Natiq Əliyev rəqiblərinə qalib gəlir
13:10 12-09-2015
İQTİSADİYYAT
"Azərenerji"nin Energetika Nazirliyinə verilməsi qətiləşir
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) tamamilə ləğv oluna bilər. Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, hökumətdə "Azərenerji"nin taleyi ilə bağlı iki variant uzun müddət müzakirə mövzusu olub: "Bunlardan biri Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun özəlləşdirilməsi, digəri isə onun Energetika Nazirliyinin tabeliyinə keçirilməsi idi. "Azərenerji"nin səlahiyyətlərinin bir hissəsinin yeni yaradılan "Azərişıq"a verilməsindən sonra ilk variant arxa plana keçib. Pirverdiyevin qurumunun parlament seçkilərindən sonra start verilməsi gözlənilən islahatlar paketi çərçivəsində Energetika Nazirliyinə birləşdirilməsi böyük ölçüdə qətiləşib".
Məlumatı verən qaynaq xatırladıb ki, bu ilin fevralında "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən qərar verilib: "Həmin qərar Pirverdiyevin səlahiyyətlərinin əhəmiyyətli şəkildə azaldılması mənasına gəlirdi. Bundan sonra gözlənilən odur ki, "Azərenerji" ASC-dən İstehsalat Birliyinə çevrilsin və Energetika Nazirliyinin tabeliyinə verilsin. Etibar Pirverdiyev uzun müddət rəhbərlik etdiyi qurumun güc itirməsinə qarşı müqavimət göstərib. Amma onun özü istər maliyyə, istərsə də səlahiyyət baxımından zəiflədildikdən sonra artıq bu müqaviməti davam etdirmək iqtidarında deyil. Odur ki, payızda "Azərenerji"nin Natiq Əliyevin rəhbərlik etdiyi nazirliyin tabeliyinə verilməsi heç kim üçün sürpriz olmamalıdır".
Mənbə qeyd edib ki, N. Əliyevlə E. Pirverdiyevin arasında soyuqluq olduğu kimsəyə sirr deyil: "Bir müddətdir onların arasında sərin küləklər əsir. Bu soyuqluğun yaranması isə məhz "Azərenerji"nin Energetika Nazirliyinin balansına keçirilməsi variantının ortaya çıxdığı dövrə təsadüf edir. Ona görə də "Azərenerji" Natiq Əliyevin tabeliyinə keçərsə, ASC-dən İstehsalat Birliyinə çevriləcək qurumun rəhbərinin dəyişdiriləcəyi də şübhə doğurmur. Belədə isə Etibar Pirverdiyevin işsiz qalacağını əminliklə söyləmək olar".
Xatırladaq ki, "Unikal" qəzeti hələ bir neçə ay əvvəl "Azərenerji"nin tamamilə ləğv ediləcəyi barədə məlumat yaymışdı. O vaxt Pirverdiyevin rəhbərlik etdiyi ASC-nin özəlləşdirmə ehtimalının yüksək olduğu bildirilirdi.
Amma belə görünür, sonradan proseslərin inkişaf istiqaməti dəyişib və adıçəkilən qurumun Energetika Nazirliyinin balansına keçirilməsi variantına üstünlük verilib. Bu isə Natiq Əliyevin təkcə Pirverdiyevlə yox, həm də ARDNŞ prezidenti Rövnəq Abdullayevlə mübarizədən qalib çıxması anlamına gəlir.
Məsələ burasındadır ki, ARDNŞ rəhbəri hələ uzun müddətdən bəri idi "Azərenerji"ni öz nəzarətinə keçirməyə çalışırdı, buna görə də o, sözügedən ASC-nin nə özəlləşdirilməsində, nə də Energetika Nazirliyinə verilməsində maraqlı deyildi. O, "Azəriqaz"la bağlı olduğu kimi, "Azenerji"nin də ARDNŞ-in tabeçiliyinə verilməsi yönündə iş aparırdı.
Əgər indi Pirverdiyevin qurumu həqiqətən də Energetika Nazirliyinə tabe ediləcəksə, o zaman bu N. Əliyevin Rövnəq Abdullayevlə uzun zamandır davam edən mübarizədən də qalib çıxmasını söyləməyə əsas verəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53