"Qələmi qırılan" nazir işə çıxmır
11:18 15-09-2015
İQTİSADİYYAT
Ziya Məmmədov haqqında yeni şok xəbər var
Son günlər mətbuatın bir nömrəli müzakirə mövzusu nəqliyyat naziri Ziya Məmmədov, daha doğrusu, onun ətrafında cərəyan edən hadisələrdir. Bu hadisələrdən görünən odur ki, nəqliyyat naziri tədricən "çökdürülür". Bir tərəfdən səlahiyyətləri əlindən alınan Məmmədov, digər tərəfdən biznesini itirir, ən əsası isə artıq o rəsmi protokldan da kənarda qalmağa başlayıb.
Xatırlatma üçün nəqliyyat naziri ilə bağlı üç önəmli xəbərə qısaca göz ataq. Əvvəlcə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsinin ASAN xidmətə tapşırılması barədə ölkə başçısının imzaladığı fərman Ziya Məmmədovun yaxın zamanlarda vəzifədən çıxarılacağı barədə xəbərləri yenidən aktuallaşdırdı. Həmin fərmanla nəqliyyat nazir taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi kimi külli miqdarda gəlirli bir sahəni faktiki itirmiş olub.
Bunun ardınca iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə ölkə başçısı Ziya Məmmədovun rəhbərlik etdiyi sahəyə dair kəskin iradlarını bildirib. Prezident deyib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var, insanları incidirlər: "İnsanların qarşısında əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini "Asan xidmət"ə vermişik".
Bundan başqa, sentyabrın 10-da məlumat yayılıb ki, Bakıda "Transgate" MMC-yə məxsus bütün marşrut avtobusları xətdən kənarlaşdırılıb. Şirkətə məxsus marşrut xətləri isə başqa daşıyıcılara verilib. "Transgate" MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib. Nəqliyyat nazirinin yaxın ətrafına bağlı olan "Transgate" faktiki şəhər nəqliyyatından uzaqlaşdırılıb.
Elə həmin gün virtualaz.org saytının mötəbər qaynaqlardan əldə etdiyi məlumata görə Məmmədovların daha bir biznes aktivi - Qubadakı "Rixos Quba" oteli də əllərindən alınıb. Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçdiyi bildirilib.
Ziya Məmmədovun ətrafında son günlərdə cərəyan edən ilginc proseslər bununla da yekunlaşmır. Nazir, ölkə başçısının iştrakı ilə keçirilən Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak etməyib. Məlumata görə, Ziya Məmmədov mərasimə sadəcə olaraq dəvət olunmayıbmış. Ümumiyyətlə, nəqliyyat nazirinin son aylar dövlət səviyyəli digər tədbirlərə də çağırılmadığı deyilir.
Bütün bunların fonunda artıq Ziya Məmmədov üçün "yolun sonunun" göründüyünə dair iddialar daha da qüvvətlənib. İş o yerə çatıb ki, artıq mətbuatda Nəqliyyat Nazirliyinin ləğvi məsələsi müzakirə olunur. Əksər ekspertlərin fikri ondan ibarətdir ki, sərnişindaşıma nəqliyyatı, yol infrastrukturunun idarəçiliyi və s. kimi məsələlər şəhər bələdiyyələri tərəfindən idarə olunmalıdır.
Bu cür müzakirələrin getdikcə intensivləşməsi də artıq Ziya Məmmədovun "portfelsiz" qalacağının ilkin işarələri kimi qəbul edilir.
Dünən isə redaksiyamıza nəqliyyat naziri ilə bağlı yeni ilginc məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Ziya Məmmədov artıq bir neçə gündür işə çıxmır. Bunun səbəbi konkret bəlli deyil, ola bilsin, ya nəqliyyat naziri bununla onun "divara sıxışdırılmasından" incikliyini biruzə verir, ya da artıq vəzifəsini itirmə reallığı ilə barışdığı üçün işə çıxmaqda həvəssizdir.
Nəqliyyat Nazirliyinin aparatından zənglərimizə cavab verən şəxs də özünü təqdim etmədən Ziya Məmmədovun iş başında olmadığını nə təstiq,nə də təkzib edib. O, əlavə suallara cavab vermək istəməyib.
Bir sözlə, Azərbaycanın ən qüdrətli oliqarx-məmurlarından biri üçün "siyasi qürub" artıq başlanılıb. Bircə qalır bunun nə vaxt rəsmiləşəcəyi. Görünən odur ki, artıq həmin günü də çox gözləmək lazım gəlməyəcək.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53