Hesablama Palatası bəzi məmurları şoka saldı
13:10 12-09-2015
İQTİSADİYYAT
Hansı vəzifəlilər dövlət vəsaitlərini talan edirmişlər?
Azərbaycanda dövlət vəsaitlərinin istifadəsi ilə bağlı bəzi çatışmazlıqlar var. Bəzi təşkilatlarda artıq əməkhaqlarının yazılması, eləcə də alınan malların və xidmətlərin dəyərinin şişirdilməsi halları aşkar edilib. Bəzi dövlət təşkilatları dövlət satınalmaları həyata keçirərkən lazımi qaydalara əməl etmir, bəziləri isə tenderlərdən yayınmaq üçün müqavilələri bir neçə yerə bölürlər. Bu barədə Hesablama Palatasından məlumat verilib.
Belə ki, Palata 2015-ci ilin ilk 6 ayı ərzində kənar dövlət maliyyə nəzarətinin təmin olunması ilə bağlı həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Bu haqda məlumatda bildirilir ki, 2015-ci il üzrə İş planına əsasən ilk yarım ildə 58 nəzarət tədbiri başlanıb, eləcə də, 34 nəzarət tədbirinə yekun vurulub. Nəzarət tədbirlərindən 1-i dövlət büdcəsinin gəlirləri ilə yanaşı xərclərini, 1-i dövlət büdcəsinin xərcləri ilə birgə dövlət zəmanəti ilə alınmış kreditlər üzrə vəsaitləri, 29-u dövlət büdcəsinin xərclərini, 2-si Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitlərini, 1-i Dövlət Neft Fondunun (ARDNF) büdcəsini əhatə edib. Nəzarət tədbirlərinin əhatə etdiyi vəsaitin 52,5%-ni cari xərclər, 47,5%-ni əsaslı xərclər təşkil edib.
Palata bildirir ki, ötən illər üzrə qəbul olunmuş qərarların icrasının davamı olaraq və 2015-ci ilin hesabat dövründə görülmüş tədbirlərin nəticəsi kimi ümumilikdə 1564,3 min manat dövlət vəsaitinin bərpası təmin edilib. Bu ötən il üzrə müvafiq göstəricidən 5,2% çoxdur. Hesablama Palatası bildirir ki, ortaya çıxan əsas nöqsanlar artıq əmək haqqının ödənilməsi, təmir-tikinti işlərinin dəyərinin şişirdilməsi və maddi dəyərlililərin çatışmazlığı ilə bağlı olub. Məlumatda bildirilir ki, əmək haqlarının hesablanması və ödənilməsi zamanı artıq ödəmələr yol verilib, vakant ştatlar hesabına qanunvericilikdə nəzərdə tutulmayan ödənişlər edilib, nəzərdə tutulmadığı halda artıq əlavələr, maddi yardım və mükafatlar verilib.
Təmir-tikinti sahəsində isə pozuntular fərqlidir. Bəzi hallarda görülmüş işlər faktiki başa çatmadığı halda onlar təsdiq edilib, eləcə də, layihə-smeta sənədlərində nəzərdə tutulan inventar və avadanlıqlar tam təhvil verilməyib. Digər pozuntular tikinti obyektlərinin təhvil verilməsi müddətinə əməl olunmamasıdır. Hesabat dövründə təhvil verilməmiş 1 milyon 309,1 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilib.
Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib.
Hesablama Palatsı bildirir ki, nəzarət tədbirləri nəticəsində ortaya çıxan pozuntuların bir hissəsi dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və tələblərinin pozulmasına aiddir. Belə ki, 2015-ci ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatə etdiyi satınalmaların ümumi məbləği 885 milyon manat olub. Araşdırma zamanı məlum olub ki, 9,8 milyon manatlıq satınalma lazımi prosedurları tətbiq edilmədən həyata keçirilib. 3,3 mln. manatlıq satınalmada isə ümumi məbləğ məhdudiyyəti aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.
Hesablama Palatasının apardığı araşdırmalar başqa bir çatışmazlığı da aşkar edib. Belə ki, satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunduğu məlum olub. Eləcə də, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələr qalib elan olunaraq onlarla satınalma müqavilələri bağlanıb. Bundan başqa, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları da baş verir. Hesablama Palatası dövlət satınalmalarında rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etdiyini bildirir. Palata qeyd edir ki, birmənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda büdcə vəsaitlərinə qənaət edilməyib: "Satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilib".
Palatanın nəzarət tədbirləri nəticəsində məlum olub ki, bəzi müəssisələr üzrə debitor borcları müqavilə şərtlərinə uyğun aparılmır. Bəzi hallarda isə hətta zəmanət müddəti bitmiş debitor borcların mövcud olması aşkarlanıb. Bu isə ümidsiz debitorların yaranmasına səbəb olub. Eyni zamanda, nəzarət tədbirləri zamanı bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verildiyi də aşkarlanıb.
Göründüyü kimi, Hesablama Palatasının məlumatında kifayət qədər ciddi korrupsiya hallarından, yeyintilərdən bəhs olunur. İstisna edilmir ki, aşkarlanan ciddi faktlar bir sıra məmurlara qarşı ciddi başağrısı yaratsın.
Mümkündür ki, Palata dövlət vəsaitlərinin faktiki olaraq bir sıra vəzifəli şəxslər tərəfindən talan edildiyinə dair aşkarlanan hallarla bağlı ciddi ölçü götürülməsini istəsin və bununla bağlı aidiyyatı qurumlara, o cümlədən, Baş Prokurorluğa müraciət etsin. Belədə isə bir sıra məmurların həbsinin sanksiyalaşdırılması qaçılmaz ola bilər.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53