Milli Məclis Avropa Parlamentini sərt tənqid etdi
11:17 15-09-2015
İQTİSADİYYAT
Deputatlarımız ağır ittihamlarla çıxış etdilər; Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə görə etiraz sənədi qəbul olundu
Azərbaycan Milli Məclisinin ötən gün keçirilən iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə bağlı müzakirə aparılıb. MM-in Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu təxribat dolu qətnaməyə uyğun cavab verilməlidir.
O qeyd edib ki, əslində bu qətnamə ilə Avropa Parlamenti özünə ciddi zərbə vurub: "Bundan sonra onların deyəcəyi sözlərin, verəcəkləri vədlərin heç bir əhəmiyyəti yoxdur. Onlar müstəqil dövlətə qarşı belə bir addım atdılar. Mən bir faktı deyim. Bu sənədin təşəbbüskarlarından biri Azad Avropa Alyansında təmsil olunur. Həmin alyansın deputatları Dağlıq Qarabağda fəaliyyət göstərən "Artsax Demokratik Partiyası"nı öz sıralarına qəbul ediblər. Biz öz sözümüzü deməliyik".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iyul ayında prezident Avropa Parlamenti ilə əməkdaşlığın yeni konsepsiyasını hazırlamaq barədə tövsiyə verib: "Bu gün toplaşmağımız bu baxımdan da əhəmiyyətlidir. İlk dövrdən Avronest Parlament Assambleyasının niyyəti bizə şübhəli gəlirdi. Bu qurum yarananda biz təklif edirdik ki, onun fəaliyyət sahəsinə münaqişəli zonalar məsələsini də salaq, ancaq dedilər ki, yox, biz mədəniyyət və başqa istiqamətdə əməkdaşlıq edəcəyik. Lakin sonradan Ukrayna problemi ilə bağlı məsələni gündəmə saldılar. İndi Azərbaycanı korrupsiyada ittiham edirlər. Bizim hüquq- mühafizə orqanları həbs edilən şəxslərlə beynəlxalq donorlar arasında əlaqələri bir qədər də araşdırsalar, bəlli olar ki, son zamanlar qətnamə qəbul edən, danışan avropalı deputatlar da bu prosesdə var, onlar da ifşa olunur. Bizim üçün Azərbaycan xalqının fikirləri, seçkilərdə mövqeyi vacibdir. Biz Azərbaycanla münasibətləri olan Avropa İttifaqı ölkələrinin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir. Hesab edirəm ki, bundan sonra da Azərbaycanda Heydər Əliyev siyasəti davam edəcək".
"Avropalılar gəlib
seçkinin necə
keçirildiyini
bizdən öyrənsinlər"
Siyavuş Novruzov qeyd edib ki, son iki ildə Avropa Parlamentinin qərəzli qətnamələrinin şahidi olub: "Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər. Avropa Parlamentinin son qətnaməsinin 10-cu maddəsində yazılıb ki, Leyla və Arif Yunusun həbs olunması işğalçı dövlətlə Azərbaycan gəncləri arasında münasibət yaradılmasına görədir. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. Onlarla bizim milli satqınlar şurası birgə fəaliyyət göstərir. Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir milli satqınlar şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar, sabah qrant aldıqlarının Azərbaycanla bağlı verdiyi bəyanatlarda özlərini element kimi görmək istəyirlər. Avropalılar gəlib Azərbaycandan tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğu öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanda iqtidar və xalq birdir".
Vahid Əhmədov bildirib ki, Avropa Parlamenti bütün Avropa demək deyil və Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələri var: "Hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır. Xüsusilə Azərbaycanın əleyhinə olan qüvvələrlə işləri daha da genişləndirmək lazımdır".
V. Əhmədovun çıxışına sədr Oqtay Əsədov reaksiya verib: "Biz demirik ki, Avropa ilə əlaqəni kəsirik. Bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yoxdur. Həmin parlamentin sədri Şults Avropa Oyunları ərəfəsində göstəriş vermişdi ki, Azərbaycana rəsmi, ya da qeyri-rəsmi səfər edilməsin. Sonradan qətnamənin əleyhinə olan 202 deputatın çoxu bizə zəng edib gələ bilmədikləri üçün üzrxahlıq etdilər".
"Qətnamə Azərbaycan ordusunun
fəallaşması ilə bağlıdır"
Qüdrət Həsənquliyev deyib ki, bu qətnamə həm də Azərbaycan ordusunun son zamanlar fəallaşması ilə bağlıdır: "Bu qətnaməni hazırlayanlar ermənipərəst şəxslərdir, onlar daha çox Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan müxalifəti yetkin deyil. Bu gün milli satqınlar şurası deyilən qurum var. Onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropa onlara yaxın gələcək. Ancaq Avropa da bilir ki, onlar satqındırlar. Son prezident seçkilərində İrana yaxın şəxslərlə bir araya gəldilər, Milli Şuranın ilk iclasında elan etdilər ki, xarici siyasəti referendum vasitəsilə müəyyən edəcəklər. Bu insanlardan zaman-zaman istifadə ediblər. Onlar hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlıq edərlər. Bu qətnamədə 1 milyon qaçqınla bağlı bir müddəa yoxdur".
Q.Həsənquliyev qeyd edib ki, Avropa Komissiyasının Avropa Parlamentin bu qətnaməsindən sonra hansısa qərarlar qəbul edəcəyini gözləmir: "Əgər belə qərar olacaqsa, biz Avropa Komissiyası ilə də münasibətlərimizə baxmalıyıq. İndi hesab edirəm ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıyıq. Biz Milli Məclisdə qəbul ediləcək qərarı dəstəkləyəcəyik. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır".
Avropa Azərbaycana təzyiq etməyə çalışır
"Avropa Parlamentinin qətnaməsi başdan ayağa Azərbaycan xalqına qarşı təhqirdir. Məsələn orada Rasim Əliyevin ölümünü jurnalistin siyasi qətli kimi qələmə verirlər. Amma bu düzgün deyil. Çünki Rasim Əliyev jurnalist olmayıb, o, operator idi". Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O qeyd edib ki, R.Əliyevin Azərbaycanda hakimiyyətə qarşı ciddi iradı da olmayıb. Deputatın sözlərinə görə bütün Avropa hakimiyyətlərində qüsurlar var: "Amma bizə yanaşmada daha qərəzli münasibət sərgiləyirlər. Onların bu münasibətini gizlətmək mümkün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian-müsəlman davasının elementləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyirlər. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyənlər mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır, amma bu, çoxlarına sərf etmir".
"Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunlar Azərbaycanın beynəlxalq imicini ləkələməyə çalışırlar. Yalandan iddia edirlər ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunlar özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar". Bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, Milli Məclisdə olan KİV nümayəndələrinə müraciət edərək "burada onlarla jurnalist var, indiyədək hansınıza deyilib ki, bunu yazmayın, onu yazın?" deyə soruşub: "Mən deyim. Olmayıb. Əgər belə bir hal olsaydı, hər halda deyilərdi. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır".
Z.Əsgərov Avropa Parlamentinin rəhbəri Martin Şultsu korrupsiyada ittiham edərək bildirib ki, onun ədalətdən danışmağa, Azərbaycanda nöqsan axtarmağa haqqı yoxdur. Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z. Əsgərov deyib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: "Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. Minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir?! Burada da milli satqınlar Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu, mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var".
Rəsmi qərar:
"Azərbaycana şər atılır"
Daha sonra çıxış edən digər deputatlar da Avropa Parlamentinin qətnaməsini sərt tənqid ediblər. Milli Məclisin sədri Oqtay Əsədov isə aşağıdakıları bildirib: "Azərbaycan olaraq biz Avronestdə Dağlıq Qarabağa aid olan bir dənə də sənədi imzalatdırıb, müzakirə olunan məsələlərin arasına sala bilmədik. Bu təşkilatda bizim iştirakımız bizə nə verir? Həmin təşkilatda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Hesab edirəm ki, Nazirlər Kabinetinə müraciət etməliyik ki, "Şərq Tərəfdaşlığı" Proqramına yenidən nəzər salsın".
Milli Məclisin növbədənkənar iclasının sonunda Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə etiraz olaraq qərar qəbul edilib. Qərarda qeyd edilir ki, Avropa Parlementinin 2015 -ci ilin sentyabrın 10-da qəbul etdiyi qətnamə son dərəcə təhqiramiz xarakter alıb. Siyasi hakimiyyətə şər və böhtan atılmış, tərəfdaşlıq münasibətlərini sarsıdılmış, Azərbaycanı Avropadan inteqrasiyadan təcrid etməyə yönəlib. Avropa Parlamenti ötən ilin formalaşan yeni tərkibindən sonra sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulmuşdur. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. M. Şults ələbaxan qrupların fəıaliyyətinə göz yumur. İndi Avropada davam edən mühacir problemi irqçilik və ksenefobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl "Çıraqov qardaşları" ilə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib.
İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli məclis Avropa Parlamentinin nəızərinə çatdırırı ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək. Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
-Pozucu fəaliyyətlərə son qoyulsun
- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin
- Azərbaycana qarşı konstruktiv addınlar atılsın
- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətinin qarşısı alınsın
- Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın
-Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlament üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun
Qərar səsə qoyularaq qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53