Azərbaycan iqtisadiyyatı: bundan sonra nələr baş verəcək?
11:45 11-09-2015
İQTİSADİYYAT
Hər şeyi bədbin, az qala apokaliptik çalarlala təsvir edənlərin aktivləşməsini anlamaq olar
Azərbaycanın neft və qaz satışlarından əldə etdiyi gəlirlər azalır, ərzaq məhsulları bahalaşmağa başlayıb, manatın ABŞ dollarına və avroya olan kursunda geriləmə aradan qalxmayıb.
Doğrudur, belədir.
Amma Azərbaycan itqtisadiyyatında böhran olması, ölkədə sənaye istehsalının azalması və ümumiyyətlə, vəziyyətimizin sürətlə pisləşməsi ilə bağlı yerli "analitik"lərlə "ekspert"lərin dedikləri həqiqətdirmi?
Ölkədəki proseslər həmin şəxslərin dedikləri kimi deyil.
Daha doğrusu, hər şeyi bədbin, az qala apokaliptik çalarlala təsvir edənlərin aktivləşməsini anlamaq olar.
Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək və Milli Məclisdəki 125 mandatın, heç olmasa, az qisminə yiyələnmyə çalışan müxalifət indi nəzarətindəki media vasitələri ilə bahəm, sosial şəbəkələrdə fəal şəkildə "dağılırıq, yoxsullaşırıq, pis vəziyyətdəyik, çıxış yolu yoxdur" tipli "fəlakət açıqlamaları"nı yayırlar.
Həqiqət isə fərqlidir.
Bizim və onların nefti, pulu, əməli
Avropada ən böyük səhmdar hansı şirkətdir? Suala cavab verməyə tələsməyin, çünki həmin cavab yanlış ola bilər.
Avropa Komissiyasının son açıqlamasına görə, qitə ölkələrinin iqtisadiyyatlarına sərmayə yatırımı və xüsusilə də qiymətli kağızlar, daşınmaz əmlak və texnologiyalar bazarlarında fəallığı baxımından SPU, yəni "Statens Pensjonsfond Utland" rəqib tanımır.
SPU maliyyə, sənaye və ya hec-fondlar konqlomeratı yox, Norveçin Dövlət Pensiya Fondudur.
2006-cı ildə adını dəyişib - həmin vaxtadək "The Petroleum Fund of Norway" (PFN) adlanırdı.
Dünyanın ən böyük pensiya fondu sayılsa da, SPU-nun maliyyəsi təqaüd ödənişlərindən yox, Norveçin neft və təbii qaz satışlarından əldə etdiyi gəlirlərindən ayrılan pullar hesabına formalaşır.
Hazırda SPU-da 3,077 milyard Norveç kronu, yəni təqribən 875 milyard dollar var ki, bu da dünya fond bazarının 1 faizi, Avropa Birliyinin fond bazarının isə 1,78 faizini təşkil edir.
Neft gəlirlərinin xərclənməsi, xüsusilə Neft Fondlarının fəaliyyəti baxımından Azərbaycanı sürəkli olaraq Norveçlə müqayisə edənlər vurğulayırlar ki, Oslodan fərqli olaraq Bakı "uğursuz investisiya siyasəti yürüdür və bu səbəbdən də ölkədə qeyri-neft sektoru inkişaf etmir, neft və qaz satışlarından əldə olunan pullar küləyə sovrulur".
İlin əvvəlindən bəri qlobal maliyyə bazarlarındakı böhranın Azərbaycandan yan keçməməsini nəzərə almaq istəməyənlər inadla onu da vurğulayırlar ki, Bakıdan fərqli olaraq, Oslonun neft gəlirlərinin paylaşması siyasətində heç bir səhvlər yoxdur və böhranın nəticələri də az qala mikroskopikdir. Yumşaq desək, belə deyil.
Norveçin baş naziri Era Solberqin dediyinə görə, ölkə 2000-ci ildən bəri neft-qaz sektorunda gəlirlərin ən böyük azalmasına məruz qalıb. Bu sahədə çalışanların 20 min nəfəri artıq işsiz qalıb. Ümumiyyyətlə isə, Norveçdə işsizlik səviyyəsi son 11 il ərzində ən yüksək həddə - 4,3 faizə çatıb.
Norveçin milli valyutası ilin əvvəlindən bəri 9 faiz ucuzlaşıb və dəyərin azalması sürətlə davam edir.
Azərbaycanın Dövlət Neft Fondunun açıqladığı statistikaya görə isə, ölkəmizin qlobal maliyyə böhranı, habelə enerjidaşıyıcılarının ucuzlaşması nəticəsində məruz qaldığı itkilər katastrofik deyil.
Əksinə, Fond vəsaitlərin çevik, mütəhərrik idarə olunması sayəsində qaçılmaz itkiləri minimuma endirib.
Bundan başqa, bir sıra ölkələrdə yaxın perspektivdə ciddi gəlir vəd edən şirkətlərin qiymətli kağızları ilə rentabellik səviyyəsi, yüksək obyektlərə investisiyalar gücləndirilib.
Okeanın o tayı
Dünyanın ən qüdrətli iqtisadiyyatına malik ABŞ-da da durum ağırdır.
Nüfuzlu "Gallup"un keçirdiyi son sorğunun nəticələrinə görə, Birləşmiş Ştatlarda istehlak xərcləri ötən ilin avqust-sentyabr ayları ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. İnflyasiya isə əksinə, daha da artıb.
Bahalaşma 4 aydır ki, davam edir və bu proses maaşların azalması, iş yerlərində genişmiqyaslı ixtisarlarla müşayiət olunur.
Məşhur "Zero Hedge" portalı isə bildirir ki, ABŞ-da işsizlik səviyyəsi rekord həddə çatıb. Əmək qabiliyyətinə malik amerikalıların 94 milyon nəfəri heç bir yerdə işləmir və onlar iqtisadi baxımdan aktiv vətəndaşlar sayıla bilməzlər.
"Rəsmi Vaşinqtonun yürütdüyü federal maliyyə-kredit siyasəti uğursuzluğa düçar olub. Dünya bazarlarında xam neftin və təbii qazın ucuzlaşmasına yönəlmiş "oyun" Ağ Ev üçün tam tərsinə nəticələr verdi. 2015-ci ilin sadəcə avqust ayında 698 min amerikalı iş yerlərini itiriblər", - "Zero Hedge" vurğulayıb.
Belədə Azərbaycandakı durumu az qala "maliyyə uçurumu" kimi dəyərləndirən bədxahlar nədənsə unudurlar ki, neft və qaz satışlarından əldə olunan gəlirlərin azalmasına rəğmən, Dövlət Neft Fondu sərmayə istiqamətləri ilə investisiya obyektlərinin seçimində səhvlərə yol verməyib.
Təbii, yatırımlardan əldə olunan gəlirlər azalıb: lakin bunun səbəbi avro və dolların kurslarının sürəkli dəyişməsindən tutmuş, Çin yuanının dünya valyutalarına olan kursundakı sarsıntılaradək ən müxtəlif obyektiv səbəblərdir.
Reallıq odur ki, iqtisadi böhrana, regionda və qlobal miqyasdakı siyasi problemlərə, maliyyə bazarlarındakı sarsıntılara rəğmən Azərbaycan bölgə dövlətləri arasında, gerçəkdən də, stabillik adası sayıla bilər.
Bu, Azərbaycanın planlı şəkildə həyata keçirdiyi layihələrin və ən başlıcası, iqtisadi modelin işlək olması ilə yanaşı, perpsektivdə ciddi uğurlar vəd etdiyini göstərir.
Dünya bazarlarında xam neft və təbii qazın qiymətlərinin ucuzlaşmasına rəğmən, Azərbaycan enerjidaşıyıcılarının Avropa bazarına çıxarılması marşrutlarının artırılması, "qara qızıl" və "mavi yanacaq" satışlarının həcminin böyüdülməsinə yönəlmiş layihələri zərrə qədər gecikmə, təxirəsalma olmadan reallaşdırır.
Eyni zamanda qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını gücləndirilməsi və ölkədə münbit investisiya mühitinin formalaşmasına yönəlmiş konkret, əhəmiyyətli addımlar atılır.
İdxaldan asılılıq səviyyəsinin azaldılaraq ixrac potensialının yüksəldilməsinə yönəlmiş qərarlar və xüsusilə də son aylarda bank-maliyyə sektorundakı nöqsanların aradan qaldırılması məqsədi güdərək ilk baxışdan cərrahiyyə əməliyyatlarını xatırladan olaylar Azərbaycanda kredit bazarının inkişafı üçün önəmli məqamlar sayıla bilər.
Sadalanan addımlar manatın məzənnəsinin tənzimlənməsi, ABŞ dolları və avronun kurslarındakı ləngərlərin milli valyutaya mənfi təsirlərinin azaldılması Azərbaycanda makroiqtisadi sabitliyi formalaşdıran amillər arasındadır.
Azərbaycanın maliyyə sistemi və iqtisadiyyatının kənardan neqativ təsirlər asılılığı son illər ərzində qətiyyətlə, iradəli şəkildə azaldılır. Məqsəd bəllidir: ölkə büdcəsinin gəlirlərinin formalaşmasında neft və qaz satışından gələn pulların ümumi həcmi əhəmiyyətli ağırlıq təşkil etməməli, qeyri-neft sektoru inkişaf etdirilməli, ölkəmiz bölgədə investisiyalar baxımından ən cazibədar, stabil məkana çevrilməlidir.
Bu isə yeni iqtisadi uğurların zəmanəti olmaqla yanaşı, inkişafın və tərəqqinin təməli, rəhnidir.
Orxan Hun
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53