayan alimlərə mənzilin tikilməsi artıq bir neçə il davam edən prosesdi. AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun bu məsələ ilə bağlı mövqeyi konkret və aydın idi. Bu mövqe onun mətbuatda verilən bəyanatlarında əks edilib - "bu binada yaşayan hər bir alim tədqiqatçı mənzillə təmin edilməlidi"".
Həmin alim bu məsələ ilə bağlı hazırkı biganəlikdən bütün sakinlərin (alimlərin) narazı olduğunu bildirib. Onun sözlərinə görə, bu haqda alimlərə heç bir qəti cavab verilmir, yalnız mənzil komissiyasının adı çəkilərək, məsələ ilə həmin qurumun məşğul olduğu söylənilir: "Amma AMEA-nın hazırki rəhbərliyinin bu problemin həlli ilə bağlı baxışı bizə aydın deyil. Onlar ümumiyyətlə bu haqda danışmırlar. Ən yaxşı halda bilidirirlər ki, mənzil komissiyası var və komissiya işləyir. Amma indiyədək bu komissiyanın fəaliyyəti yataqxanada yaşayan heç bir sakinə aydın deyil. İndiyədək bir sakini belə, çağırıb maraqlanmayıblar ki, siz hansı statusdasınız, mənzilə ehtiyacınız hansı səviyyədədi... Yəni bu problemlə bağlı əsaslı, aydın yanaşma yataqxanada yaşayan sakinlərə məlum deyil. Burada yaşayanlar ümid edir ki, 2015-ci ilin noyabrında 70 illiyi qeyd ediləcək AMEA-nın bu binəsib sakinlərinə də mənzil təminatı olacaq".
O, alimlərin yeni mənzillərə ümid etdiklərini desə də, bu haqda optimist ola bilmir. Fakt kimi isə millət vəkilinin də yuxarıda səsləndirdiyimiz arqumentini- yəni yeni mənzillərin satılmasını qeyd edir: "Amma açığı getdikcə bizi ümiddən salan xəbərlər alırıq. Biz tikilən (məlumdur ki yataqxana ilə üzbəüz tikilən binanın 2 bloku yataqxana sakinlərinə verilməsi vəd edilib) binada artıq bütün mənzillərin satıldığını eşidirik. Bu tikintini aparan Bəxtiyar Təhməzov adlı mühəndisdi. Siz onunla əlaqə saxlasanız aydın bir cavab ala bilməyəcəksiz".
Belə görünür ki, AMEA-da yeni narazılıq dalğası start götürüb və o, getdikcə böyüməkdədir. Əgər Akademiya rəhbərliyi qısa vaxtda səslənən iddia, irad və ittihamlarla bağlı konkret mövqe ortaya qoymazsa, biz qarşıdakı günlərdə AMEA-dan etiraz səslərinin daha yüksək tonla eşidilməsinin şahidi ola bilərik.
Ümumiyyətlə isə Milli Elmlər Akademiyasının yeni rəhbərliyi dövründə burada müxtəlif narazılıqların yaranması getdikcə adi hala çevrilir. Aydın hiss olunur ki, Akademiya alimləri Mahmud Kərimovdan sonrakı rəhbərlikdən daha çox şikayətçidirlər. Bunu AMEA-dan tez-tez şikayət və ittiham xarakterli xəbərlərin, müraciətlərin yayılması da təsdiqləyir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53